Bakı və İrəvan arasında danışıqlar üçün yeni format – görüş yeri Tbilisi - ŞƏRH

Bakı və İrəvan arasında danışıqlar üçün yeni format – görüş yeri Tbilisi - ŞƏRH Azərbaycanla Ermənistan arasında normallaşma prosesi niyə baş tutumur? Yaxud tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nə mane olur?
Analitika
17 Noyabr , 2023 16:42
Bakı və İrəvan arasında danışıqlar üçün yeni format – görüş yeri Tbilisi - ŞƏRH

Azərbaycanla Ermənistan arasında normallaşma prosesi niyə baş tutmur? Yaxud tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nə mane olur?

Rəsmi Bakı sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması ilə bağlı təkliflər zərfini İrəvana təqdim edib. Bu onu göstərir ki, Azərbaycan tərəfi hər iki istiqamətdə məsələnin həllində daha maraqlıdır. Prezident İlham Əliyev də rəsmi Bakının sülhə və normallaşmaya hazır olduğunu dəfələrlə bildirib.

Ermənistan tərəfi cavab verməsə də təklifləri aldıqlarını etiraf edib. İrəvan rəsmiləri də bu istəyə müsbət yanaşdıqlarını bildiriblər.

Əsas məsələ, Azərbaycan və Ermənistan liderlərinin sülh və normallaşmaya müsbət yanaşmasıdır.

İkinci vacib məsələ tərəflərin müharibənin yenidən başlamasına qarşı olmasıdır. Düzdür, Ermənistanı Hindistan, Fransa, BƏƏ və başqaları yenidən silahlandırır. Bu onların perspektivdə müharibəyə başlamaq istəyini istisna etmir. Ancaq rəsmilər yenidən silahlanmanın yeni hərbi əməliyyatlara başlamaq üçün nəzərdə tutmadıqlarını iddia edirlər. Hər halda bu məsələ də, sülhlə bağlı danışıqlar zamanı həll edilə biləcək məsələlərdəndir.

Ermənistanın silahlanması, yaxud silahlandırılması, habelə qıcıqlandırıcı, gərginliyin yaranmasına səbəb olacaq müxtəlif açıqlamalar da sübut edir ki, Cənubi Qafqazdan kənar qüvvələr iki ölkə arasında münasibətlərin normallaşmasına mane olurlar.

Çünki regionda maraqlarının təmin olunmasını istəyənlər üçün onların iştirakı olmadan İrəvan-Bakı arasında birbaşa dialoq sərf etmir.

30 il müxtəlif formatlarda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, münaqişənin həll olunması ilə bağlı saysız-hesabsız görüşlər keçirilib, minlərlə kilometr yollar qət edilib. Nəticə isə sıfır olub. Az qala bu problemin həlli üçün yüz il keçəcəkdi. Bu gün vasitəçilik iddiasında olanlar Azərbaycanın torpaqlarının işğalı ilə barışmasına çalışırdılar.

Bu ilin sentyabrında Azərbaycan SSRİ-dən çıxarkən malik olduğu ərazidə suverenliyini bərpa etdi. Ermənistanla münasibətlərin normallaşması üçün atılacaq bir neçə addım qalıb: 8 anklav kəndin qaytarılması, sərhədlərin müəyyənləşməsi, Qərbi azərbaycanlıların Ermənistan vətəndaşlığının bərpası.

Azərbaycan və Ermənistan bu məsələləri 3-cü, 4-cü və s. tərəflərin iştirakı olmadan da həll edə bilər.

44 günlük müharibədən sonra Avropa İttifaqı, ABŞ və Rusiya yenidən iki ölkə arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması istiqamətində vasitəçilik etməyə başladılar. Nə baş verdi?

Aİ sərhədlər müəyyənləşmədiyi halda, habelə rəsmi Bakının icazəsi olmadan Azərbaycan-Ermənistan sərhədyanı məntəqəyə mülki müşahidə missiyası yerləşdirdi. Bu missiyanın təşəbbüsçüsü və icraçısı Fransa Ermənistanı birmənalı şəkildə müdafiə etməklə danışıqlarda Aİ-nin tərəf olduğunu nümayiş etdirdi. Bunun ardınca Fransa Ermənistanı silahlandırmağa, hərbi yardım etməyə başladı.

Halbuki danışıqlara başlayarkən Azərbaycan dialoqun uğurlu olacağına ümid edirdi. Məlum oldu ki, Aİ də vəziyyəti dəyərləndirib ədalətli mövqe tutmaq niyyətində deyil.

Dünyaya liderlik edən, etmək istəyən ABŞ-də də görüşlər keçirildi. Yenə yekunda normallaşma və sülhlə bağlı heç bir addım atılmadı. Aİ və Vaşinqton görüşlərində yeganə nəticə növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsi idi. Tutaq ki, o görüşlər də reallaşdı. Axı, başlıca məsələ öz həllini tapmır. Əksinə, həmin görüşlərdən sonra Ermənistan Azərbaycanla münasibətləri qurmaqdan bir az da uzaqlaşır. Ehtimal etmək olar ki, həmin vasitəçi-havadarlar rəsmi İrəvana ictimaiyyət üçün məlum olmayan vədlər verir. O da üzdə sülhdən danışıb, sonradan müxtəlif iddialar irəli sürür.

Rusiya da öz növbəsində Avropa İttifaqı və ABŞ-dan geri qalmamaq üçün Bakı və İrəvan rəsmilərini Moskvaya dəvət edir, işçi qrupunun görüşünün keçiriləcəyi, növbəti sammitlə bağlı razılığın əldə edildiyi haqqında acıqlamalar verir. Ancaq nə işçi qrup toplaşır, nə də sammit keçirilir.

Beləcə atəşkəs haqqında bəyanatın imzalanmasından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, beynəlxalq vasitəçilərin fəaliyyətinin nəticəsi sıfırdan da aşağı səviyyədədir. Çünki ötən müddət ərzində vasitəçilər də etimadını itirib.

Odur ki, yeni formatda görüşün keçirilməsinə ehtiyac yaranır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, normallaşma prosesinin uğurlu nəticəsi ilk növbədə region üçün daha əhəmiyyətlidir. Başqa sözlə, bu hadisənin baş verməsini Azərbaycan və Ermənistan kimi Gürcüstan da istəyir. Bu, rəsmi Tbilisinin də təhlükəsizliyinin təmin olunması üçün vacibdir. ABŞ, Aİ və Rusiya regionda maraqlarının təmin olunması üçün vasitəçiliyi əllərində bayraq etdikləri, yaxud Cənubi Qafqazda bir-birinə “kim daha güclüdür?” ismarışını verdikləri halda Gürcüstan üçün regionda həyati vacib məsələlərdəndir. Odur ki, rəsmi Tbilisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məsələyə vasitəçilik etməyi daha çox haqq edir.

Mövcud şərait və vəziyyətə əsasən, demək olar ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli görüşün keçirilməsi daha uğurlu nəticə verə bilər. Ona görə də Bakı-İrəvan formatında görüşlərin Tbilisidə keçirilməsi və ən əsası vasitəçilərsiz, birbaşa danışıqların aparılması regional və qlobal baxımdan ən uyğunudur.

Son xəbərlər

Orphus sistemi