Bakı. 2 oktyabr. REPORT.AZ/ Kataloniyadakı referendumun nəticələri bir sıra Avropa ölkələrinin siyasi sabitliyinə ciddi təsir göstərə bilər.
Bu barədə "Report"a rusiyalı siyasi ekspert Pavel Klaçkov dünən Kataloniyada keçirilən İspaniya hökumətinin tanımadığı "referendum"u şərh edərkən bildirib.
"Rəsmi Madrid öz resurslarından və Avropa və dünyanın bir sıra ölkələrinin, o cümlədən Fransa, Almaniya və ABŞ-ın dəstəyindən istifadə edərək katalonların arzusuna qarşı özünü olduqca sərt və qətiyyətli aparacaq. Avropa ölkələri Kataloniyanın müstəqilliyindən qorxur, çünki bu, Avropa məkanında "domino effekti" yaradacaq və bəzi ölkələrdə siyasi qeyri-sabitliyə səbəb olacaq", - deyə P.Klaçkov vurğulayıb.
Onun sözlərinə görə, katalonların uğur qazanması elə İspaniyada yaşayan baskların, şotlandların, flandriyalıların müstəqil yaşamaq arzusuna gətirib çıxara bilər.
"Qeyd etmək istəyirəm ki, Kataloniya zəngin regiondur və regionun gəlirləri bütün İspaniya ÜDM-nin dörddə birini təşkil edir. Bu isə, təxminən, 200 milyard ABŞ dolları deməkdir. Bu amil də sakinləri İspaniyadan ayrılıb müstəqil olmağa cəzb edir", - politoloq qeyd edib.
Pavel Klaçkov
"Bu gün Avropada regionçuluq ruhu artır. Avropada ümumavropa dəyərlərini təbliğ edilsə də, milli kimliyin silinməsi mümkün olmayıb", - P.Klaçkov əlavə edib.Onun sözlərinə görə, Avropa məkanında gərginliyin aradan götürülməsi və vəziyyətin sabitləşməsi üçün bütövlükdə dövlətlər və regionlar arasındakı əlaqələr dəyişməlidir, Avropanın konsolidasiyası mexanizminə yenidən baxılmalıdır.
"Avropanı ciddi çalxalanma gözləyir. Ancaq ciddi narahatlıq üçün heç bir əsas yoxdur. Avropanın dərin, güclü əlaqələri var. Avropa kənardan göründüyündən də güclü, imkanlıdır", - ekspert bildirib.