Ekspertlər: Yəməndəki böhran Səudiyyə Ərəbistanına məxsus enerji resurslarının daşınmasına təhlükə yaradır - ŞƏRH

Ekspertlər: Yəməndəki böhran Səudiyyə Ərəbistanına məxsus enerji resurslarının daşınmasına təhlükə yaradır - ŞƏRH "Bu ölkədəki vəziyyət bütün Ərəbistan yarımadasında qeyri-sabitliyə səbəb ola bilər"
Analitika
30 Mart , 2015 17:01
Ekspertlər: Yəməndəki böhran Səudiyyə Ərəbistanına məxsus enerji resurslarının daşınmasına təhlükə yaradır - ŞƏRH

Bakı. 30 mart. REPORT.AZ/ Ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı yəmənli husilərlə qarşıdurma fonunda ölkənin şərq regionlarında və Bəhreyndə yaşayan müxalifyönümlü şiələrin də qarşısını almalıdır.

"Husilərin hakimiyyətə gəlməsi Səudiyyə Ərəbistanının Yəmən sahilləri yaxınlığından keçən ensiz boğazlardan enerji resurslarının daşınma marşrutlarının təhlükəsizlik zəmanətlərinin dəyişməsi deməkdir". Bu barədə "Report"a Böhranlı Cəmiyyətlərin Öyrənilməsi Mərkəzinin baş analitiki Sergey Balmasov bildirib.

Onun sözlərinə görə, bu gün ər-Riyaddan Tehrana enerji resurslarının daşınmasına nəzarətin dəyişəcəyi təhlükəsi yaranır.

"Lakin Səudiyyə Ərəbistanı hökumətinin hərəkətləri Yəməndə hakimiyyətin tez dəyişməsinə mane olur və onu Naser dövründə olduğu kimi, yeni çoxillik müharibəyə sürükləyə bilər", - o vurğulayıb.

Bununla yanaşı, ekspert qeyd edib ki, Yəməndəki qeyri-sabitlik monarxiya rejimləri və Avropa İttifaqı üçün problemə çevrilir.

"Tanker marşrutlarının keçdiyi coğrafi əraziləri nəzərə alaraq, yəmənli üsyançılar lazım gəldikdə həmin əraziləri artilleriya atəşinə tutmaqla ən azı dünyada neftin qiymətini ciddi şəkildə artıra bilər", - o bildirib. 

S.Balmasov qeyd edib ki, Yəməndəki vəziyyət ortamüddətli perspektivdə bütün Ərəbistan yarımadasında qeyri-sabitliyə səbəb ola bilər. 

"Çoxmilyonlu yəmənli qaçqınlarla bir yerdə Səudiyyə Ərəbistanına yaraqlılar da keçə bilər, bu da Ərəbistan yaramadası ölkələrinin sabitliyini pozacaq. Səudiyyəlilər artıq şimal sərhədlərində "İslam Dövləti" yaraqlıları ilə problemlərlə üzləşib, onlar ölkənin şərq regionlarında və Bəhreyndə yaşayan müxalifyönümlü şiələrin də qarşısını almalıdır", - o bildirib.

Ərəb dövlətləri arasında hərbi-siyasi ittifaqın yaradılmasını şərh edən politoloq vurğulayıb ki, bunu ilk baxışdan İran əleyhinə olan, lakin reallıqda ərəb dünyasında liderliyin əldə olunmasına yönələn "Səudiyyə ərəb ittifaqı" adlandırmaq lazımdır.

"Bu qəbildən olan digər itifaqlar kimi, o da uzunmüddətli olmayacaq, çünki pul uzunmüddətli koalisiyalar üçün ən yaxşı vasitə deyil, bir düşmənə qarşı birləşmək isə ciddi xərclərin yaranmasına qədər yaxşıdır. Başqa sözlə, şəxsi ehtiyatların və düşmən potensialının lazımi dərəcədə dəyərləndirilməməsi faciəni yalnız tezləşdirə bilər", - ekspert qeyd edib.

İranın husilərin üsyanındakı iştirakı haqqında danışan politoloq qeyd edib ki, husi-şiə qruplaşmaları həqiqətən də İranın Yəməndəki "təbii" müttəfiqidir. Onların döyüş qabiliyyətini İran xüsusi xidmət orqanları son dövrdə "Hizbullah" hərəkatı vasitəsilə təkmilləşdirib.

Öz növbəsidə Ali İqtisadiyyat Məktəbinin ərəbşünası Leonid İsayev həmin fikirlə razıdır. Onun sözlərinə görə, İranın Yəməndəki "Ənsarullah" hərəkatına hər hansı bir silah yardımı göstərməsi və ya maliyyələşdirməsinin heç bir sübutu yoxdur. Ərəbşünas qeyd edib ki, husilər hərəkatı sırf regional xarakter daşıyır.

"Husilərin etiqad etdiyi Zeyd şiə cərəyanı İranda deyil, məhz bu regionda yaranıb. Zeydilik xalis Yəmən əqidəsidir və şimali Yəmən tarixi boyunca bu regiona məxsus olub", - ekspert bildirib.

Ərəbşünas qeyd edib ki, Yəmənin əsas problemi ondan ibarətdir ki, prezident hər zaman müxtəlif etnik qüvvələr və qəbilələr arasında pariteti qoruyub saxlamaqla ölkəni məharətlə idarə etməlidir. 

"Mənsur Hadi qəbilə konfederasiyasının və Həşid qəbiləsinin rəhbəri olan Sadıq əl-Əhmərin tərəfini tutduğu andan bu tələyə düşüb. Mənsur Hadi əl-Əhmarın tərəfinə keçdiyi andan digər siyasi qüvvələr tərəfindən onlara yad olan, əl-Əhmər qəbiləsinə mənsub və onların sifarişlərini yerinə yetirən şəxs kimi qəbul olunmağa başladı. Bu, Yəməndə ümummilli dialoqun gündəliyində duran bütün əsas siyasi məsələlərin çıxılmaz vəziyyətə düşməsinə gətirib çıxardı", - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi