Bakı. 21 iyul. REPORT.AZ/ "Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması prosesini gecikdirmək üçün qəsdən siyasətçilər və milli kütlə arasında narazılıq yaradıb".
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi əməkdaşı Rizvan Hüseynov bir neçə silahlı şəxsin Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirməsi və bir neçə polis əməkdaşını girov götürməsini şərh edərkən deyib.
"Əlbəttə ki, bu, bir növ rəsmi Yerevanın Azərbaycan ərazilərini geri qaytarmaq zərurətinə reaksiyasıdır. Çünki qrafikə əsasən, yayın sonlarına doğru Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını nə zaman geri çəkəcəyi ilə bağlı konkret cavab verməlidir", - deyə R.Hüseynov bildirib.
Onun sözlərinə görə, qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması Ermənistanın hakim rejimi üçün intihara bərabərdir. O əlavə edib ki, məhz elə bu səbəbdən Ermənistan hakimiyyəti köhnə üsuldan - siyasətçilər və əlbəttə ki, xalq kütləsi arasında narazılıq yaratmaq variantından istifadə etmək qərarına gəlib.
"Ermənistanın dövlət sistemi ilə çox az tanış olan adama da aydındır ki, bu cür üsyanın qarşısını almaq çətin deyil. Serj Sarqsyan dəfələrlə öz xalqının qanını tökməyə hazır olduğunu sübut edib, lap elə 2008-ci ildə olduğu kimi. Sarqsyan rejiminin üsyanı yatıra, girovları azad edə və üsyançıları həbs edə bilmədiyini göstərməyə çalışması gülüncdür", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Serj Sarqsyan bu yolla növbəti tamaşasını yaradır.
"Bu gün baş verənlər 1998-1999-cu illərdə yaşananları xatırladır. O zaman ABŞ münaqişə tərəflərini - Azərbaycan və Ermənistanı problemi Bakı-Ceyhan neft kəmərinin Ermənistan ərazisindən keçməsi yolu ilə həll etməyə sövq edirdi. Amma 1999-cu ildə nələr yaşandığını bilirik: münaqişənin belə həllinin tərəfdarı olanlar parlamentdəcə öldürüldü və münaqişə uzun müddətə donduruldu", - deyə baş elmi işçi qeyd edib.
Onun sözlərinə görə, Yerevanda baş verən son hadisələrin arxasında Ermənistana manevr etməyə və təzyiq etməyə, o cümlədən Azərbaycana, imkan verən müəyyən siyasi qüvvələrin dayanması da mümkündür.
"Münaqişənin həllini gecikdirmək üçün Ermənistanın əlinə əlavə şans düşüb. Hələlik hadisələrin necə bitəcəyini proqnozlaşdırmaq çətindir. Serj Sarqsyan ikibaşlı oynayır. Hər şey həmsədr ölkələrin öz aralarında necə razılaşacağından asılıdır. Elə Sarqsyanın taleyi də bundan asılı olacaq" , - deyə R.Hüseynov bildirib.
"Hesab edirəm ki, avqustun ikinci yarısından sonra Ermənistanın kaprizlərinin nəzərə alınıb-alınmadığı barədə fikir yürütmək olacaq. Türkiyə bütün dünya ictimaiyyətinin diqqətini üzərinə çəkib. Ermənistan tərəfi də siyasi vakuumdan istifadə etməyə, yeni variantlar tətbiq etməyə çalışır. Amma avqustun sonunda danışıqlar prosesinin hansı istiqamətdə getdiyi aydın bilinəcək", - deyə o fikrini tamamlayıb.