Erməni təhlükəsinə qarşı Rusiya bitərəfliyi

Erməni təhlükəsinə qarşı Rusiya bitərəfliyi İkinci Qarabağ müharibəsi bir çoxları üçün gözlənilməz oldu. Hələ son vaxtlaradək “bir qarış torpağı qaytarmarıq”, “Qarabağ Ermənistandır vəssalam”, “tanklarımızı Bakıya sürərik” kimi lovğa açıqlamalar verən düşmənin cəmi 44 gün ərzində darmadağın olunara
Analitika
23 Dekabr , 2020 16:43
Erməni təhlükəsinə qarşı Rusiya bitərəfliyi

İkinci Qarabağ müharibəsi bir çoxları üçün gözlənilməz oldu. Hələ son vaxtlaradək “bir qarış torpağı qaytarmarıq”, “Qarabağ Ermənistandır vəssalam”, “tanklarımızı Bakıya sürərik” kimi lovğa açıqlamalar verən düşmənin cəmi 44 gün ərzində darmadağın olunaraq ordusunun böyük hissəsini itirməsi, az qala, bütün hərbi texnikalarının məhv edilməsi, uzun illərdir inşa edilən topdağıtmaz istehkamlarından süpürülüb atılması bütün Azərbaycanda çoxdandır görünməmiş qələbə sevincinə, Ordumuz üçün haqlı iftixar hisslərinin coşmasına səbəb oldu.

Müharibə Azərbaycan ərazisində gedirdi

Böyük dövlətlərin əvvəllər olduğu kimi hadisələrə müdaxilə etməsini, işğaldan azad olunan torpaqların həqiqi sahiblərinə qaytarılmasını əngəlləmələrini bu dəfə görmədik. Böyük Britaniya bütövlükdə sukut etdi, ABŞ-ın başı seçkilərdən açılmadı, Avropa İttifaqı və üzv ölkələri hərbi əməliyyatlardan narahat olduqlarını bildirərək atəşkəs çağırışları ilə kifayətləndilər. Yalnız Fransa açıq-aşkar ermənipərəst mövqeyilə diqqət çəksə də, müharibəni dayandırmaq üçün yenə də elə bir qəti addım atmadı. Bütün bunlarla yanaşı, Rusiyanın bitərəf mövqeyi Azərbaycan ictimaiyyəti üçün əsl möcuzə oldu. Rusiya prezidenti Vladimir Putin Ermənistan tərəfindən müttəfiqlik öhdəliklərinə dair səsləndirilən iddiaları şərh edərək KTMT şərtlərinə görə yalnız üzv ölkə hücuma məruz qalması halında müttəfiqlərin köməyə gəldiyini, lakin sözügedən müharibənin Azərbaycan ərazisində getdiyi üçün Rusiya tərəfindən Ermənistana hərbi yardım edilməsinin qeyri-mümkün olduğunu birmənalı şəkildə açıqladı.

Dünya erməni diasporunun bütün “zəhmət”i hədər getdi

Rusiyanın nüfuzlu erməni diasporu və lobbisi, o cümlədən bir sıra üzdə olan KİV-ləri hökumətə münaqişəyə müdaxilə etməsi üçün təzyiqlər göstərsələr də, baş tutmadı. Digər tərəfdən Birinci Qarabağ müharibəsində işğal olunmuş torpaqların artıq geri qaytarılmayacağı, erməni torpağı olması fikrinə köklənən Ermənistan cəmiyyəti üçün də bu dəfə baş verən məğlubiyyət həm gözlənilməz, həm də sarsıdıcı oldu.

ABŞ, Rusiya və Fransadakı güclü erməni lobbiləri uzun illərdir davam edən danışıqlar prosesində irəli sürülən bütün sağlam təşəbbüslərə qarşı çıxırdı. Onların niyyəti məsələni daha 30 il, 50 il uzadaraq vaxt qazanmaq, Qarabağdan didərgin salınan nəslin yox olmasını, həmin torpaqların Suriya, Livan kimi ölkələrdən erməni köçkünlərinin məskunlaşaraq burada kök salmalarını gözləmək, sonra isə bölgənin de-fakto erməni torpağı olduğunu əldə əsas tutaraq burada yaradılan qondarma qurumu bir təhər tanıtdırmaqdı.

Və bütün bu planlar cəmi ayyarım ərzində puç oldu, ilğıma döndü. Dünya erməni diasporunun “böyük Ermənistan” yolunda çəkdiyi bu qədər “zəhmət” hədər getdi.

Rusiyada ermənilərə qarşı narazılıq artır

Bu müharibədə Rusiyanın çoxlarını heyrətləndirən bitərəfliyinin səbəbləri barədə çox yazılıb, deyilib. Ehtimallar arasında Rusiyanın Türkiyə ilə razılığa gəlməsi, Qafqazdakı münaqişəyə bir daha qarışmaq istəməməsi, Ermənistanın qərbpərəst hökumətilə arasının korlanması və s. irəli sürülüb.

Bütün bunlarda, sözsüz ki, həqiqət payı var. Lakin çox vaxt diqqətdən kənarda qalan daha bir amil Rusiyada Ermənistan hökumətilə yanaşı, ermənilərin özünə qarşı da narazılığın artmasıdır. Belə ki, uzun illərdir Ermənistanda Qarabağ dəstəsini təmsil edən prezidentlər - Robert Köçəryan, Serj Sarqsyan iş başında ikən bütövlükdə Rusiyaya arxalanır, KTMT üzvlüyü, Gümrüdəki Rusiya hərbi bazasının da kölgəsində ölkə iqtidarı arxayın-arxayın işini görürdü.

Amma bir gün Nikol Paşinyanın başçılıq etdiyi müxalifət iqtidara gəldi. Əslində meydanlardan gələn bu şəxsin hökumət başçısı kürsüsündə çox qalmayacağını düşünənlər çox keçmədən səhv etdiklərini gördülər. N.Paşinyan hakimiyyəti saxlaya bilərək iki il ərzində şəxsən ona tabe olan idarəetmə qurumlarını yaratdı. Ölkədəki bütün siyasi qüvvələrlə dil tapmağı bacaran Nikol Paşinyan xarici diasporunun da dəstəyini qazandı. Onun C.Sorosun adamı olduğunu söyləyənlər də var.

Bütün bunlar öz yerində, lakin xarici diasporla bağlı olmaqla yanaşı, “Qara dənizdən Xəzər dənizinədək böyük Ermənistan” xülyasına qulluq etdiyini sübuta yetirməyən kimsənin Ermənistanda hakimiyyətə gəlməsinin mümkün olmadığı da unudulmamalıdır. Bu hədəfə çatmaq naminə böyük qurbanlar verməyə hazır olan dünya erməni diasporu əksər böyük dövlətlərdə nüfuzlu lobbilər yaradıb və hamısı da Tiqran imperiyasını daha böyük həcmdə bərpa etmək uğrunda səylə çalışırlar.

Erməni diasporunun bu məcrada Rusiyada da məqsədyönlü fəaliyyətinə qarşı son vaxtlar get-gedə narazılıq baş qaldırır. Son yarım əsrlik müddət ərzində Rusiya informasiya məkanının əhəmiyyətli qismi ermənilər tərəfindən “dinc yolla” ələ keçirilib. Erməni iş adamlarının vəsaiti hesabına saytlar, tele və radiokanallar açılaraq "saman altından su yeridir", həmin o erməni xülyasını həqiqətə çevirmək üçün gecə-gündüz çalışırlar. Dünya erməni lobbiləri tərəfindən maliyyə dəstəyi ilə ərsəyə gətirilən saysız-hesabsız filmlər, videolar və s. internetdə ayaq açıb yeriyir.

Rusiyanın media qurumlarına yeridilmiş erməni əsillilər arasında vaxtilə “Şən və Hazırcavablar Klubu” (KVN) “Yeni ermənilər” adlı komandasının üzvləri olmuşlar daha çox diqqət çəkir. Bunlardan biri TNT telekanalının baş direktoru Artur Canıbekyan Rusiya televiziya məkanında bir çox layihələrin rəhbəridir. Həmçinin 2005-ci ildə o və digər “Yeni ermənilər” “Comedy Club” adlı əyləncəli televiziya verilişinin əsasını qoydular.

