Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH

Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH Separatizmi, bölücülüyü dəstəkləmək artıq bir sıra Qərb ölkələrində, xüsusilə Fransada dövlət siyasətinə, prioritetə çevrilir. Prezident Emmanuel Makrondan gələn tapşırıq və tezislərə uyğun olaraq bu istiqamətdə müxtəlif addımlar atılır, tədbirlərə ev sah
Analitika
2 May , 2024 17:12
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH

Separatizmi dəstəkləmək artıq bir sıra Qərb ölkələrində, xüsusilə Fransanın dövlət siyasətində prioritetə çevrilir. Prezident Emmanuel Makrondan gələn tapşırıq və tezislərə uyğun olaraq bu istiqamətdə müxtəlif addımlar atılır, tədbirlərə ev sahibliyi edilir.

Anti-Azərbaycan, anti-Türkiyə mövqeyi bu ölkədə pik həddə çatıb. Fransa Milli Assambleyasında (Fransa parlamentinin aşağı palatası) “Şərqdə demokratik geosiyasət: Ermənistan, İsrail və Kürdüstan” mövzusunda konfrans keçirilib. Bu barədə Ermənistanın Fransadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan Ermənistan ətrafında baş verən son geosiyasi hadisələrdən danışıb. O, ölkəsini demokratik dövlət adlandırıb, regionda sülhün əldə edilməsi istiqamətində göstərdiyi səyləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransla bağlı mediaya açıqlanan məlumatlar sadəcə bunlardır. Lakin adından da göründüyü kimi, erməni lobbisinin təşəbbüsü ilə reallaşan tədbirdə hədəf həm də separatizmə dəstək verilməsi olub. Tədbirdə çox güman ki, keçmiş qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələri də iştirak edib.

O ki qaldı Milli Assambleyaya, bu qurum erməni lobbisinin əlində çoxdan oyuncağa çevrilib. Fransa Senatının aşağı palatası dəfələrlə ölkəmizə qarşı sanksiyalar tətbiq olunması tələbi ilə çıxış edib.

Sözügedən konfransda müzakirəyə çıxarılan məsələlər sırasında Türkiyə və Kürdüstanın olması da diqqət çəkir.

Məlumat üçün bildirək ki, Fransa Milli Assambleyası bu günlərdə assuriyalılar və keldanilər haqqında qərar qəbul edib və orada Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürülüb. Türkiyə Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatın qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlayıb: "Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların Assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur. Bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir".

Konfransda qabardılan mövzulardan biri də Kürdüstan məsələsidir. Fransız senatorlar bu addımla Türkiyəyə qarşı 30 ildən artıqdır mübarizə aparan PKK separatçılarına dəstək nümayiş etdiriblər. Maraqlıdır ki, Paris ötən ayın sonlarında Ankaranın tələblərindən sonra PKK terror təşkilatı ilə bağlı cinayətlərlə əlaqədar istintaqa başlayıb. Bu barədə Fransa Baş Prokurorluğu məlumat yayıb. İstintaq terror aktına hazırlaşan cinayətkar qruplaşmaya qoşulma, terror təşkilatını maliyyələşdirmə, PKK ilə əlaqəli şəkildə mütəşəkkil dəstə halında pul tələb etmə maddələri ilə başlayıb. Fransada aparılan istintaq çərçivəsində 8 nəfər saxlanılıb. Qonşu Belçikada PKK-nın təbliğatını aparan “Sterk TV” və “Medya Haber TV”nin istifadə etdiyi ofislərdə aparılan axtarışlar Fransanın müraciəti əsasında həyata keçirilib. Əməliyyat zamanı ofislərdə axtarış aparılıb, kompüterlər və çoxsaylı sənədlər müsadirə edilib. Fransa mart-aprel aylarında 3 terrorçusunu Türkiyəyə təhvil verib. İndi birdən-birə Kürdüstan məsələsinin qabardılması Fransa hakimiyyətinin yarıtmaz və təhlükəli siyasətindən xəbər verir. Göründüyü kimi, hökumət və parlament bir-birinə əks mövqe nümayiş etdirir.

Şübhəsiz ki, Fransa Milli Assambleyasında bu cür təhlükəli tədbirin keçirilməsi Azərbaycan və Türkiyəyə qarşı aparılan riyakarlıqdan başqa bir şey deyil. Milli Assambleyanın əksər üzvü erməni lobbisinin təsiri altındadır və onlardan "yemlənir". 300-ə yaxın Senat üzvünün əksəriyyəti dəfələrlə Azərbaycan və Türkiyə əleyhinə qətnamə və bəyanatlara səs verib. Fransız qanunvericilər dəfələrlə beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirib, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul ediblər. Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir.

Adıçəkilən konfransın keçirilməsini və müzakirələrin aparılmasını siyasi riyakarlıq da adlandırmaq olar.

Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olub. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbulediməzdir.

Bəs fransalı qanunvericilərin belə bir konfrans keçirməsinin səbəbi nədir? Təbii ki, qanunvericilərin bədnam konfransı neokolonializminə qarşı Bakıda başlanan beynəlxalq hərəkatdır. Təsadüfi deyil ki, Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyev də bu məsələyə toxunub. “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”, - deyə ölkə başçısı bəyan edib. Prezident bildirib: “Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.

Beləliklə, Fransanın Azərbaycanı hədəfə alması onu deməyə əsas verir ki, rəsmi Bakının atdığı ox hədəfə çatıb. Fransa hakimiyyəti keçmiş müstəmləkələrində başlanan etirazlardan narahat olmağa başlayıb. Bu hərəkatın genişlənməsi Fransanın nüfuzunun itirilməsi ilə yanaşı, milyardlarla dollar gəlirdən məhrum olması deməkdir. Bu isə onları narahat etməyə bilməzdi. Ehtimal etmək olar ki, bu cür bədnam konfransların keçirilməsi mütəmadi hal alacaq.

Son xəbərlər

Orphus sistemi