Bakı. 2 iyun. REPORT.AZ/ Hitlerçilərə xidmət edən faşist generalı Qaregin Njdeyə abidə qoyulması bir növ Ermənistanın apreldəki hərbi əməliyyatlarda məğlubiyyətə görə birbaşa ittiham etdiyi Rusiyaya qarşı demarşıdır.
Bu barədə "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi əməkdaşı Rizvan Hüseynov bildirib.
"Hitlerçilərə xidmət edən faşist generalı Qaregin Njdeyə abidə qoyulması Ermənistanın Rusiyaya qarşı demarşıdır. Əlbəttə, dünya ictimaiyyətinin diqqətini Rusiyadan olan incikliyə yönəltmək baxımından axmaq demarşdır. Apreldə Dağlıq Qarabağda təmas xəttində baş verən hərbi əməliyyatlardan və Ermənistan ordusunun üzləşdiyi uğursuzluqlardan sonra hətta Ermənistan rəhbərliyində də bunun günahının Azərbaycanı dəstəklədiyi üçün Rusiyada olduğu fikri formalaşıb. Hərçənd hamımız gözəl bilirik ki, əsrlər boyu və bu illərdə onlar həmişə Ermənistanı və erməni xalqını dəstəkləyib", - deyə R.Hüseynov qeyd edib.
"Əslində, məsələnin məğzi belədir ki, bu abidəni hansısa həvəskarlar və ya ictimai təşkilatlar qoymayıb. Əksinə, onun açılışında Ermənistan prezidentinin özü şəxsən iştirak edib və bu da çox şeydən xəbər verir. Yerevanda Njdeyə abidə qoyulması dövlət səviyyəsində faşizmin təbliğatı deməkdir", - deyə AMEA-nın baş elmi əməkdaşı vurğulayıb.
R.Hüseynov XIX əsrin sonlarında Ermənistanda terror və digər xalqlara qarşı düşmənçilik ideyalarının daşıyıcılarının "Qnçak" və "Daşnaksütun" kimi siyasi hərəkatlar olduğunu və onların dünya terrorunun və faşizm ideologiyasının kökündə dayandığını bildirib. Onun sözlərinə görə, bu partiyaların nizamnəməsində açıq-aşkar "Böyük Ermənistan"ın və ümumilikdə dünya üzrə erməniçiliyin yaradılması üçün türkləri-müsəlmanları məhv etmək lazım gəldiyi bildirilib.
Ekspertin bildirdiyinə görə, problem vaxtilə "Daşnaksütun" və "Qnçak"a himayədarlıq edərək onlardan öz məqsədləri üçün istifadə edən Avropa və dünya ictimaiyyətinin indi Ermənistanda bəlkə də beşinci və ya altıncı nəslə bu ideyaların tədris edilməsinə göz yummasındadır.
R.Hüseynov xatırladıb ki, Q.Njde Hitlerin "Mayn kampf" avtobioqrafik əsərinə bənzər kitabların müəllifi olub və bu kitablarda Ermənistan elitasının "Böyük Ermənistan" yaratmaq üçün perspektivdə hansı yollarla müsəlmanları, türkləri məhv edib kütləvi təmizləmə həyata keçirməsini ideoloji cəhətdən əsaslandırıb. "Bu gün Qaregin Njde ölkəsini sevən, yaxşı hörmətli erməninin rəmzidir", - deyə institutun elmi işçisi vurğulayıb.
"Bu adam məşhur Drastamat Kanayan (Dro) kimi cəllad olub. Onlar tərkibində azı 20 min erməninin olduğu və Alman faşistləri tərəfindən vuruşan legiona başçılıq edib", - deyə R.Hüseynov bildirib.
Onun sözlərinə görə, bu gün Rusiya ictimaiyyəti Yerevanda erməni faşist generalına abidə ucaldılmasına heç bir reaksiya vermir və bu da Rusiyada media və KİV-in bu gün ermənipərəst nümayəndələr, jurnalistlər və teleaparıcılardan təşkil edildiyinə işarədir.
"Rəsmi Yerevan qeyri-erməni əhalinin qovulması və məcburi departasiyası ilə təsdiq edir ki, onlar həqiqətən faşistdirlər. Eyni zamanda, bununla onlar faşizmin ölkədə inkişaf edəcəyini, gənc nəslə faşizm ideyaları aşılayacaqlarını göstərir", - deyə ekspert sözlərinə əlavə edib.