Həmçinin erməni əsilli rusiyalı aktyor Ararat Keşyan bir sıra yerli teleseriallarda çəkilib, eyni zamanda “Zvezda” telekanalında tarixi veriliş apararaq yeri gələndə erməni xalqının “faciələri” barədə bəhs edir.

Rusiyanın erməni şəhər və qəsəbələri

Bəzi məlumatlara görə, hazırda Rusiyada 3 milyona yaxın erməni yaşayır. Son illər bu ölkənin bir sıra ən münbit, səfalı bölgələri olan Rostov vilayəti, Krasnodar və Stavropol diyarları get-gedə “erməniləşdirilir”, buralarda erməni qəsəbələri, hətta şəhərləri əmələ gəlir. Məsələn, orta və yaşlı nəsil nümayəndələrinin yaxşı xatırladığı, 80-ci illərdə SSRİ-nin ən böyük istirahət mərkəzi olan Soçi şəhəri də artıq erməni şəhərinə çevrilib. Həmçinin Şimali Qafqaz inzibati bölgəsində yerləşən Armavir, Minvod, Pyatiqorsk (Beştau – Beşdağ), Yesentuki kimi vaxtilə yerli xalqların yurdu olan, sonradan məşhur istirahət mərkəzinə çevrilmiş şəhərlərdə də çoxdandır ermənilər ağalıq edir. Üstəlik, iri şəhərlərdən olan vilayət mərkəzi Rostovda, hələ 2002-ci ilin məlumatına görə, 110 min erməni yaşayıb. Bu şəhərdə Naxiçevan (Naxçıvan) adlı bölgə var ki, orada ancaq ermənilər yaşayır. Rostov vilayətinin bir çox şəhərlərində də xeyli erməni əhalisi, sırf erməni kəndləri var. Vilayətdə erməni qəzetləri nəşr olunur, erməni mədəni dərnəkləri, erməni kilsəsi fəaliyyət göstərir. Vilayətin idarəetmə və hüquq-mühafizə orqanları, bank sektoru getdikcə erməni axınına uğrayır. Nüfuzu artan ermənilər qondarma erməni xülyasını həyata keçirməyi əngəlləyə biləcəyini düşündükləri hər kəsi müxtəlif yollarla sıxışdırıb sıradan çıxarırlar.

Rusiya ərazisində də erməni separatçılığı baş qaldıra bilərmi?

Rostov şəhərində bayaq qeyd edilən ermənilərin yaşadığı səmtə Naxçıvanla bağlı ad qoyulması da Azərbaycanın tarixi ərazisinə iddiaları açıq-aşkar büruzə verir. Daha bir maraqlı məqam: Rostovda ev tikdirən hər bir erməni mütləq tikilmə tarixini, ilini divar üzərində həkk etdirir. Yəni gələcəkdə Rostovu da “qədim erməni şəhəri” elan etmək üçün “dəlil”lər indidən hazırlanır. Görünür, bu ehtimalı yerli əhali də dərk edir, artıq ermənilərlə kazak əhali arasında bir neçə dəfə qarşıdurma yaranıb.

Rusiya Federasiyasında yaşayan xalqlar arasında ermənilər qədər mütəşəkkil və həmrəy, habelə adambaşına nüfuzlu nümayəndələri çox olan ikinci xalq yoxdur. Belə getsə, Şimali Qafqaz və ona qonşu bölgələrində hökmranlığı ələ alan ermənilərin “müstəqillik” elan etmələri, sonra da Ermənistana “qovuşma”ları heç də istisna deyil. Çox güman ki, İkinci Qarabağ müharibəsində Rusiyanın bitərəf qalmasında da bu ehtimalların müəyyən payı yox deyil.

Qarabağda məğlubiyyətə düçar olan erməni millətçiləri tarixi müttəfiqlərinə qarşı da eyni oyuna başlaya bilərlərmi? Bunu tarix göstərəcək.

Son xəbərlər

Orphus sistemi