Ərəb dövlətləri dördüncü Körfəz savaşı astanasında - ŞƏRH

Ərəb dövlətləri dördüncü Körfəz savaşı astanasında - ŞƏRH Hadisələrin inkişafı yaranmış mövcud ziddiyyətlərin açarının ABŞ-da olduğunu deməyə əsas verir
Analitika
29 İyun , 2017 15:20
Ərəb dövlətləri dördüncü Körfəz savaşı astanasında - ŞƏRH

Bakı. 29 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi anti-Qətər koalisiyasının davranışı onsuz da birliyində çoxsaylı təzadlar olan ərəb və müsəlman dünyasına ciddi zərbə vurur, təhlükəli vəziyyət yaradır. 

Bu embarqo və qarşılıqlı davranış ərəb birliyinə, onun antiterror fəaliyyətinə yaxşı heç nə vəd etmir.

Qətərlə Körfəzdəki Ərəb ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının sanksiyaya qoşulan üzvləri arasında münasibətlərin yaxın zamanda düzələcəyi ehtimalı azdır. Bunu ərəblər arasında uzun illərdən bəri mövcud münasibətlər təsdiqləyir. Məsələn, 1945-ci ildə yaranan Ərəb Dövlətləri Liqasının 22 üzvü olsa da, indiyədək bu qurum ərəb dünyasının heç bir ciddi problemini həll etmək gücündə olmayıb. Əksinə, belə qurumlar yarandıqca ərəblər arasında parçalanma da artıb.

Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda “Birlikdə güclüyük” devizi altında keçirilən “Ərəb-İslam-Amerika” sammitindən sonra anti-Qətər koalisiyası yarandı. Həmin görüşdən sonra bir çoxları “müsəlman NATO-su"nun yaranacağını gözləsə də, nəticə daha sürpriz oldu.

Həmin görüşdən bir neçə gün sonra Qətər terrorçuluğu maliyyələşdirən dövlət elan edildi. Ona qarşı 9 ərəb dövləti, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri pozduğunu elan etdi, onlara Komor adaları, Yəmən, Maldiv, Mavritaniya və Liviya da qoşuldu.

Heç şübhəsiz bu məsələdə çoxsaylı ziddiyyətli və fikir söyləniləcək məqam var. Ancaq biz 4 məsələyə diqqət çəkmək istərdik.

Birincisi, onlar niyə Qətəri seçib? 2,7 milyon nəfər əhalisi olan Qətər təbii sərvətlərinə görə dünyanın ən varlı dövlətdiir. Ölkədə adambaşına düşən milli gəlir 140 min dollardır. 2005-ci ildə təbii qaz və neftdən gələn gəliri dəyərləndirmək məqsədi ilə Qətər Sərmayə Agentliyi yaradılıb. Bu ölkə dünyanın müxtəlif dövlətlərinə 335 milyard dollarlıq sərmayə qoyub. Onun xəritəsi çox genişdir, ora Almaniyanın avtomobil nəhəngi “Volkswagen”dən tutmuş, Rusiyanın “Rosneft”, Türkiyənin toyuq əti istehsal edən “Banvit”, ABŞ-ın zərgərlik məmulatı istehsalçısı olan “Tiffany” də daxildir.

Təbii ki, bu siyahını uzatmaq da olar.

Deməli, bu qədər var-dövlətlə Qətər kimlərəsə mane olurmuş.

Yeri gəlmişkən, neft və təbii qazın satışından gələn gəlir İran şahı Məhəmmədrzanın da taleyində həlledici olmuşdu. Başqa sözlə, həmin pullar onun da hakimiyyəti və hegemonluğunun axırına çıxdı.

İsrail KİV-i bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ilə Qətər arasında yaranan gərginliyin yaranmasına başlıca səbəblərdən biri bu ölkə ilə İran arasında təbii qaz sahəsinə dair əldə edilən razılıqdır. 2005-ci ildə Qətər İranla təbii qaz sahəsində əməkdaşlığı dayandırmış, bu ilin aprelindən isə həmin sanksiyanı ləğv edib.

Bu baxımdan Qətərin perspektivdə daha çox varlanması bölgədə sözükeçən gücə çevrilmə ehtimalı görünür, xoşagələn və arzuedilən olmadığından ona terrorçuların sponsoru damğası vurulub.

İkincisi, bu məsələdə şəxsi intiqam varmı?

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr mərhum kral Abdullah bin Əbdüləzizə hazırlanan sui-qəsddə Qətəri günahkar bildiyini açıqlayıb. Ancaq Liviyanın öldürülən prezidenti Müəmmar Qəddafinin oğlu Saad bildirib ki, 2003-cü ildə bu sui-qəsdi liviyalı casus Məhəmməd İsmayıl Qətərin keçmiş şeyxi ilə deyil, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmiri Zayedlə həyata keçirməyi planlaşdırıbmış. Onun sözlərinə görə, liviyalı casusa Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlığı verilib və o, hazırda həmin ölkədə yaşayır.

Üçüncüsü, ərəblərin lideri kimdir? Ərəb dövlətlərinin liderliyi uğrunda yüz ilə yaxındır mübarizə gedir. Səddam Hüseyn, Hüsnü Mübarək, Hafiz Əsəd, kral Hüseyn və başqaları liderlik uğrunda uzun illər mübarizə aparsa da, bu nəticədə ərəb dövlətləri arasında parçalanmaya xidmət edib.

