Erməni müxalifəti və keçmiş siyasilərin demarkasiya yalanları - ŞƏRH

Erməni müxalifəti və keçmiş siyasilərin demarkasiya yalanları - ŞƏRH “Vətən uğrunda Tavuş” hərəkatının təşəbbüskarı, Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan günlərdir davam edən aksiyalarda nəticə əldə etmədiyi üçün yenidən Kirants kəndinə qayıtmaq qərarına gəlib. Hərəkatı genişləndirmək, nəticə əldə etmək üçün isə Qal
Analitika
21 May , 2024 17:14
Erməni müxalifəti və keçmiş siyasilərin demarkasiya yalanları - ŞƏRH

“Vətən uğrunda Tavuş” hərəkatının təşəbbüskarı, Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan günlərdir davam edən aksiyalarda nəticə əldə etmədiyi üçün yenidən Kirants kəndinə qayıtmaq qərarına gəlib. Hərəkatı genişləndirmək, nəticə əldə etmək üçün isə Qalstanyan bir sıra keçmiş siyasilərlə, erməni müxalifətinin müxtəlif simaları ilə görüşlər keçirir, onların dəstəyinə ümid edir. İş o həddə çatıb ki, erməni keşiş Ermənistanın kriminal avtoriteti “Don Pipo” ləqəbli şəxslə də görüşüb. Belə bir görüşün təşkili isə hərəkatın nəticə əldə etmək üçün ən çirkin yollara da əl atacağına işarədir. Srbazanla görüşən müxalifət və keçmiş siyasilər isə demarkasiya və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı cəfəng açıqlamalar verir, prosesin Konstitusiyaya uyğun olmaması, sözügedən kəndlərdə sakinlərə əvvəlcədən Kadastr idarəsi tərəfindən sənədlərin verilməsini əsas gətirirlər. Bəs əslində vəziyyət necədir? Əslində vəziyyət belədir ki, bir qrup keçmiş diplomat, siyasi və insan hüquqları müvəkilləri sərhədin demarkasiyası ilə bağlı əsassız şübhələr yaratmağa çalışırlar. Bunu artıq hətta erməni politoloqları və mütəxəssisləri də etiraf edirlər. Məsələn, Qor Tsraukyan və Vardan Poqosyan kimi erməni cəmiyyətində müəyyən nüfuza malik şəxslər yalanları ifşa etməkdən belə çəkinmirlər.

“Ümumerməni diplomatlar ittifaqı” adlı qrupun bu yaxınlarda dərc etdiyi bəyanat və mülahizələr əsassızdır və manipulyasiya xarakteri daşıyır. Qrupun əsas məqsədi isə demarkasiya prosesinin qanuniliyi ilə bağlı ictimai rəydə əsassız şübhələr yaratmağa hesablanıb.

Məsələn, bəyanatda bildirilir ki, Alma-Ata bəyannaməsi sərhədlərin müəyyən edilməsi və demarkasiya üçün əsas ola bilməz. Əslində isə Alma-Ata bəyannaməsi dövlət sərhədlərinin müəyyən edilməsi prinsiplərinə aiddir ki, bu da demarkasiya prosesində əsas kimi götürülüb. Rəsmi Bakı və İrəvan 1991-ci ildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Sözügedən bəyannamə əsasında keçmiş SSRİ respublikalarının sərhədləri dövlət sərhədi kimi qəbul edilib. Hüquq və məntiq arasındakı bu aşkar qanuni əlaqə özünə diplomat deyənlər üçün aydın olmalı idi. Məqsədin ara qarışdırmaq olduğunu nəzərə alsaq, niyə aydın olmadığı bilinir. “Yalnız hüquqi əsas” haqqında yalan söhbətlər tirajlamaqla “Ümumerməni şura”sına daxil olan bir qrup diplomat sadəcə olaraq cəmiyyəti çaşdırmağa çalışır, indiki sərhədlərin müəyyənləşdirilməsi işlərinin qanunauyğunluğuna şübhələr aşılayır.

