Dünya əhalisi koronavirusdan xilas olduğunu zənn edirdi. Ancaq xəstəlik yeni ştamları ilə yenidən özünü göstərməyə başlayıb. Onun “Eg.5.1” Eris və “BA.2.86” adlı yeni ştamları aşkarlanıb.
Ötən həftə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkə üzrə "Eris"ə 9 yoluxma faktının qeydə alındığını bildirib. Yayılan məlumatlara əsasən, COVID-19-un bu variantı 52 ölkədə, o cümlədən Fransa və Britaniyada da aşkarlanıb. Bildirilib ki, yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna bilər. Buna səbəb kimi məktəblərin açılması, yay tətilinin başa çatması və havaların soyuması göstərilir. Həkimlər xüsusilə ictimai nəqliyyatda tibbi maskadan istifadəni tövsiyə edirlər. Mütəxəssislər əsas simptom kimi dadbilmə, iybilmə qabiliyyətinin itməsi və səsin batmasını göstərirlər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son ay ərzində dünya üzrə yoluxanların sayında 38 faiz artım müşahidə edilib. Avropada yoluxmada 39, Sakit okeanın qərbində 52, Aralıq dənizinin şərqində isə 113 faiz artım baş verib. Avstraliya, Böyük Britaniya, İtaliya, Koreya və Sinqapurda yoluxanların sayı kəskin çoxalıb. ABŞ-də isə vəziyyət daha ağır olduğu bildirilib. Birləşmiş Ştatlarda COVID-19-a yoluxma halları 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölkədə gündə 650 mindən çox sakində virus aşkarlanır. Yaxın aylarda isə ABŞ əhalisinin təxminən 10 faizinin bu virusa yoluxacağı gözlənilir. Məlumatlara əsasən, ölkə üzrə ölüm halları avqustla müqayisədə 5 faiz artıb. Son həftə ərzində ABŞ-də xəstəxanaya yerləşdirilənlər yoluxanların sayı 8,7 faiz, ölüm faktlarının sayı isə 4,5 faiz olub. ABŞ Federal Səhiyyə Təşkilatı ölkə əhalisinə COVID-19-a qarşı vaksinasiya olunmağı məsləhət görüb.
Yayda Latviyada vəziyyət nisbətən sabit görünüb. Orada testlərin 5-10 faizi müsbət olub. Hazırda yoluxanların sayının 25 faiz artdığı vurğulanıb. Rəsmi Riqa sakinləri bir həftə evdə qalmağı, insanlarla təmas qurmamağı, açıq havaya çıxan zaman isə respiratorlardan istifadə etməyi məsləhət görüb.
Rusiyada kəskin respirator infeksiya virusu, qrip və COVID-19-a yoluxma hallarının payızda artması fonunda bəzi müəssisələrdə müvəqqəti olaraq müəyyən lokal məhdudlaşdırılmalar tətbiq edilə bilər. Rusiyanın Altay vilayətində COVID-19-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. Bildirilib ki, bir sıra müəssisələrdə müəyyən müddətə yerli məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir. Rusiya operativ qərargahının məlumatına əsasən, son həftədə ölkədə COVID-19-a yoluxma halları əvvəlki həftə ilə müqayisədə təxminən 50 faiz artıb. Bu gündən Rusiyanın hökumət binasında maska rejiminin bərpa olunacağı da vurğulanıb.
ÜST risk zonasında olanların, xüsusilə immuniteti aşağı olan yaşlı təbəqənin revaksinasiya olunmasına çağırıb.
Türkiyənin səhiyyə naziri bildirmişdi ki, yoluxanların xarici ölkələrlə təmasları olub və onların hamısı eyni əyalətdəndir. Bu da onu deməyə əsas verir ki, karantin rejim bir sıra ölkələrdə yenidən tətbiq edilə bilər. Yada salaq ki, koronavirus yayılan ilk dönəmdə insanlar sağlamlıqla bağlı bu hadisəni ciddi qəbul etmədi. Bu isə epidemiyanın pandemiya vəziyyətinə keçməsinə və dünya üzrə iki il karantin rejiminin tətbiqinə səbəb olmuşdu.
Xatırladaq ki, o vaxtlar virusun mənbəyinin Çin olduğu bildirilirdi. Azərbaycana qonşu İran isə virusun yayılmasında fəal olmuşdu. Mütəxəssislər hesab edirdilər ki, virusun Çindən yayıldığına dair xəbərdarlıq edilsə də, Tehran hakimiyyəti bunu ciddi qəbul etməmiş, ölkəyə səfərlərə ara verməmişdi. Nəticədə insanların yoluxması üçün İran ikinci mənbə rolu oynamışdı. Oxşar hadisə Rusiyaya da aid edilə bilər. Onda rəsmi Moskva ölkədə koronavirusun olmadığını iddia edirdi. Ancaq bir neçə aydan sonra bu ölkə dünyada COVID-19-a yoluxma halları üzrə ilk beşlikdə yer tutdu. Koronavirus dünya əhalisinə çox böyük ziyan vurdu. Bu hadisə insan itkiləri, iqtisadi tənəzzüllə müşayiət olundu.
Atalar yaxşı deyib - ehtiyatlı igidin anası ağlamaz. Pandemiya dövrünün təcrübəsinə əsasən demək olar ki, COVID-19-un yeni ştamına qarşı mübarizə aparmağın qabaqlayıcı tədbiri qorunmaqdır. Bu isə respiratorlardan istifadədən və təmizliyə əməl etməkdən, mümkün qədər az təmasdan başlayır. Sağlam olun!