Bakı. 30 oktyabr. REPORT.AZ/ Avropa İttifaqını (Aİ) radikal dəyişikliklər gözləyir.
Bu barədə "Report"a İspaniyanın Kataloniya muxtariyyətində "müstəqillik" elan edilməsi ətrafında yaranmış vəziyyəti şərh edərkən rusiyalı siyasi ekspert Pavel Klaçkov bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətdə müəyyən kompromis əldə etmək zəruridir, çünki artıq flamandların, baskların, şotlandların, korsikalıların gözləmə vəziyyətində dayandığı məlumdur.
Politoloq xatırladıb ki, Kataloniyanın ÜDM-i 224 milyard avrodur: "Regionda əhəmiyyətli nəqliyyat kommunikasiyası, böyük hava limanı, böyük dəniz limanı, İspaniyanın elektrik enerjisinin, demək olar, yarısını istehsal edən iki atom elektrik stansiyası var".
Onun sözlərinə görə, bu gün Avropa İttifaqının konsepsiyası sual altındadır və onu indiki vaxta uyğun olmaqla əsaslı şəkildə yenidən işləmək lazımdır.
"Bu, ya Millətlər İttifaqı, ya da Regionlar İttifaqı olacaq. Əlbəttə, Aİ-də əlaqələr güclü və möhkəmdir, amma əsası bu ittifaqın özülündə hansı anlayışın olmasıdır. Biz Avropanın tənəzzülündən yox, onun mümkün radikal dəyişdirilməsindən danışırıq", - politoloq vurğulayıb. O əlavə edib ki, bu gün Avropada faktiki olaraq inqilabi vəziyyət yaranıb.
Rusiyalı ekspert Kataloniya böhranına görə günahın siyasi passivlik göstərdiyinə görə, rəsmi Brüsselin üzərinə düşdütünü qeyd edib: "Bu gün biz ümumilikdə İspaniya hakimiyyətində böhrana şahidlik edirik. Məsələn, işsizliyin səviyyəsi təxminən 20% təşkil edir. Uzunmüddətli böhranın gəldiyini görürük."
O, Aİ-nin sıralarından çıxan britaniyalıların uzaqgörənliyini vurğulayaraq onların indi Aİ-nin tərkibində qalmağın məqsədyönlü və sərfəli olmayacağını anladığını önə çəkib.
"Hələlik vəziyyin qısa zamanda həlli və ya onun açıq-aydın çıxış yolları görünümür", - rusiyalı politoloq fikrini yekunlaşdırıb.