Yuxarı

Ekspertlər AKP-nin düzgün strategiya sayəsində Türkiyədə seçkiləri qazandığını düşünür - ŞƏRH

Seçkilərdə AKP-nin qələbə qazanması müxalifətin dərin böhran yaşadığını göstərir

Bakı. 3 noyabr. REPORT.AZ/ Ekspertlər hesab edir ki, Türkiyədə parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsi seçki kampaniyasında bir sıra xətalara yol verən müxalifətin dərin böhran yaşadığını göstərir.

"Bir çoxları parlament seçkilərinin nəticəsinin gözlənilməz olduğunu deyirdi. Bəli, ola bilsin, AKP-nin 49,5% səs toplaması gözlənilməz oldu. Amma ümumilikdə onların qələbəsi proqnozlaşdırılan idi", - türkiyəli politoloq, Ankara İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl bildirib.

Onun sözlərinə görə, AKP əvvəlki seçkilərdən yaxşı dərs çıxararaq bu dəfə seçkilərə hamıdan yaxşı hazırlaşmışdı: "Onlar çox uğurlu seçkiqabağı kampaniya keçirdi, mitinqlərdə iştirak etdi. Üstəlik, son 5 ayda baş verən fəlakətlər əhalinin ölkə rəhbərliyi ətrafında birləşməsinə gətirib çıxardı. Bu da seçkilərin yekun nəticəsinə təsir edib".

T.İsmayıl müxalifət haqda danışarkən onların, xüsusən də Milliyyətçi Hərəkat Partiyasının (MHP) çox uğursuz seçkiöncəsi kampaniya keçirdiyini qeyd edib. Politoloq əlavə edib ki, MHP-nin başqanı Dövlət Bağçalının siyasi partiyanın heç bir məşhur simasını namizəd kimi irəli sürməməsi yekunda partiyanın 2 milyondan çox səs və parlamentdə deputatlarının 50%-ni itirməsi ilə nəticələnib.

Azərbaycanlı politoloq İlqar Vəlizadə də AKP-nin qələbəsinin müxalifətin dərin böhranda olması ilə izah edib.

"Müxalifət ölkədə baş verən son olayların Ərdoğanın partiyasının mövqelərini zəiflədəcəyini düşünürdü. Onlar parlamentdə daha çox yer və öz şərtlərini diqtə etmək istəyirdi. Yerli KİV-də yazılanlar da müxalifəti bir növ rahatlatmışdı", - o bildirib.

İ.Vəlizadə müxalifətin ayrı-ayrı partiyalarının seçki fəaliyyətini də dəyərləndirib: "Xalqların Demokratik Partiyası (HDP) isə kürdləri türkləri barışdırmaq taktikasını seçərək səslərinin sayını artırmağı düşünürdü. Amma PKK-nın addımları, ölkə rəhbərliyinin antiterror əməliyyatları aparması AKP-ni dəstəkləyən milliyyətçilərin sayını artırdı. Nəticədə HDP çətinliklə 10%-lik həddi keçdi. MHP lideri Dövlət Bağçalının iqtidarla birlik yaratmaq əvəzinə, inadkarlıq göstərməsi kompromis istəyən seçicilərin AKP-yə səs verməsi ilə nəticələndi".

Politoloq qeyd edib ki, AKP-nin uğrunda kiçik partiyaların seçicilərini məhz Ərdoğanın partiyasına səs verməyə çağırması da rol oynayıb: "Amma əsas intriqa heç də hakimiyyət partiyasının rəqibləri üzərində inamlı qələbə qazanmasında deyil. İndi hamı AKP-nin qələbədən sonra nə edəcəyini gözləyir. Onların ötən illərin səhvlərindən nəticə çıxarıb-çıxarmayacağı maraqlı gözlənilir. AKP-nin özündə gələcək addımlar qiymətləndirməsi ilə bağlı uyğunsuzluqlar var. Amma seçkiyə görə daxili çəkişmələri kənara qoyan hakim partiyanın bu cür uyğunsuzluqları da həll edəcəyinə böyük ümid var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi