Düşmənin qovulması ilə qarşılanan Müstəqillik Günün mübarək, Azərbaycan!

Düşmənin qovulması ilə qarşılanan Müstəqillik Günün mübarək, Azərbaycan! Müstəqillik bir xalqın, millətin hər gün, hər an qorunan, uğrunda hər gün mübarizə aparılan nailiyyətidir.
Analitika
18 Oktyabr , 2020 19:07
Düşmənin qovulması ilə qarşılanan Müstəqillik Günün mübarək, Azərbaycan!

Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Azərbaycan vətəndaşları 29 ildir bu iki şərəfli işin öhdəsindən gəlir.

Ötən illər ərzində çoxsaylı problemləri öz gücünə həll edən azərbaycanlılar sentyabrın 27-dən əks-hücum əməliyyatı ilə Vətən müharibəsi aparır. Vətən torpaqlarının erməni faşistlərindən azad edilməsi uğrunda döyüşlərdə şəhidlərimiz də, yaralılarımız da var. İtkilər acı olsa da, onun qarşılığında torpaqlarımızın işğaldan azad olunmasının mahiyyətini hər kəs yaxşı anlayır. Baş verənləri anlayışla qarşılayır. Ölkədə hamı bir amala, bir hədəfə xidmət etdiyini gözəl anlayır.

Müstəqillik bir xalqın, millətin hər gün, hər an qorunan, uğrunda hər gün mübarizə aparılan nailiyyətidir.

Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümüdür. Ötən bu müddət ərzində Azərbaycan xalqı bu günü indiki kimi qeyd etməyib.

Düzdür, bu möhtəşəm gün ərəfəsində, oktyabrın 17-də, gecə saatlarında Ermənistanın Gəncəyə ikinci dəfə raket hücumu nəticəsində 6-sı kişi, 4-ü qadın, 3-ü körpə olmaqla 13 dinc sakin vəfat edib, 23-ü kişi, 20-si qadın, 5-i azyaşlı olmaqla 48 mülki vətəndaş yaralanıb. İki uşaq itkin düşüb.

Ermənistan ötən illər ərzində havadarları və himayədarları ilə birlikdə Azərbaycanın işğal etdikləri bütün rayonlarında soyqırımı və terrorlar törədib. Xocalı soyqırmı bunlara ən faciəli örnəkdir.Gəncəyə mülki obyektlərə hücum da erməni düşmənçiliyinin bu qəbildən olan əməlidir.

Döyüşdə məğlub olan Ermənistan və ermənilik heyfını gecə körpələrin yatdığı evləri bombalamaqla çıxmağa çalışır. Ancaq onlar işğal etdikləri Azərbaycan torpaqlarından qovulurlar. Onların qovulması körpələrin rahat uyuması və böyüməsi üçündür. Buna görə Azərbaycan Ordusu ermənilərin hücumu nəticəsində şəhid olmuş bir yaşlı körpə Mədinə və daha neçə-neçə körpə, uşaq, qoca, qadın, xəstə, əlsiz-ayaqsız da daxil olmaqla vətəndaşlarının qisasını qiyamətə qoymur.

Ancaq öz torpaqlarını düşmən tapdağından azad etmək üçün Azərbaycan xalqının mənəvi, tarixi, maddi, hərbi və bütün hüquqları var.

29 ildə ilk dəfədir belə olur - Azərbaycan Ordusu döyüşə-döyüşə uğur qazanır, xalqımız dövlət müstəqilliyini bu qələbələr fonunda qarşılayır, qeyd edir. Müstəqillik Günü ərəfəsində Gəncə və Mingəçevirə xain hücum nəticəsində şəhid olan vətəndaşlarımzın qanı yerdə qalmadı. Döyüşdə Ermənistana məxsus xeyli canlı qüvvə, hərbi texnika, “Su-25” qırıcı məhv edildi.

Dövlət müstəqilliyinin bərpası günü ərəfəsində Azərbaycanın işğal altında olan ən böyük rayonlarından biri, Füzuli rayonu və şəhəri Ermənistanın işğalından azad olundu.

Azərbaycan Silahlı Qüvvələri öz həmvətənlərinin qisasını indiki qədər belə tez heç vaxt almayıb.

Gəncəli 5 yaşlı Bəxtiyar düşmənin xain hücumunu gülüş ilə qarşılamaqla Azərbaycanın gücünü nümayiş etdirib. Bəxtiyar bu gülüşü onun düşmən üzərində şəxsi qələbəsinin təntənəsi idi. O, gülərüzü ilə Azərbaycanın müstəqilliyinin simvollarından birinə də çevrilib. Onun timsalında bir daha təsdiqləndi ki, bütün məşəqqətlərə və çətinliyə baxmayaraq, gülməyi bacaran və ayaq üstə duran bir milləti kimsə məğlub edə bilməz.

Azərbaycan heç vaxt müstəqilliyini müdafiə etmək üçün bu gücdə də olmayıb. İndi onun müasir silah və hərbi texnika ilə silahlanmış qüvvətli Ordusu, döyüş təcrübəsi olan komandanı və əsgəri, ehtiyatda döyüşə bilən yüz minlərlə vətəndaşı var.

Azərbaycan dövləti işğalı və alçaldıcı sülh qəbul etmir, mənasız danışıqlardan imtina edir, ərazi itkisi ilə barışmır. Bu gün ərazi bütövlüyünü təmin etmək üçün onun bütün imkanları var.

Bu gün Azərbaycanın milli dövlətçilik tarixində mühüm günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR-in Ali Sovetin sessiyasında dövlət müstəqilliyi haqqında 6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktı qəbul edib.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Bununla da 71 illik rus-bolşevik işğalına rəsmi olaraq son qoyulub. Həmin tarixdən sonra Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirmək, inkişaf etdirmək və ermənilərin işğalı altında olan torpaqları azad etmək üçün fəaliyyət göstərməyə başladı. Oktyabrın 18-dən sonra Azərbaycan Respublikası yarandı. Bu gün Azərbaycan xalqı öz dövlətinin torpaqlarının azadlığı uğrunda mübarizə aparır. Düşmənin özgə torpağına soxulan burnu heç vaxt belə əzilməyib. Düşmənlərin burnu əzildikcə Azərbaycanın müstəqilliyi daha da güclənir. Müstəqilliyin mübarək. Azərbaycan!

Son xəbərlər

Orphus sistemi