Ermənistanda kilsə ilə hakimiyyət arasında savaş tam sürətlə davam edir. Artıq hakimiyyətin siyasi elitası erməni kilsəsini sıxışdırmaq üçün vergi tətbiqi ilə bağlı məsələni gündəmə gətirməkdən belə çəkinmir. Milli Məclisin sədri Alen Simonyandan sonra bir sıra deputatlar, nəhayət baş nazir Nikol Paşinyan da bu barədə fikir səsləndirib. Qarşı tərəf isə bu təklifi rədd etməklə yanaşı, dünya praktikasından nümunələr gətirir, bu addımın siyasi qərar olduğunu bildirir.
Hökumət isə işi daha da irəli apararaq, kilsənin balansında olan və istifadə olunmayan torpaqların dövlətə qaytarılmasından danışır. Hadisələrin bu inkişafı tərəflərin artıq geri dönülməz yola qədəm qoymasından xəbər verir. Təsadüfi deyil ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın başlatdığı “Vətən naminə Tavuş” hərəkatı 26 may tarixində paytaxt İrəvanda böyük mitinq planlaşdırır və bu məsələdə dini rəhbərliyə tam arxayındır. Eyni zamanda müxalif mediaya sızan məlumatlarda bildirilir ki, 27-28 may tarixlərinə bir sıra ərazilərdə toqquşma, ixtişaş və aksiyalar da planlaşdırılıb.
Hadisələri izləyərək söyləmək olar ki, erməni kilsəsi mitinqə kifayət qədər adam toplamaq üçün Baqrat vasitəsilə Ermənistanda fəaliyyət göstərən bir sıra məzhəb təşkilatlarının nümayəndələri ilə də pərdəarxası görüşlər keçirib. Bu görüşlər zamanı erməni keşiş məzhəb təşkilatlarının rəhbərlərini maddi və digər mənada maraqlandırmağa, öz tərəfdarlarını mitinqlərə və digər aksiyalara cəlb etməyə inandırıb. Ortaya isə maraqlı mənzərə çıxır. Erməni Apostol Kilsəsi cəmiyyəti korlayan və parçalayan sektalarla mübarizə aparmaq əvəzinə, dövlətə qarşı mübarizə aparmaq və bu təriqətləri dərinləşdirmək məqsədi ilə onlarla gizli görüşlər keçirir. Bu isə deməyə əsas verir ki, ruhani lider məqsədinə nail olmaq üçün bütün vasitələrə əl atacaq.
Bu sıraya “Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyanın kriminal elementlərin Rusiyadan Ermənistana kütləvi şəkildə köçürülməsi ilə bağlı açıqlamasını da əlavə etmək olar. Bu isə 26 may tarixinə planlaşdırılan mitinqdə təxribatların və toqquşmaların olma ehtimalını artırır. Eyni zamanda, Baqratın çıxışında Robert Köçəryanı bağışlamağa və ona dəyişmək üçün şans verməyə çağırışı da Ermənistanın ikinci prezidentinin tərəfdarlarını küçəyə səsləmək mənasına gəlir.
Faktiki olaraq, Qalstanyan Köçəryan və Sarqsyan naminə hərəkət etdiyini, onların, xüsusən də Robertin plan və göstərişləri əsasında işləri apardığını etiraf etmiş sayılır. Eyni zamanda Ermənistan vətəndaşlarını Köçəryana transformasiya hüququ verməyə çağırır. Özünü normal siyasi qüvvə hesab edən hər kəs kabusunda siyasi sistemdə avtoritar sayılan kilsə institutunun nümayəndəsini dəstəkləyə biləcəyini ancaq xəyal edə bilərdi. Və belə çıxır ki, din xadiminə siyasi lider kimi dəstək verən bütün o qüvvələr və şəxslər öz siyasi qüvvələrinin məhvinə işarə edirlər.
