Ekspertlər: Moskva vilayətindəki terror aktını İŞİD törədib və ya ümumi səfərbərliyə zəmin yaradılır

Ekspertlər: Moskva vilayətindəki terror aktını İŞİD törədib və ya ümumi səfərbərliyə zəmin yaradılır Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktını İŞİD törədib.
Analitika
23 Mart , 2024 07:23
Ekspertlər: Moskva vilayətindəki terror aktını İŞİD törədib və ya ümumi səfərbərliyə zəmin yaradılır

Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktını İŞİD törədib.

“Report” xəbər verir ki, bu qənaətə terrorçuluq üzrə ekspert Peter Noyman və araşdırmaçı jurnalist Xristo Qrozev gəlib.

London Kral Kollecinin almaniyalı professoru Noymanın fikrincə, sözügedən terror aktını İŞİD-in törətməsinə bir neçə amil dəlalət edir: İŞİD-in etiraf məktubu, İŞİD-in “modus operandi”sinə (hərəkət tərzi) xas kompleks hücumu, ABŞ-dən hücumun planlaşdırıldığına dair xəbərdarlıq və İŞİD-in Vilayət Xorasan qolunun postsovet məkanında aktiv fəaliyyətdə olması.

“The Insider”in aparıcı araşdırmaçısı, həmçinin “Bellingcat”in sabiq əməkdaşı Qrozevə görə isə, Rusiya tərəfi ABŞ-nin hələ iki həftə öncə təqdim etdiyi kəşfiyyat məlumatlarından narazı qalsa da, cəmi bir neçə gün öncə İŞİD-ə qarşı əməliyyat keçirib: “Təxminən iki həftə öncə (martın 7-də - red.) artıq Amerika tərəfdən Rusiya xüsusi xidmət orqanlarına xəbərdarlıq edilib ki, İŞİD-lə əlaqəli olan Əfqanıstanın İŞİD-K qrupu tərəfindən rusiyalılara qarşı terror aktı hazırladığına dair müəyyən sübutlar ələ keçirilib. <...> Rusiya dövləti cavab verib ki, Amerika tərəfinin verdiyi məlumat yetərincə konkret deyil və [onlar] şikayət etməyə başlayıblar – hətta Mariya Zaxarova (Rusiya XİN sözçüsü – red.) bunu açıq şəkildə söyləyib. Bundan sonra Rusiyada İŞİD özəklərinin bəzi üzvləri həbs edilib. Yəni FTX (Federal Təhlükəsizlik Xidməti – red.) kimi həbs edəcəklərini bildiklərinə qərar veriblər və bu həbslərə davam ediblər”.

Mediaekspertin fikrincə, hadisəni İŞİD törədib, lakin o, təhqiqatın təqdim edə biləcəyi digər versiyaların da nəzərdən keçirilməsinin tərəfdarıdır:

“Rəsmi təhqiqatın hansı versiyaları təqdim edəcəyini gözləmək lazımdır, çünki burada müxtəlif variantlar var – əgər həqiqətən də İŞİD-in izinə işarə edilərsə, bu, ehtimal ki, həqiqətən də belə olub. Bununla belə, biz “The Insider” və “Spiegel”də bir ildir ki, Rusiya BKİ-nin (Baş Kəşfiyyat İdarəsi – red.) nədənsə Əfqanıstandan Rusiyaya gətirilən əfqan gənclərə təlim keçdiyini müşahidə edirik. Belə bir terror aktında Rusiyanın mümkün izinin olub-olmaması sual olaraq qalır. Amma bunun əfqan izi olduğu ortaya çıxarsa, o zaman İŞİD-K-nın Rusiyaya niyə məhz indi hücum etmək qərarına gəlməsinin səbəbini axtarmalıyıq”.

O əlavə edib ki, əgər “İŞİD-ə deyil, Rusiya Könüllülər Korpusu (ukraynayönümlü hərbi dəstə) və ya Ukraynaya işarə edilərsə, hər şey daha da qəlizləşəcək”:

“O zaman FTX-nin saxta iz uydurmaq motivasiyası <...> artır. Motivlərdən biri də gözlədiyimiz kimi ümumi səfərbərliyə zəmin yaratmaqdır. <...> İndi onların kimə işarə etdiyini görmək üçün gözləmək lazımdır, sonra dəlilləri nəzərdən keçirəcəyik”.

Xatırladaq ki, daha öncə “Krokus siti holl”da törədilmiş terror aktında İslam Dövlətinin iştirakı ilə bağlı material “The New York Times” və “CBS News” telekanalı tərəfindən dərc edilib. Bildirilib ki, ABŞ rusiyalılara gözlənilən hücumla bağlı kəşfiyyat məlumatı verib, eyni zamanda Moskvadakı səfirliyin saytında müvafiq xəbərdarlıq yerləşdiriblər.

Bundan başqa, İŞİD öz teleqram kanalı vasitəsilə terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi