Erməni lobbisi Fransa parlamentini necə təsir altına alır?

Erməni lobbisi Fransa parlamentini necə təsir altına alır? Fransa Dağlıq Qarabağ münaqişəsilə bağlı bitərəf mövqe tutduğunu nə qədər iddia etsə də, bu ölkənin əslində ermənipərəst siyasət yeritməsi istər-istəməz özünü büruzə verir.
Analitika
26 Noyabr , 2020 20:31
Erməni lobbisi Fransa parlamentini necə təsir altına alır?

Fransa Dağlıq Qarabağ münaqişəsilə bağlı bitərəf mövqe tutduğunu nə qədər iddia etsə də, bu ölkənin əslində ermənipərəst siyasət yeritməsi istər-istəməz özünü büruzə verir. Sözsüz ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı Senatın son qətnamə layihəsi ölkənin Azərbaycanla münasibətlərinə böyük xələl gətirdi. Prezident İlham Əliyev də bu cür addımlar səbəbindən aradakı diplomatik münasibətlərin belə dayandırılmasına gətirib çıxara biləcəyini dəfələrlə qeyd edib. Bəs Fransa hökuməti bunun altını çəkməyə hazırdırmı? Ermənilərə bu cür “təəssübkeşlik”ləri üzündən Fransanın nüfuzu, ATƏT-in Minsk qrupundakı həmsədrliyi sual altına düşəcəyini prezident Emanuel Makron dərk edirmi?

Hadisələrin ardıcıllığı

Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti arasında imzalanmış məlum bəyanat ATƏT-in Minsk qrupu tərəfindən yüksək qiymətləndirildi. Belə ki, əldə olunan atəşkəs razılaşması sonrakı mərhələdə məsələnin dinc yolla həllinə yol açır. Elə prezident Makron da tərəfləri “problemin dayanıqlı siyasi həlli”nə nail olmağa çağırmışdı. Lakin işğal olunmuş torpaqlar Azərbaycana qaytarılmağa başlayan kimi Fransa sırf ermənipərəst mövqeyini ortaya qoydu. Əvvəlcə Senatda qondarma işğalçı qurumu tanımaq məsələsinin növbəti iclasda müzakirəsinə dair təklif səsləndirildi. Bu xəbər yayılanda məsələni aydınlaşdırmaq qərarına gələn respublika prezidenti instaqram səhifəsində yerləşdirdiyi videoda “beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ və ətrafdakı 7 rayon Birləşmiş Millətlər tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Odur ki, bu məsələyə qarışmamaq məsləhətdir”. Buna baxmayaraq, Senat hökumətə qondarma rejimi tanımağı tövsiyə edən qətnaməni təsdiqlədi.

Hökumət də bənzər addım ata bilərmi? Görünür, yox, çünki rəsmi şəxslərin məsələyə münasibəti tamam başqa cürdür.

Kağız parçası

Bu qətnamə Fransada birmənalı qarşılanmadı. Məsələn, xarici işlər üzrə dövlət katibi Jan Batist Lemuan qondarma rejimi birtərəfli tanımağın heç kimə fayda gətirməyəcəyini, yəni bunun nə Ermənistanın, nə Fransanın, nə də ATƏT-in Minsk qrupu həmsədrlərinin mənafeyinə uyğun gəldiyini diqqətə çatdırıb: “Bu gün tərəflər aradakı dialoqu davam etdirmək üçün Minsk qrupu həmsədrlərinin dəstəyinə əvvəlkindən daha çox möhtacdır”. Diplomat həmçinin “rəmzi tanınma sülh prosesinə hər hansı fayda vermə”diyini də vurğulayıb.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Senat tərəfindən atılan bu addımı şərh edərək bildirib: “Azərbaycan üçün bu qətnamə adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.

Məsələyə dair mövqeyini dərhal açıqlayan Milli Məclis də qəbul etdiyi etiraz bəyanatında hökumətə son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət etməyə çağırıb.

Hərçənd qətnamənin hüquqi qüvvəyə malik olmadığı, yanlış tövsiyə xarakteri daşıdığı da unudulmamalıdır.

Senator Senata qarşı

Fransa senatorlarının bu davranışları ölkənin Minsk qrupu çərçivəsində əvvəllər də qüsurlardan xali olmayan fəaliyyətilə bağlı yeni-yeni suallar meydana gətirir və əslində həmin Minsk qrupunu çökdürməyə xidmət edir. Lakin burada xoş məqamlar da yox deyil. Belə ki, senatorlar arasında yeganə münaqişə barədə dolğun təsəvvürə malik olan Natali Qule məntiqi olaraq həmin bədnam qətnamənin əleyhinə də yeganə səs verən oldu.

“Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Təbii ki, onlar erməni diasporunun tam təsiri altında bunu edirlər. Senatorların bir çoxu heç Dağlıq Qarabağı xəritədə belə göstərə bilməzlər. Biz münaqişə tərəflərini daim sülhə çağırırdıq, günahsız insanların ölməsini istəmirdik. Artıq razılaşma var, tərəflər müharibəni dayandırıb, artıq qan tökülmür. O zaman bu qərəzli qətnaməyə nə ehtiyac var?", - deyə N.Qule məsələni şərh edib. İclasın sonunda çıxış edən Fransa Xarici İşlər Nazirliyi yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Lemuan qətnamə layihəsinin Fransanın mənafeyinə uyğun olmadığını, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsiz mövqe sərgiləməsinin vacibliyini diqqətə çatdırsa da, Senatın mövqeyi dəyişməyib. İşğal olunmuş torpaqlarımızdakı qondarma qurumun tanınmasına dair əvvəllər də təşəbbüs göstərmiş bəzi senatorların erməni kökləri olduğu da üzə çıxıb.

Dəyərmi?

Məlum olduğu kimi, Fransada bəzi mənbələrə görə 500 minədək erməni yaşayır. Bunlardan bir çoxu ölkənin ictimai və iqtisadi həyatında fəal rol oynayaraq siyasi hakimiyyətə də təsir etmək üçün yollar tapa bilir.

Eyni zamanda Fransanın Azərbaycanla münasibətləri təkcə siyasət sahəsindən ibarət deyil, iqtisadi və humanitar sahələrdə də qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini qeyd etmək yerinə düşər. Odur ki, prezident Makronun da bunları lazımınca götür-qoy edərək müvafiq addımlar atacağını güman etmək olar.

Son xəbərlər

Orphus sistemi