Görünür, bu məsələ yenidən gündəliyə gəlib. Yuxarıda adlarını sadaladığımız liderlər hazırda dövlət başçısı deyillər. Ona görə də ehtimal etmək oar ki, bu istiqamətdə yaranan boşluğu doldurmaq istəyənlər var və bu qarşıdurma da ona xidmət edir.

Bu məsələdə ən çox İranın adı hallanır. Başqa sözlə, ehtimal edilir ki, Səudiyyə Ərəbistanının başçılığı altında anti-İran koalisiyası yaranır. Düzdür, bu, ilk baxışdan belə görünür. Ancaq anti-Qətər koalisiyasının ən əsas üzvlərindən biri Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında 20 milyard dollarlıq ticarət əlaqəsi mövcuddur.

Deməli, İran məsələsi bəhanəyə daha çox oxşayır.

Bölgədə baş verən ciddi dəyişikliklər və münaqişələr, habelə İraq və Suriyanın məhv edilməsi ilə bağlı ərəb dövlətləri arasında vahid mövqeyin olmadığı bir daha təsdiqlənməkdədir. Belə bir qarışıqlıqda isə hər kəs özünü lider və ağsaqqal kimi təqdim etməyə çalışır.

Dördüncüsü, Türkiyənin adı niyə hallanır?

Fikrimizcə, Türkiyənin adının hallanması yalnız regional güclərlə bağlı deyil. Bölgədə maraqlarını təmin etmək istəyən güclər Türkiyədəki hakimiyyətin zəifləməsi üçün yaranmış şəraitdən istifadə etməyə çalışırlar. Ona görə də həmin qüvvələr Türkiyənin Osmanlı imperiyasını bərpa etmək istəməsi kimi cəfəng ideyanın da yayılmasında maraqlı görünürlər.

Əslində isə hədəf bölgədə Türkiyə də daxil olmaqla heç bir güclü dövlətin olmamasıdır. Bunun üçün ilk növbədə ərəb dövlətləri arasında ikitirəliyə nail olmaq, bunun ardınca və ya onunla bərabər Türkiyəyə də zərbə endirmək istəyirlər.

Məsələn, Almaniyanın hərbçilərini Türkiyənin İncirlik hərbi bazasından çıxararaq Küveytə köçürməsi kimi gülünc addımını bu təzyiqlərdən saymaq olar. Türkiyə demokratik dəyərlərin inkişaf etdiyi bir dövlətdir. Onu demokratik prinsiplərdən uzaqlaşmaqda ittiham edirlər. Ancaq hərbçiləri monarxın idarə etdiyi bir dövlətdə yerləşdirirlər.

Türkiyə mühəndislərinin layihələri Qətərdə ən çox həyata keçirilir. İndiyədək Türkiyə şirkətlərinin bu ölkədə 13,7 milyard dollarlıq 125 layihəsi icra olunub.

Beləliklə, yaranmış vəziyyət Suriya və İraqda terrorçulara qarşı mübarizədən az əhəmiyyət daşımır. Başqa sözlə, Suriya və İraqın taleyi həm də ərəb dövlətləri arasında vəziyyətin normallaşmasından daha çox asılıdr. Əks təqdirdə ərəblərin başı öz daxili ziddiyyətləri və ixtilaflarına qarışacaq, İraq və Suriyada yeni dövlət yaradılacaq.

Ən çox ehtiyat edilən məsələlərdən biri də dördüncü körfəz müharibəsidir. Əslində, bunun üçün də şərait yetişdirilir. Tərəflər terrorçuluğa qarşı mübarizə aparmaq üçün yetərincə silahlanıb.

Qeyd edək ki, qeyri-rəsmi olaraq birinci körfəz müharibəsi İran-İraq savaşı sayılır. O, 1980-ci ildə başlayıb, 1988-ci ildə atəşkəs rejiminin tətbiqi ilə başa çatıb və indiyədək iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.

İkinci Körfəz savaşı 1990-cı il avqustun 2-də İraqın Küveyti işğalı ilə başlayıb. ABŞ-ın başçılıq etdiyi 37 ölkə, o cümlədən Səudiyyə Ərəbistanı, Suriya, Misir 1991-ci il yanvarın 17-də İraqa qarşı hərbi əməliyyata başladı və əməliyyatlar 1991-ci il fevralın 28-də başa çatdı. Həmin müharibə 60 milyard dollara başa gəldi. Onun 36 milyard dollarını Səudiyyə Ərəbistanı təkbaşına xərclədi.

Üçüncü Körfəz savaşı isə 2003-cü il martın 20-də başladı və ABŞ-ın başçılıq etdiyi hərbi koalisiya qüvvələri İraq ərazisinə daxil oldu.

Nəhayət, anti-Qətərçilərin 13 maddəlik ultimatumunun bitməsinə üç gün qalır. Qətərin xarici işlər nazirinin ABŞ-a səfəri gözlənilir. Hadisələrin inkişafı yaranmış mövcud ziddiyyətin açarının ABŞ-da olduğunu deməyə əsas verir. Çünki Qətər və ona qarşı olanların hamısı ABŞ-ın müttəfiqidir. Ona görə də düyünün açılmasına oradan başlamaq ən düzgün variantdır.

Son xəbərlər

Orphus sistemi