Ermənistan və Xankəndidəki separatçı rejimin qalıqları Azərbaycanın Qarabağ bölgəsinin “blokadası” ilə bağlı əsassız iddiaları ilə beynəlxalq şou yaratmağa çalışır, məsələyə siyasi don geyindirməkdə davam edirlər. İrəli sürülən iddialar əsassız olsa da, rəsmi İrəvan havadarlarının köməyi ilə hər vəchlə məsələni gündəmdə saxlamağa çalışır. İttihamların yalan və çirkin erməni kampaniyasının tərkib hissəsi olduğunu sübut edən çoxsaylı faktlar ortadadır. Məsələn, artıq neçə gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə ərzaq məhsulları çatdırmağa çalışsa da, bu yük hələ də yolda qalıb və Rusiya sülhməramlı kontingentinin nəzarətində olan əraziyə girişi gözləyir. Separatçı kəsim isə “acından ölərik, türkdən ərzaq qəbul etmərik” kimi şovinist fikirlər tirajlayır.
Bütün bunlara rəğmən, ermənilərin hay-küy kampaniyasına dəstək verənlər tapılır. Onlar bu dəfə torlarına Avropa Yaşıllar Partiyasını salmağa müvəffəq olublar. Qurumun yaydığı bəyanatda iddia olunub ki, Azərbaycan Laçın yolunda Qarabağa "humanitar yardım" göstərilməsini bloklayır. Təşkilat vəziyyətin kritik olduğunu, rəsmi Bakının insan hüquqlarını pozduğunu iddia edib. Erməni təbliğatının növbəti şantaj kampaniyasına qoşulan qurum bölgədə vəziyyətin ağır olduğunu sübut edən heç bir fakt təqdim etmir. Bəli, ola bilsin müəyyən çətinliklər var. Lakin bunu kim yaradıb? Separatçılar və onların havadarları. Adi bir misal, təkcə bu gün "Laçın" sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində erməni sakinləri daşıyan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi keçib. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Adıçəkilən partiyanın bölgədə birtərəfli qaydada, heç bir alternativ mənbəyə istinad etmədən bəyanat yaymaqla qərəzli və obyektivlikdən uzaq olduğunu bu yaxınlarda Rusiya mediası da təsdiq edib. Lakin təəssüf ki, “Novoe vremya” qəzetinin bununla bağlı hazırladığı məqalə çox keçməmiş erməni lobbisinin təzyiqi ilə saytdan yığışdırılıb. Halbuki, sosial şəbəkələrdə yayılan foto və videolardan aydın olur ki, Qarabağda həyatdan zövq alan və heç bir çətinlik çəkmədən yaşayan ermənilər var. Müəyyən problemləri həll etmək üçün Azərbaycan dəfələrlə Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif etsə də, səyləri nəticəsiz qalıb.
Görünən odur ki, Ermənistan Laçın yolunun BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması və Qarabağın erməni əhalisinin “humanitar böhran” yaşaması iddiası puç olduqdan sonra növbəti dəstək kampaniyasına başlayıb və toruna da heç bir təsir gücü olmayan Avropa Yaşıllar Partiyasını salmağa müvəffəq olub. Bu qurum anlamır ki, Qarabağda bugünkü "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir. Ermənistanın indi bütün dünyada başlatdığı kampaniya Azərbaycanı ləkələmək və onu bütün mümkün günahlarda ittiham etmək, eləcə də humanitar çətinliklərlə bağlı manipulyasiya etmək üçün taktiki addımdır.
Qeyd edək ki, Avropa Yaşıllar Partiyası 2004-cü ildə Avropa Yaşıllar Partiyası Federasiyası bazasında təsis edilib. Əsasən, ətraf mühitin mühafizəsi, ekoloji təmizlik üzrə fəaliyyətini qurub. Bu qurum Azərbaycanın işğaldan azad olunan bölgələrində ekoloji vəziyyətlə bağlı bir dəfə də olsun bəyanat və yaxud Ermənistanı qınayan fikir ortaya qoymayıb. Əvəzində isə Azərbaycan və Türkiyəni hədəfə alaraq insan hüquq və azadlıqları sahəsində problemləri qabardıb. Təşkilat bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına isə tamamilə göz yumub.
“Yaşıllar”ın iş fəaliyyətində Türkiyə də xüsusi rol oynayıb. Dəfələrlə rəsmi Ankaranın sərt tənqidi ilə yadda qalıblar, PKK terror təşkilatına qarşı mübarizəni pisləyən bəyanatlarla seçiliblər. Məsələn, Avropa Yaşıllar Partiyasının həmsədri Melani Foqel və partiyanın tanınmış simaları Mina Cek Tolu, eləcə də Vula Testsi Türkiyə hökumətini ölkə daxilində və kənarda kürd icmasına təzyiq göstərməkdə ittiham etməkdən də çəkinməyib. Qərəz o həddə çatıb ki, PKK terror təşkilatının siyasi qanadı HDP-yə dəstək verən Səlahəddin Dəmirtaşın azadlığını tələb edib. Təşkilat təmsilçiləri, həmçinin, son prezident və parlament seçkiləri ərəfəsində isə xalqın indiki hakimiyyəti dəstəkləmədiyini iddia edərək ona qarşı əks kampaniyaya start vermişdilər.
Görünən odur ki, erməni lobbisindən yemlənən bu partiya ümid edir ki, ermənilərin maliyyə dəstəyi ilə uğur qazanacaq. Elə olmasaydı, ortaya heç bir fakt qoymadan, birtərəfli ittihamlarla çıxış etməyə çalışmazdılar.