Qeyd etmək yerinə düşər ki, Baqrat artıq çıxışlarında 26 may mitinqi ilə bağlı bir sıra anonslar verib. O, bildirib ki, aksiya zamanı artıq baş nazir namizədi ilə bağlı suallara son qoyulacaq, konkret şəxsin adı hallandırılacaq. Bununla belə, Baqratın “baş nazirin adının açıqlanması gündəmdə olsa da, prioritet məsələ deyil” açıqlaması da müəyyən siyasi qüvvələrin bu namizədin adı ətrafında hələ də fikir bildirməməsi kimi başa düşmək olar. Çünki bir müddətdir müvəqqəti keçid hökuməti, baş nazir postuna namizəd uğrunda saatlar və günlərlə keçirilən görüşlər və danışıqların nədənsə 26 may tarixində prioritet olmaması belə düşünməyə əsas verir.
Yuxarıda sadalanan məsələlər və faktlar sübut edir ki, bazar günü İrəvan küçələri üçün çox isti keçəcək. Erməni keşiş polis və təhlükəsizlik qüvvələri ilə toqquşmanı planlaşdıra bilər. Bu, erməni cəmiyyəti üçün arzuolunmaz sayıla bilər. Hadisələrin bu məcrada inkişafı nəhayət Nikol Paşinyan hakimiyyətinə dövləti ələ keçirməyə çalışan bütün bu qüvvələri qadağan etmək üçün qanuni bir fürsət yarada bilər. Eyni zamanda bəzi mənbələr qeyd edir ki, toqquşmalar zamanı məhz kilsənin hədəflərindən biri də Baqrata ciddi xəsarətin yetirilməsi ola bilər. Bu isə hərəkatın alovlanmasına, kütlələri manipulyasiya etməyə imkan yarada bilər.
Bununla belə, son iki gün ərzində Şirak bölgəsində baş verən hadisələrin analizi sübut edir ki, Erməni kilsəsinin "B" planı var və bu plan artıq “Vətən naminə Şirak” adlanır. Arxiyepiskop Mikael Adjapahyanın başlatdığı bu hərəkat hələlik görüşlər keçirməklə kifayətlənir. Artıq Gümrü şəhərinin Ağsaqqallar Şurasının müxalifət üzvləri keşişlə görüş keçiriblər. Gümrü meriyasının Respublikaçılar və “Zartonk” fraksiyaları Mikael ilə görüş keçiriblər. Bildirilir ki, tədbir elə arxiyepiskopun təşəbbüsü ilə baş tutub. Maraqlıdır ki, “Balasanyan Alyansı” fraksiyasından əlavə, “Vətəndaş müqaviləsi” fraksiyası bu görüşdə iştirakdan imtina edib. Özünə müxalifət deyən “Balasanyan” ittifaqının görüşdən imtinası isə əslində hakim partiyanın cib fraksiyası olduğunu bir daha sübut edir.
Bu görüşdən sonra isə İrəvan və digər regionların da ağsaqqallar şurası Adjapahyanla görüşə hazır olduqlarını bildiriblər. Belə bir hərəkatın yaranması isə əslində Apostol Kilsənin bəzi nümayəndələrinin “Vətən üçün Tavuş” hərəkatına qoşulmamalarını izah edir. Apostol Kilsəsi əvvəlcədən düşünüb ki, əgər Qalstanyanın hərəkatı uğursuz olsa, başqa bir hərəkatı ortaya atsın və yeni tərəfdarlar toplasın. Bu səbəbdən də 26 may mitinqi ərəfəsində “Vətən üçün Şirak” hərəkatının görüşlərə başlaması, meriyalardakı müxalifət fraksiyalarını özünə cəlb etməsi anlaşılandır.
Ehtimal etmək olar ki, erməni kilsəsi Baqrat vasitəsilə başqa işlər planlaşdırır. Adjapahyanın isə başqa missiyası olacaq. Ola bilər ki, “Vətən naminə Tavuş” hərəkatı gözlənilən effekti verməsə, dərhal “Vətən naminə Şirak” hərəkatı tam sürətlə fəaliyyətə başlayacaq və bu səbəbdən də alt baza yaratmaq üçün görüşlərə start verilib.
Baş verənlərdən isə hakim partiya da məlumatlıdır və yəqin ki, kilsənin B planı olduğu kimi, “Mülki müqavilə”nin də planları var. Mayın 26-na planlaşdırılan mitinq isə Baqratın hərəkatının davam edib-etməyəcəyini müəyyənləşdirəcək...
Kamil Məmmədov