Digər bir məqam isə sərhədlərin tənzimlənməsi və sərhəd təhlükəsizliyi komitəsinin fəaliyyətinin hüquqi əsasları ilə bağlıdır. Keçmiş ombudsmanlar və diplomatlar dərk etmirlər ki, komitənin funksiyası Sovet dövründən mövcud olan sərhədi yenidən çəkmək, dövlət sərhədi haqqında beynəlxalq müqavilə bağlamaqdır. Tərəflər 2021-ci ildə Soçidə Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların yaradılması barədə razılığa gəliblər ki, bu, 2022-ci ildə Brüsseldə də təsdiqlənən üçtərəfli bəyannamədə qeyd olunub. Bu razılaşmalar əsasında Ermənistanın baş nazirinin 2022 570-A saylı qərarı ilə baş nazirin müavininin rəhbərlik etdiyi komissiya yaradılıb. Ermənistan və Azərbaycan komissiyaları arasında əldə olunan razılaşmaya əsasən, onlar sərhədlərin müəyyən edilməsi prosesində Alma-Ata 1991-i rəhbər tutacaqlar. Sərhəd xəttinin ayrı-ayrı hissələrinin razılaşdırılması hüquqi əsası olan 1976-cı ilin topoqrafik xəritələri əsasında həyata keçiriləcək. Başqa sözlə, komissiyaların fəaliyyəti iki ölkə tərəfindən artıq qəbul edilmiş və lazımi daxili prosedurlardan keçmiş beynəlxalq müqavilələrə, iki ölkə arasında əldə edilmiş razılaşmalara əsaslanır. Bu da erməni yalanının növbəti ifşası sayıla bilər.

Digər qeyd edilən məqam isə kəndlərin sakinlərinə məxsus mülkiyyət şəhadətnamələri ilə bağlıdır. Siyasilərin əlində rəhbər tutduğu uyğunsuzluğun səbəbi isə Ermənistanla Azərbaycan arasında heç vaxt, ən azı, həmin hissədə heç bir detallı demarkasiya işinin aparılmamasıdır. İndiyədək müəyyən edilmiş sərhədlər, yəni quruda yerləşən kəndlərin və onların sakinlərinin öz torpaqlarının sərhədlərini dəqiq bilməsi üçün lazımi aydınlıq və təfərrüat yox idi. Bu cür hallar isə bir neçə nəfərə aiddir və erməni hökuməti vətəndaşlara kompensasiya ödəməyə hazır olduğunu dəfələrlə bəyan edib. Eyni zamanda, müvafiq hüquqların dövlət qeydiyyatı etibarlı olmayan məlumatlar əsasında aparılıb. Bu qeydiyyatlar dövlət qeydiyyatı faktına görə, qeyri-dəqiqliklərə əsaslanaraq, sözügedən ərazilərin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsi hesab edildiyini təsdiqləmək üçün hüquqi əsas ola bilməz. Buna görə də belə hallarla bağlı demarkasiya prosesinə qarşı ictimai neqativ fikir yaratmaq ən azı vicdansızlıqdır.

Digər bir vəziyyət Azərbaycanın Xeyrimli kəndi ilə əlaqədardır və bu məsələdə Ermənistan Respublikasınınn “İnzibati-ərazi bölgüsü üzrə” qanunu əsas gətirilir. Amma əslində vəziyyət necədir? Sözügedən qanun 2017-ci ildə qəbul edilib. SSRİ-nin dağıldığı dövrdə mövcud olan xəritələrdə, eyni zamanda 1976-cı il xəritəsində dəqiq göstərilir ki, Xeyrimli Azərbaycan SSR ərazisidir və heç bir halda Kirantsın ərazisi kimi təqdim edilə bilməz.

Müxalifətin manipulyasiya etdiyi məsələlərdən biri də 1976-cı ilin xəritələri ilə bağlıdır. Bildirilir ki, SSRİ Baş Qərargahının 1976-cı il xəritəsinin heç bir hüquqi əsası yoxdur, çünki həmin illərdə Ermənistan SSR ilə Azərbaycan SSR arasında sərhədlə bağlı müqavilə olmayıb.

Amma unudulan və üstündən keçilən məqam odur ki, 1976-cı ilin xəritəsi üzərində SSRİ Dövlət Geoloji Nəzarətinin ərazi müfəttişlərinin rəislərinin imzaları var. 1969-cu ildə isə Azərbaycan SSR və Ermənistan SSR arasında sərhədlə bağlı müqavilə imzalanıb. Sözügedən imza isə 1969-cu ildə iki sovet respublikası arasında imzalanan müqaviləni təsdiqləyir və hüquqi cəhətdən uyğunluğunu vurğulayır.

Göründüyü kimi, erməni müxalifəti və siyasiləri, keçmiş diplomatları, ombudsmanları sırf manipulyasiya və cəmiyyəti yalanla qızışdırmaq naminə hər üsula əl atırlar. İşin maraqlı tərəfi də odur ki, artıq cəmiyyət bu yalanlardan bezib. Elə bu səbəbdən də Srbazan yenidən Kirants kəndinə qayıdır, yeni tərəfdarlar toplamağa çalışır. İki dövlətin komissiyası isə işinə davam edir. Həyata keçirilən proses tam qanunidir. Davam edən prosesin tərkib hissəsi kimi yaxın gələcəkdə iki ölkə nümayəndələri komissiyaların birgə fəaliyyətinin əsasnaməsi layihəsini də razılaşdıracaq və parlamentlərin təsdiqinə təqdim edəcək.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi