Erməni lobbisinə satılan konqresmenlər - Azərbaycana qarşı iftira və böhtan - ŞƏRH

Erməni lobbisinə satılan konqresmenlər - Azərbaycana qarşı iftira və böhtan - ŞƏRH Erməni lobbisinin təsiri altında olan dairələr, ölkələr yenidən ölkəmizi hədəfə alıblar. Bu dairələr Ermənistanla sülh danışıqları, sərhədlərin delimitasiyası prosesinin getdiyi bir ərəfədə Azərbaycana qarşı qərəz və ikili standartlardan irəli gələn təşəb
Analitika
3 İyul , 2024 17:25
Erməni lobbisinə satılan konqresmenlər - Azərbaycana qarşı iftira və böhtan - ŞƏRH

Erməni lobbisinin təsiri altında olan dairələr, ölkələr yenidən ölkəmizi hədəfə alıblar. Bu dairələr Ermənistanla sülh danışıqları, sərhədlərin delimitasiyası prosesinin getdiyi bir ərəfədə Azərbaycana qarşı qərəz və ikili standartlardan irəli gələn təşəbbüslə çıxış ediblər. Bu dəfə də ABŞ və onun himayəsində olan təşkilatlar önə çıxıb.

Nümayəndələr Palatasının erməniəsilli üzvləri Ana Eşu və Kristofer Smitin həmmüəllifliyi ilə Azərbaycana qarşı “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması” adlı qərəzli qətnamə layihəsi irəli sürülüb. Bu layihə indiyədək ABŞ Konqresində ölkəmizə qarşı irəli sürülmüş digər iftira dolu layihələr seriyasındandır. Qətnamə layihəsinin irəli sürüldüyü gündə “insan hüquqları”nı müdafiə edən bir qrup təşkilat (“Freedom House”, “International Pertnership For Human Rights, Democracy Development Foundation”, “Protection of Rights Without Borders NGO”, “Law Development and Protection Foundation”, “Open Society Foundations” və s.) peyda olaraq “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” adlı hesabat icmalı da yayıb.

Əvvəla, ondan başlayaq ki, bu, ABŞ Nümayəndələr Palatasının satın alınmış üzvləri ilə “qara şəbəkə”nin eyni mərkəzdən koordinasiya edildiyinin daha bir təsdiqidir. Hər vəchlə Cənubi Qafqazda sülh və əmin-amanlığa qarşı çıxılır, bölgəni əbədi gərginlikdə saxlamağa çalışılır. Sülh prosesi isə onların çirkin planının reallaşmasında maneədir.

İkincisi, Konqresdə irəli sürülən qərəzli hesabat siyasi sifarişdir və seçkiqabağı daxili təbliğat vasitəsidir. Həm respublikaçılar, həm də demokratlar payızda keçiriləcək prezident seçkilərinə hazırlaşır. Hər iki partiya üçün də erməni lobbisinin səsləri vacibidir. Bu faktor da qətnamənin hazırlanmasında rol oynayıb.

Üçüncüsü, 30 ilə yaxın müddətdə 1 milyona yaxın azərbaycanlının öz doğma yurd yerlərindən qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına, Xocalı soyqırımına, Qaradağlıda, Ağdabanda, Başlıbeldə, Bağanis-Ayrımda, Ballıqayada, Tuğda etnik təmizləmələrə, 2020-ci ilin oktyabrında Gəncənin, Bərdənin, Tərtərin raket hücumlarına məruz qalmasına, dinc insanların ölməsinə susan ABŞ Nümayəndələr Palatası, “Freedom House”, Soros Fondu kimi qurumlar heç bir əsasa söykənmədən Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə aparmaqda ittiham edir, ölkəmizi Beynəlxalq Cinayət Məhkəməsi ilə hədələyir.

Bəli, əsl etnik təmizləməyə Qərbi Azərbaycanda və Qarabağda azərbaycanlılar məruz qalıblar, amma bununla bağlı qətnamələr hazırlanmır.

Sözsüz ki, bu iftira dolu qətnamə layihələri ABŞ-nin Azərbaycandakı nüfuzuna ağır zərbədir, qərəz, riyakarlıq, siyasi sifariş, ikili standartlar nümunəsidir. Ötən ilin payızında Qarabağda məskunlaşmış erməni sakinlər könüllü şəkildə ərazini tərk edib və bunu özləri də, Ermənistanın baş naziri Nikol Paşinyan da dəfələrlə bəyan edib. Yəni burada heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Etnik təmizləmə, deportasiya faktları tapmaq istəyənlər Qərbi Azərbaycandan zorla çıxarılmış yüzminlərlə azərbaycanlının taleyi ilə maraqlana bilərlər. Onlar bu gün də doğma Göyçəyə, Dərələyəzə, İrəvana – öz evlərinə gedə bilmirlər.

Odur ki, Qarabağda “etnik təmizləmə” olması haqda iddialar yalan və iftiradır. 2023-cü il dekabrın 23-də vətəndaş cəmiyyətinin dünya birliyinə müraciəti də bunu təsdiq edir. Belə ki, müraciətdə açıq deyilirdi ki, ermənilər Azərbaycan bayrağı altında yaşamaq istəmirlər və onların Qarabağı tərk etmək haqda “ümumi qərarı” məhz bununla bağlıdır: “Biz Azərbaycan yuridiksiyası altına qayıtmağı istisna edirik”.

Buna oxşar açıqlamanı Paşinyan da vermişdi. Ermənistanın müstəqillik günü ilə bağlı bəyanatında o qeyd etmişdi ki, antiterror əməliyyatı zamanı mülki əhaliyə ziyan dəyməyib. 2023-cü il oktyabrın 2-si hökumətin iclasında da Qarabağdan köçmüş ermənilər barədə danışanda baş nazir “etnik təmizləmə” ifadəsi işlətməmişdi.

Digər bir məsələ; bu gün azad edilmiş ərazilərdə dağıntı və talançılığa ABŞ Nümayəndələr Palatası illərlə susub, bu gün də keçmiş köçkünlərin problemləri, ərazinin 1,5 milyondan çox mina ilə çirkləndirilməsi ABŞ-nin bu cür təsisatlarını qayğılandırmır.

Sonda bir məsələni ABŞ qanunvericiləri və onun himayəsində olan təşkilatların diqqətinə çatdırmaq istərdik. Həmin dairələr anlamalıdırlar ki, Azərbaycanı iftira dolu bu cür kağız parçaları ilə yolundan döndərmək mümkün deyil. Ölkəmiz qanı-canı bahasına öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, müharibədə özünü ləyaqətlə aparıb və dinc insanlar heç vaxt Azərbaycan Ordusunun hədəfi olmayıb. Ona görə də bugünkü təzyiq vasitələri də əvvəlkilər kimi nəticəsiz qalacaq.

Son xəbərlər

Orphus sistemi