COVID-19 göründüyü qədər sadə deyil: Nə üçün Azərbaycanda ölüm sayı 35 % artıb?

COVID-19 göründüyü qədər sadə deyil: Nə üçün Azərbaycanda ölüm sayı 35 % artıb? Yüksək ölüm göstəricisi ən çox 60 və ondan yuxarı yaş qrupunda müşahidə olunur
Analitika
23 Fevral , 2021 17:44
COVID-19 göründüyü qədər sadə deyil: Nə üçün Azərbaycanda ölüm sayı 35 % artıb?

2020-ci il təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün olduqca çətin dövr oldu. Koronavirus pandemiyası özüylə birlikdə yoluxan insanların sayında artım, COVID-19-un müxtəlif yeni mutasiyaları və karantin kimi problemlər gətirdi. Ancaq ən çox 2020-ci ildə Azərbaycanda ölüm statistikasına ciddi şəkildə təsir edən ölüm hadisələrinə diqqət yetirmək lazımdır. Əslində son bir ildə ölüm sayının artmasının əsas səbəbi Qarabağ müharibəsi yox, məhz koronavirus pandemiyasıdır. Belə ki, 2020-ci ildə Azərbaycanda 75 647 nəfər ölüb. Müqayisə üçün bu göstəricinin 2019-cu ildə 55 916 nəfərə, 2018-ci ildə isə 57 250 nəfərə bərabər olduğunu bildirək. Beləliklə, 2020-ci ildə ölkədə ölüm hallarının sayı illik müqayisədə 35 % artıb.

Qeyd etmək lazımdır ki, 75 647 nəfərdən 5 875-i yoluxucu xəstəliklər səbəbindən dünyasını dəyişib. Bu göstəricini analoji səbəbdən ölənlərin sayının 662 nəfər olduğu 2019-cu illə müqayisə etsək, 8 dəfədən çox artım olduğunu görə bilərik. Yoluxucu xəstəliklərlə əlaqəli ölümlərdən 2 641-i COVID-19 nəticəsində olanlardır.

Ancaq unutmamalıyıq ki, yeni növ koronavirusdan rəsmi ölüm göstəricisi aysberqin yalnız görünən hissəsidir. Həkimlər heç də həmişə xəstəyə koronavirus diaqnozu qoya bilməyib. Bəzi yoluxucu xəstəliklərdən ölüm hallarında COVID-19 şübhələri olsa da, PZR testi mənfi nəticələr verib. Belə halların sayı azı 1 500 olub.

Həmçinin müxtəlif ölkələrdən olan alimlər dəfələrlə COVID-19-un insan həyat fəaliyyətinin müxtəlif sistemlərinə, xüsusən də ürək-damar sisteminə təsir etdiyini, yeni xəstəliklərə və ya xroniki xəstəliklərin şiddətlənməsinə səbəb olduğunu bildirib.

Ötən il Azərbaycanda da ürək-damar xəstəlikləri səbəbindən ölüm sayında artım müşahidə edilib. Belə ki, 2020-ci ildə bu səbəbdən ölənlərin sayı 41 200 nəfər olubsa, 2019-cu ildə bu göstərici 32 471-ə bərabər idi. Tənəffüs orqanlarının xəstəlikləri səbəbi ilə ölüm hallarında da yüksək artım müşahidə olunur. Belə halların sayı 2020-ci ildə 3 149 olub ki, bu da 2019-cu illə müqayisədə 1 295 vahid çoxdur.

Yüksək ölüm göstəricisi ən çox 60 və ondan yuxarı yaş qrupunda müşahidə olunur. Bu, 60-69 yaş arasında olan insanların digər yaş qrupları ilə müqayisədə koronavirus infeksiyasına qarşı daha çox həssas olduqlarını təsdiqləyir. Koronavirus hətta ondan sağalan bir çox insanın, xüsusilə də yaşlıların sağlamlığına zərər verir. Xəstəliyi keçirib sağaldıqdan sonra bir çox insanda xroniki xəstəliklər artıb. Statistik məlumatlar göstərir ki, 2020, 2019, 2018-ci illərdə 60-69 yaş arası insanlar arasında ölüm göstəricisi müvafiq olaraq 18 576, 12 260, 11 933 olub.

Ölüm səviyyəsində ümumi artım olmasına baxmayaraq, yaxşı xəbər də var - 2020-ci ildə uşaq ölümlərinın sayı azalıb. 15 yaşa qədər yaş qrupu üzrə ölüm göstəricisi son 5 ilin ortalamasından 630 vahid azdır.

Bu statistika COVID-19-un nə qədər təhlükəli olduğunu, nə qədər çox insanın onun yan təsirlərindən öldüyünü və bu şəraitdə əhalinin kütləvi peyvəndlənməsinin nə dərəcədə vacib olduğunu bir daha nümayiş etdirir.

Son xəbərlər

Orphus sistemi