Bu gün Federal Ehtiyat Sistemi (FED), növbəti gün isə Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankı uçot dərəcələrinə yenidən baxacaq. Hər üç tənzimləyici faiz qərarı verərkən əsas orientir kimi inflyasiyanı götürür. ABŞ və Avropada qiymət artımı son 40 ilin ən pik həddəlində qərarlaşıb. Tələbə xələl gətirsə belə, onunla mübarizə əsas tənzimləyicilər tərəfindən prioritet kimi müəyyən olunub.
ABŞ-ın Mərkəzi Bankı rolunu oynayan FED-in ardıcıl olaraq dörd dəfə uçot dərəcəsinin 0,75 faiz bəndi həddində artırılmasının ardından bu dəfə uçot dərəcəsini 0,50 faiz bəndi artıracağı gözlənilir. Bununla da uçot dərəcəsi 4,25-4,50 %-ə çatacaq. Ötən gün ABŞ-da açıqlanan inflyasiya göstəricləri FED-in qərarının bu yöndə olacağı əminliyini artırır. Belə ki, baza inflyasiya (ərzaq və yanacaq qiymətlərindən başqa) noyabrda 6 %-ə kimi zəifləyib ki, bu da qiymət artımına dair gözləntilərdən (6,1 %) də aşağıdır.
Avropada inflyasiya təzyiqlərinin hələ ötən ildən müşahidə olunmasına baxmayaraq ECB tərəfindən qiymətlərin kəskin artması təhlükəsinə reaksiya FED-dən xeyli gec gəldi. Tənzimləyici uzun zaman idi ki, uçot dərəcəsini sıfır həddə saxlayırdı. Ucuz pul siyasətinin əsas məqsədi daha çox borclanmış avrozona ölkələrinə dövlət borclarını azaldmaq üçün maliyyə imkanlarını sabitləşdirməyə zaman və imkan tanımaq idi. Lakin rekord bahalaşma bu siyasətə ciddi korrektələr etdi. İyulun axırlarında son 11 ildə ilk dəfə olaraq ECB uçot dərəcəsini artırdı. Həmin vaxta kimi FED artıq 3 dəfə faiz artımına getmişdi. Bu prosesdə təşəbbüs müəyyən mənada FED-in əlindədir və ECB öz qərarlarında müəyyən mənada ona istiqamətlənir. Ona görə FED-in uçot dərəcəsinin artım tempini aşağı salması ECB-yə də təsir edəcək.
Nəzərə almaq lazımdır ki, ötən ay avrozonada son yarım ildə ilk dəfə olaraq inflyasiya zəifləyib. Bu, tənzimləyicinin daha aşağı faiz artımına gedəcəyi ehtimallarını möhkəmləndirir. Beləliklə uçot dərəcəsinin iki dəfə ardıcıl olaraq 0,75 faiz bəndi artımdan sonra 0,50 faiz bəndi qaldırılacağı gözlənilir. İlgiltərə Bankının da analoji addım atacağı ehtimal edilir. Ötən ay tənzimləyici uçot dərəcəsini 0,75 faiz bəndi (1989-cu ildən bu yana ən yüksək göstərici) artırıdı. Bu, daha çox fövqəladə addıma bənzəyirdi. Ona görə bankın bu dəfə uçot dərəcəsini 0,50 faiz bəndi artırmaqla 3,5 %-ə çatdırılacaq ki, bu da 2008-ci ildən bu yana ən yüksək göstərici olacaq.
Tənzimləyicilərin faiz qərarı ABŞ dolları, avro və funtun məzənnəsinə təsir edəcək. Okeanın o tayında uçot dərəcəsinin artırılması ABŞ dollarının digər aparıcı valyutalar, o cümlədən avro qarşısında dəyər itirməsinə gətirib çıxaracaq. Möhkəm avro isə adətən ABŞ dollarına satılan və son vaxtlar kəskin bahalaşmış enerjidaşıyıcılarının idxalını ucuzlaşdırır. Bu isə nəticə etibarı ilə avrozonada inflyasiyanın aşağı salınmasına kömək edə bilər. O ki qaldı, funta onun möhkəmlənmə tendensiyası avroya nisbətən daha azdır. Gələn il bu valyutanın ABŞ dolları qarşısında 11 % dəyər itirəcəyi gözlənilir.