Ekspert: "Tehranın məqsədi təcili şəkildə sanksiyaların ləğv olunmasıdır, lakin Qərb zəmanət istəyir" - RƏY

Ekspert: "Tehranın məqsədi təcili şəkildə sanksiyaların ləğv olunmasıdır, lakin Qərb zəmanət istəyir" - RƏY "Əldə olunan razılaşmaların İran üçün nə dərəcədə uğurlu olacağı yaxın zamanlarda məlum olacaq"
Analitika
3 Aprel , 2015 15:23
Ekspert: Tehranın məqsədi təcili şəkildə sanksiyaların ləğv olunmasıdır, lakin Qərb zəmanət istəyir - RƏY

Bakı. 3 aprel. REPORT.AZ/ "Lozannada razılaşma əldə olunduqdan sonra İran prezidenti Həsən Ruhani öz seçkiqabağı proqramında qarşıya qoyduğu məqsədə - əsas sanksiyaların aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail ola biləcək". Bu barədə "Report"a İran üzrə məşhur rusiyalı ekspert Anton Yevstratov bildirib. 

Onun sözlərinə görə, bu, hazırda İrana çox lazımdır, çünki iqtisadi sahədəki məhdudiyyətlər ölkənin HSK və elmi potensialına böyük təsir göstərməsə də, sadə iranlıların rifahına böyük zərbə vurub: "Sadə iranlıların səbri sonsuz deyil. Prezident postuna Həsən Ruhaninin seçilməsi və onun proqramına olan inam bunun göstəricisidir".

O, həmçinin qeyd edib ki, yaxın zamanlarda "altılıq"la razılaşmanın konkretləşdirilməsi İran üçün nə dərəcədə uğurlu olacağını göstərəcək: "Sanksiyalar necə aradan qaldırılacağı məlum deyil. Tehranın məqsədi təcili şəkildə sanksiyaların ləğv olunmasıdır, lakin Qərb zəmanət istəyir. Daha dəqiq desək, artıq heç kim İslam Respublikasını nüvə proqramının hərbiyönümlü olmamasına şübhə eləmir, danışıqlarda artıq təhlükəsizlik məsələsi qaldırılmır, burada yalnız siyasi sövdələşmə gedir".

"İran uranı zənginləşdirmək imkanını əldə edir, sayı az da olsa, sentrifuqaları qoruyub saxlayır. Uranın zənginləşdirilməsi mərkəzləri tədqiqat mərkəzlərinə çevrilir, bu da Tehrana müvafiq texniki imkanlar olduqda istənilən vaxt uranı zənginləşdirməyə yenidən başlamaq imkanı verir. Bunun əvəzində İran razılaşmanın əldə olunacağı təqdirdə Yaxın Şərq siyasətində sərbəst olacaq, nəzarəti altında olan şiə dövlətləri ilə (Yəmən, İraq, Bəhreyn) Səudiyyə Ərəbistanını mühasirəyə alacaq, Türkiyə və İsraili təcrid edəcək və özünü Fələstindən Əfqanıstana qədər sərbəst hiss edəcək. Bu addımlar lazımi şəkildə atılarsa, İran  xarici siyasət sahəsində əvvəllər görünməmiş güc əldə etmək imkanını qazanacaq, bu, iqtisadi cəhətdən də ölkəni gücləndirə bilər", - ekspert hesab edir. 

A.Yevstratov İrana qarşı sanksiyaların aradan qaldırılma ehtimalını nəzərə alaraq, neft bazarında baş verəcək dəyişikliklər haqqında məsələni də şərh edib: "Neftin qiyməti artıq 5% düşüb, baxmayaraq ki, hələ heç nə baş verməyib. Zərif və Kerrinin tvitləri neftin qiymətini salıb. Anlamaq çətin deyil ki, İran kimi iri idxalçıya qarşı sanksiyaların aradan qaldırılması  ABŞ və Avropa üçün neftin qiymətinin düşməsinin arzuolunan olduğunu nəzərə alaraq qiymətlər enəcək".

Aprelin 2-də Lozannada İran və "altılıq" ölkələri nüvə proqramı məsələləri üzrə son plenar iclasını başa vurub. İclasda nüvə proqramı üzrə razılaşmanın əsas dayaq nöqtələri haqqında qərar qəbul olunub. Sənədin iyunun sonlarında imzalanacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi