ABŞ-nin bir dövlət kimi xarici siyasətinin manipulyasiya üzərində qurulması çoxlarına məlumdur. Bu dövlət mətbuatdan tutmuş sosial sahələrə qədər ən müxtəlif müstəvilərdə öz istəklərini “quran ayəsi” kimi təqdim edir. Amma məsələ ondan ibarətdir ki, bir çox Qərb dövlətlərində, o cümlədən ABŞ-də təqdim və təbliğ edilən dəyərlərin heç birindən əsər-əlamət yoxdur. Rəsmi Vaşinqton bir növ bunu deyir: “Mən etdiyimi etməyin, dediyimi edin”.
Ağ Evin bu ritorikasını təsdiqləyən kifayət qədər fakt var. Bu gün ABŞ demokratiya pərdəsi altında dünyada, o cümlədən Cənubi Qafqazda öz məqsədlərini təmin etməyə çalışır. Halbuki ABŞ-nin özündə vəziyyət heç də yaxşı deyil. Əksər amerikalıların insan hüquqları məhduddur. Bu, özünü müxtəlif sahələrdəki bərabərsizliklərdə göstərir.
Bu gün okeanın o biri tayında olan ölkədə irqi ayrı-seçkilik, polis zorakılığı kifayət qədər çox yayılıb. Bu, bir xroniki xəstəlik halına gəlib. Vaşinqtonda və digər şəhərlərdə müntəzəm olaraq qaradərili vətəndaşların hüquqları tapdalanır. Bu azmış kimi onlar döyülür. Ölkədə odlu silaha əlçatımlılıq çox asandır. Çünki silah lobbisinin maraqlarını müdafiə edən kifayət qədər konqresmen və senator var. Bu da ölkədə zorakılığın geniş yayılmasının əsas səbəblərindəndir.
ABŞ-də irqi motivli cinayətlər 2020-ci ildən 2022-ci ilə qədər kəskin artıb. Federal Təhqiqatlar Bürosunun hesabatında deyilir ki, bu növ cinayətlərin sayı 2020-ci ildə 8120, 2021-ci ildə isə 9065 dəfə rast gəlinib. Bu cinayətlərin 64,5 faizi irqi ayrı-seçkilik motivlidir. Həmçinin, cinayətlərin 14,1%-i dini mənsubiyyətlə bağlıdır. Bu cinayətlərin əksər hissəsinin əsasında afro-amerikalılara qarşı qərəzli münasibət dayanır. İl ərzində 433 hadisə Latın Amerikasından olanlara, 305 hadisə isə asiyalılara qarşı baş verib.
Bundan başqa, ölkədə orta ömür son illərdə kəskin şəkildə aşağı düşüb. Statistik göstəricilərə görə, ölkədə orta ömür 2019-2021-ci illərdə 2,7 il azalaraq 76,1 yaşa düşüb. Bu, təsadüfi deyil. Birbaşa olaraq hakimiyyətin yarıtmaz siyasətinin, o cümlədən narkomaniyanın və silahlanmanın geniş yayılmasıdır. Narkotik və maddə asılılığından ölən amerikalıların sayı son illərdə kəskin şəkildə artaraq ildə 100 mini keçib. Maddələrdən sui-istifadə ABŞ-də ən dağıdıcı ictimai sağlamlıq böhranlarından birinə çevrilib.
Başqa bir məqam ABŞ-nin xarici siyasətindəki güc amili ilə bağlıdır. Rəsmi Vaşinqton 21-ci əsrin əvvəlindən etibarən dünyanın 85 ölkəsində hərbi əməliyyat keçirib. Bu, Ağ Evin dünyada üçüncü dünya müharibəsinin müəllifi kimi xarakterizə olunmasının ən vacib əsaslarındandır.
Ümumiyyətlə, ABŞ bu gün dünyada zorakı ölkə kimi tanınır. Həbsxanalarda boş yerin tapılmaması faktları da bunu göstərir. Məcburi əmək və cinsi istismar bu gün ABŞ-də adi hala çevrilib.
Ölkədə qətl və quldurluq kimi ağır cinayətlərin sayı artmaqda davam edir. 2022-ci ilin birinci yarısına olan statistikaya görə, ABŞ-nin böyük şəhərlərində oğurluqlar əvvəlki illərə nisbətdə 20 faizə qədər artıb. Əlbəttə, bu, kifayət qədər ciddi göstəricidir. Artıq yerli vətəndaşlar özləri də deyirlər ki, hakimiyyət cinayətlərlə mübarizəni layiqli formada apara bilmir.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ heç də dünyada insan haqlarının, azadlıq və demokratiyanın təminatçısı deyil.
ABŞ hakimiyyəti özünü ifşa edir və vaxtilə yaranan miflərin üstündən xətt çəkir. Gözündə "tir"i görməyən, amma başqasının gözündə "çöp" axtaran ABŞ statistik göstəricilərinə nəzər salmalı, digərlərinə nəyinsə dərsini keçməzdən əvvəl özündə olan "tir"ləri araşdırmalıdır.