Azərbaycanın yeni təklifi: Regional əməkdaşlıq münaqişədən faydalıdır

Azərbaycanın yeni təklifi: Regional əməkdaşlıq münaqişədən faydalıdır Davakar Almaniya indi dünyada sülhün, təhlükəsizliyin təminatçılarından biri olmağa çalışır
Analitika
2 Dekabr , 2020 15:44
Azərbaycanın yeni təklifi: Regional əməkdaşlıq münaqişədən faydalıdır

Dünyada insanlar bir-biri ilə əlaqə saxlamasa, əməkdaşlıq etməsə, yaşamaq azından ağır olar. Tək yaşamaq, ətrafdan özünü ayırmaq kin, nifrət yaradar. Ünsiyyət olmazsa, paylaşma da olmaz. Əlaqələr bir çox hallarda çox güclü əməkdaşlığa çevrilir.

Əslində, dövlətlər də insanlara oxşayır. Onların da əbədi maraqları olduğu kimi, əbədi düşmənləri olmur. Dünyanın siyasi coğrafiyasına nəzər salsaq görərik ki, mövcud bütün dövlətlərin qonşusu və ya qonşuları ilə problemi var. Bəzən bu problem sonradan düşmənçilik səviyyəsinə qalxır. İnsanlar qonşuları pis olanda köç edə bilirlər. Ancaq dövlətlərin işi bu məsələdə çətin olur. Ona görə də gec-tez əməkdaşlıq edirlər. Bu əməkdaşlıq da əlaqələri möhkəmləndirir, təhlükəsizliyə təminat verir və s. Beynəlxalq hüquq da hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sistemidir. Bu baxımdan beynəlxalq hüquq da belə münasibətin qurulmasına təkan verir.

Bəzi hadisələr dünyanın, qonşuların bir-birinə münasibətinin dəyişməsinə səbəb olur. İkinci Dünya müharibəsindən sonra Avropada yeni əməkdaşlıqların yaranmasını buna örnək göstərmək olar. Avropa İttifaqının təməli 1951-ci il aprelin 18-də Paris müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin yaradılması ilə qoyulub. Bu hadisədən təxminən 10 il əvvəl faşist Almaniyası Fransanı işğal etmişdi. 1949-cu il aprelin 4-də Şimali Amerika və Avropadan 30 üzv ölkə NATO-nu qurdu. Bu birliyə 1957-ci ildə Almaniya (qərbi) da qoşuldu. Almaniya hər iki dünya müharibəsinin başlamasının mənbəyi olub. Bununla belə, Qərb dövlətləri onunla əməkdaşlıq etməklə bir sıra yan təsirlərin qarşısını ala biliblər. Davakar Almaniya indi dünyada sülhün, təhlükəsizliyin təminatçılarından biri olmağa çalışır. Avropa tarixçiləri, cəmiyyəti faşizmi və onun törətdiyi fəsadları unutmayıb. Günümüzdə bu qitədə baş qaldıran neofaşizmə də həmin dərslərdən nəticə çıxararaq münasibət bildirilir.

Cənubi Qafqazın da ermənilik adlı problemi var. Bu, Almaniyadakı faşizmin törəməsidir. Ondan ermənilərin xilas olmasına ehtiyac var. Bu etnos özünə qapıldıqca ermənilik xəstəlik kimi baş qaldırıb, regionda fəsadlar yaradacaq, yaxud yaradır. Son yüz ildə bölgədə baş verənlərə diqqət edilsə, mənzərə hər kəs üçün aydın görünər. Sovetlər dağılandan sonra ermənilərin Azərbaycanda törətdiklərini unutmaq mümkün deyil. Onlar etdiklərinin cavabını aldılar. Son hadisələr erməniliyin əsiri olan bu etnosun təmsilçilərinə bir daha başa saldı ki, gec-tez qovulacağından qonşunun torpağına göz dikmək, onu zəbt etmək olmaz. Qonşularla hörmətlə davranmaq lazımdır. Bu dövlətlərin vətəndaşları heç yerə köçməyəcək. Qonşuluq mümkün qədər daimidir. Bu adi prinsipləri başa salmaq üçün Ermənistanı regional əməkdaşlığa da cəlb etmək olar. Qeyd edək ki, bu il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında imzalanan bəyanatın 9-cu maddəsində bildirilib: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Deməli, Ermənistan regional münaqişələr yaratmaqdansa, onun regional əməkdaşlığa cəlb edilməsi prosesi başlaya bilər. Bu münasibət Naxçıvan dəhlizi vasitəsilə yaranar. Şərti olaraq bu dəhlizi “Əməkdaşlıq yolu” adlandıraq. Həmin ərazidən Tehran-Moskva qatarı hərəkət edib. Ermənistanın apardığı pozuculuq fəaliyyəti səbəbindən həmin yol 1991-ci ildən bağlanıb. Naxçıvan blokadaya alınıb. Bu yoldan bir sıra mühüm hadisələrdə istifadə olunub. ABŞ prezidenti Teodor Ruzvelt, Böyük Britaniyanın baş naziri Uiston Çörçil və keçmiş SSRİ lideri İosif Stalin arasında 1943-cü ildə Tehranda görüş keçirilib. Sovet lideri həmin konfransa bu dəmir yolu ilə gedib. İndi vəziyyət dəyişib. Sovetlər yoxdur. Bölgədə iki dövlətlər öz müstəqilliyini bərpa edib. Yeni maraqlar və əməkdaşlıq formaları yaranıb. Bu dəhlizdən kim necə istifadə edə bilər? Ondan ilk növbədə Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İran yararlanar. Rusiyadan olan turistlər Moskvadan İstanbuladək dəmiryolu və ya avtomobil yolu ilə birbaşa hərəkət edə bilər. Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsi təmin olunar. Rusiya ilə Ermənistan arasında bu yol vasitəsilə əlaqə yaranar. İran quru yolla Rusiya və Avropaya çıxışı üçün əlverişli şərait əldə edər. Bu yolun region dövlətlərinə faydasını təsdiqləyən nümunələrin sayını artırmaq da olar. “Əməkdaşlıq yolu”ndan regiondankənar dövlətlər də faydalana bilər. Bu, ilk növbədə Ermənistanla əlaqə saxlamaq istəyən Orta Asiya dövlətlərinə sərfəli olar. İranla Gürcüstan arasında əlaqənin qurulmasına da bu yol töhfəsini verər. Artıq dünyada baş verənlər sübut edib ki, bütün münaqişələr başa çatandan sonra əməkdaşlıqlar başlayır. Bu münasibət qurulmayan yerlərdə münaqişənin yenidən başlayacağı ehtimalı və təhlükəsi həmişə qalır. Çünki əməkdaşlıq və qarşılıqlı səmərə tərəfləri iddialardan çəkindirə bilir.

Beləliklə, Ermənistanın qonşu dövlətlərə qarşı iddiasından əl çəkməsi bölgədə əməkdaşlığa yeni yollar açar. 30 ilə yaxındır ki, ermənilərin Azərbaycana qarşı fəaliyyəti, onun torpaqlarını işğal etməsindən daha çox Ermənistan ziyan çəkir. “Əməkdaşlıq yolu” erməniləri, Ermənistanı ələbaxımlıqdan da xilas edər. Odur ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə region dövlətlərinə və beynəlxalq ictimaiyyətə yeni layihə təqdim etdi: “Regional əməkdaşlıq, regional münaqişələrdən faydalıdır”. Bundan bölgədəki maraqların hamısına pay çatar.

Son xəbərlər

Orphus sistemi