Erməni “humanizmi” və korrupsiya - Ermənistan QXC-də qalmaqal böyüyür - ŞƏRH

Erməni “humanizmi” və korrupsiya - Ermənistan QXC-də qalmaqal böyüyür - ŞƏRH Ermənistanda iqtisadi sahədə qalmaqallar səngimir. Müxtəlif rəsmi şəxslər öz səlahiyyətlərindən istifadə edərək korrupsiya faktları törədirlər. Amma elə məsələlər var ki, onlar təkcə iqtisadi yox, həm də siyasi və humanitar böhrana səbəb olur.
Analitika
20 Fevral , 2024 14:23
Erməni “humanizmi” və korrupsiya - Ermənistan QXC-də qalmaqal böyüyür - ŞƏRH

Ermənistanda iqtisadi sahədə qalmaqallar səngimir. Müxtəlif rəsmi şəxslər öz səlahiyyətlərindən istifadə edərək korrupsiya faktları törədirlər. Amma elə məsələlər var ki, onlar təkcə iqtisadi yox, həm də siyasi və humanitar böhrana səbəb olur.

Bu günlərdə Ermənistan Qızıl Xaç Cəmiyyətinin (QXC) ofisindən 145 min dollardan çox pul itib. Qeyd edilib ki, təşkilatın vəkili Levon Baqdasaryan hüquq-mühafizə orqanlarına 60 milyon dramdan (145 min dollar) çox pul itkisi, çatışmayan sənədlər, habelə təşkilatın avtomobilindən qanunsuz istifadə barədə məlumat verib. O bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına 10-dan çox məlumat təqdim ediblər, lakin hələ ki heç bir cavab almayıblar.

Bu, ilk belə hal deyil. İndiyə kimi dəfələrlə sözügedən qurum haqqında mənfi iddialar səsləndirilib. Ümumiyyətlə, Ermənistan QXC proseslərə adekvat reaksiya verə bilmir. Çünki humanitar xarakterli qurumdur. Müxtəlif ölkələrdəki oxşar təşkilatların əsas funksiyası insanların rifahı, təhlükəsizliyi ilə bağlı olmalıdır. Amma Ermənistan QXC bu prinsiplərdən çox uzaqdır.

Bir məqamı yada salaq: 2023-cü ilin fevral ayında Ermənistan QXC Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə humanitar yardımlar çatdırmasına fərqli don geyindirməyə çalışmışdı. Azərbaycan tərəfindən verilən cavabda isə göstərilmişdi ki, bu, tamamilə humanitar xarakterli addımdır. Proseslərin sonrakı inkişafı, o cümlədən Qarabağdakı erməni sakinlərin özlərinin dedikləri də bunu sübut etdi.

Ümumiyyətlə, son günlər Ermənistan QXC ətrafında diqqətçəkən hadisələr baş verir. “Past” nəşri bu günlərdə yazıb ki, Ermənistan QXC-nin baş katibi/icraçı direktoru Anna Yeğiazaryan “hakimiyyət dəyişikliyi” həyata keçirməyə çalışır.

“Bu barədə ötən gün “Ermənistan Qırmızı Xaç Cəmiyyəti” İctimai Birliyi açıqlama verib və qeyd edib ki, rəyasət heyətinin 8 fevral tarixli əsaslandırılmış qərarı ilə naməlum təşəbbüs qrupunun növbədənkənar qurultay çağırmaq üçün verdiyi ərizəni rədd edib. Lakin bəyanatda deyildiyi kimi, fevralın 15-də rəyasət heyətinin müvafiq qərarı olmadan, əsasnamə ilə müəyyən edilmiş normaları kobud şəkildə pozmaqla, üstəlik, cinayət əməllərinə icazə verilməklə Ermənistan QXC-nin növbədənkənar toplantısı adı altında bəzi şəxslər tərəfindən toplantı keçirilir. Bu qurultayda Mxitar Mnatsakanyanın yerinə Anna Yeğiazaryan sədr seçilib”, - nəşr yazıb.

Ermənistan Qızıl Xaç Cəmiyyəti ianələr hesabına maliyyələşən qurum, qeyri-hökumət təşkilatıdır. Təşkilat daxilində baş verən hadisələr, o cümlədən qarşıdurmalar isə göstərir ki, bu təşkilat heç də şəffaf deyil. Təbii ki, 60 milyon dram buxarlanmayıb. İndi sual yaranır: daxilində xaosun davam etdiyi, ianələri cibinə yığan qurum və onun üzvləri necə ədalətdən, haqdan, insan hüquqlarından danışa bilərlər?

Son xəbərlər

Orphus sistemi