Aİ üzvlüyünə "əbədi namizəd ölkə" - Paşinyanın bəyanatına sözardı - ŞƏRH

Aİ üzvlüyünə "əbədi namizəd ölkə" - Paşinyanın bəyanatına sözardı - ŞƏRH Ermənistan baş naziri Nikol Paşinyan Kopenhagen səfəri zamanı qalmaqallı və maraqlı açıqlamaları ilə gündəm olub. Ölkəsini demokratik dövlət kimi qələmə verməsi, bu istiqamətdə islahatlar apardığını bəyan etməsini Avropadakı erməni lobbisi top-tüfənglə qa
Analitika
15 May , 2024 17:57
Aİ üzvlüyünə əbədi namizəd ölkə - Paşinyanın bəyanatına sözardı - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen səfəri zamanı qalmaqallı və maraqlı açıqlamaları ilə gündəm olub. Ölkəsini demokratik dövlət kimi qələmə verməsi, bu istiqamətdə islahatlar apardığını bəyan etməsini Avropadakı erməni lobbisi "top-tüfənglə" qarşılayıb. Kopenhagen Demokratiya Sammitində çıxış üçün dəvət olunan baş nazirə özünəməxsus şəkildə etiraz edilib. Erməni icması baş nazirin çıxış edəcəyi binanın qarşısına “o, yalançıdır” şüarları ilə çıxıb.

Teleqram kanallarında dərc olunan materiallarda piketlərdən görüntülər yer alıb. Etirazçılar bildiriblər ki, Paşinyan yalançıdır və əsl demokratiya barədə təsəvvürü belə yoxdur. Əllərində Ermənistan və keçmiş separatçı rejimin bayraqlarını tutan diaspor nümayəndələri “o sizə nə desə, inanmayın, Paşinyan yalançıdır. Ermənistanda demokratiya yoxdur”, - deyə qışqırmağa başlayıblar. İddia ediblər ki, Nikol Paşinyan Ermənistan xalqını təmsil edə bilməz. Çünki ölkəsində onun istefasını tələb edirlər.

Diasporun mövqeyi bəllidir. Kilsə ilə birləşib soydaşları arasında anti-Türkiyə, anti-Azərbaycan əhvali-ruhiyyənin formalaşmasında əvəzsiz rol oynayıblar. Onlar Ermənistan və Azərbaycan xalqları arasında vaxtilə nifaq toxumu səpən qüvvələrdən biri və hətta birincisi olublar. Qeyd edək ki, Fransa, ABŞ, Rusiya və digər ölkələrdə yaşayıb fəaliyyət göstərən, burada yüksək postlarda təmsil olunan, siyasi dairələrə çıxış imkanı olan ermənilər böyük dövlətlərin mövqeyinə təsir edərək onlardan iki xalq arasında münasibətləri gərginləşdirmək üçün yararlanıblar.

Son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh danışıqları, sərhədlərin delimitasiyası ilə bağlı razılaşmalar diaspor və kilsəni narazı salıb. Səbəb də bəllidir. Çünki lobbi ehtiyat edir ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması onları əsrlik mənfəətdən məhrum edə bilər.

Maraqlıdır ki, 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsində əvəzsiz rol oynayan diaspor indi ona qarşı çıxış etməyə başlayıb.

Baş nazir Kopenhagendə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsindən də bəhs edib. O bildirib ki, Ermənistan 2024-cü ildə Aİ-yə üzv olmağa hazırdır.

Bəs İrəvanın bu il Aİ-yə üzv olacağı nə qədər realdır? Birmənalı şəkildə deyə bilərik ki, bu, sadəcə daxili auditoriyaya yönəlik bir açıqlamadır.

Əvvəla, bu, ona görə mümkün deyil ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola-ola Aİ-yə üzv ola bilməz. İrəvan əvvəlcə namizəd statusu almalı və bütün şərtlər üzrə danışıqlara başlamalıdır. Maraqlıdır ki, mayın əvvəlində Aİİ-nin sammitində iştirak etmək üçün Moskvaya gedən Paşinyan indi Aİ-yə üzvlükdən danışır. Digər tərəfdən də İqtisadi İttifaqa üzvlüyü öz maraqlarına uyğun hesab edir. Aİ və Aİİ-yə üzvlük isə ayrı-ayrı məsələlərdir və bir-biri ilə üst-üstə düşmür. Yəni Paşinyan KTMT-dən uzaqlaşmaq istəsə də, Aİİ-də qalmağa üstünlük verir.

Ermənistanın Avropa İttifaqına tezliklə üzv qəbul olunacağı mümkünsüzdür. Çünki coğrafi baxımdan dövlət Avropa ölkəsi deyil. Bundan əlavə, bu ölkə ittifaqa xas hansısa təklif vermək iqtidarında deyil. Aİ-yə daxil olarsa belə, bu, ölkə iqtisadiyyatına heç bir təsir göstərməyəcək. Ona görə də baş nazirin Aİ-yə üzvlüklə bağlı təklifi elektoratı Avropa nağılları ilə doydurmağa yönəlib.

Aİ-yə üzvlüklə bağlı bəyanatın harada və nəyə görə edildiyinə də diqqət yetirilməlidir. Kopenhagen Demokratiya Sammitinin təşkilatçısı Demokratiyalar Alyansıdır. Onun yaradıcısı isə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussendir. “Rasmussen Global” şirkətinin yaradıcısı olan bu şəxsin əsas müştərisi isə Ermənistandır. Başqa sözlə, məntiqlidir ki, İrəvan Paşinyanın bu sammitdə iştirakına görə pul ödəyib, həm də sammitdə səsləndirilməli olan məsələlər müəyyənləşdirilib.

Beləliklə, Paşinyanın Ermənistanın bu il Aİ üzvlüyünə hazır olmasasını bəyan etməsi ciddi qəbul olunmur və şou xarakterlidir. Ermənistanı gözləyən maksimum nəticə sadəcə Aİ üzvlüyünə "əbədi namizəd ölkə" statusu ola bilər.

Son xəbərlər

Orphus sistemi