Ekspertlər: Dollar istənilən halda bahalaşacaq

Ekspertlər: Dollar istənilən halda bahalaşacaq Avropa, İngiltərə və Yaponiyadakı iqtisadi problemlər dolların möhkəmlənməsini şərtləndirir
Analitika
29 Avqust , 2016 17:10
Ekspertlər: Dollar istənilən halda bahalaşacaq

Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin keçən həftə məlum iqtisadi simpoziumda çıxışı bu il, daha dəqiq sentyabrda uçot dərəcəsinin yüksəldilməsi ehtimallarını artırıb.

"Report" xəbər verir ki, çıxışın əvvəlində Yellen güclü dolların ixrac potensialını azaltdığını, şirkətlərin kapital qoyuluşlarının zəif olduğunu və lazım olarsa hətta uçot dərəcəsini azaldaraq monetar ekspansiyaya gedəcəyini bildirib. 

Daha sonra isə ABŞ-da əmək bazarının güclü olduğunu, ev təsərrüfatlarının xərclərini artırdığını, inflyasiyanın asta templə artdığını qeyd edərək uçot dərəcəsinin tədricən artırmağın məqsədəuyğun olduğu vurğulanıb. Nəticədə, ABŞ dolları əvvəlcə ucuzlaşsa da, sonradan möhkəmlənməyə başlayıb. Qeyd edək ki, USD/EUR məzənnəsi 1,1330-a qədər artdıqdan sonra 1,1190-a qədər geriləyib və hazırda 1,1170 USD/EUR səviyyəsində qərarlaşıb.

"Report"un analitik qrupu bu həftə ABŞ-da açıqlanacaq bir sıra göstəricilərin dolların istiqamətini müəyyənləşdirəcəyini proqnozlaşdırır. Bunlar, sabah açıqlanacaq istehlakçıların etimad indeksi, 31 avqustda əmlak bazarında satış, sentyabrın 1-də işsizlik müavinəti müraciətləri, istehsal sektorunda işgüzar fəallıq indeksi, sentyabrın 2-də kənd təsərrüfatı istisna olmaqla məşğulluq göstəricisində dəyişiklik göstəriciləridir. Son göstərici uçot dərəcəsinin artırılmasına ən çox təsir edə bilən göstərici sayılır.

FES üzvlərinin çıxışı bu il ən azı bir dəfə uçot dərəcəsinin artırılacağına işarə etdiyinə görə, investorlar dollar alışını sürətləndiriblər. Bu həftə açıqlanacaq göstəricilər müsbət olacağı halda isə dolların daha da möhkəmlənəcəyi və məzənnənin 1,10 USD/EUR-a yaxınlaşacağı gözlənilir. Dolların güclənməsinə səbəb kimi FES ilə Avropa Mərkəzi Bankı (AMB), İngiltərə Mərkəzi Bankı (BOE) və Yaponiya Mərkəzi Bankı (BOJ) arasında monetar siyasət fərqinin perspektiv nəticələri nəzərdə tutulur. Belə ki, FES faz artımının tarixini diskussiya edərkən, digər 3 bank faizləri azaltmaq və monetar ekspansiya barədə düşünür.

Xatırladaq ki, FES uçot dərəcəsini artırmasa belə, Avropa, İngiltərə və Yaponiyadakı iqtisadi problemlər bu bölgələrin valyutalarını ucuzlaşdıraraq, dolların möhkəmlənməsini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi