Bakı. 13 avqust. REPORT.AZ/ Xəzəryanı ölkələr Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının nəticələri üzrə beştərəfli qarşılıqlı əlaqənin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Bu barədə "Report"a Böyük Britaniyanın Beynəlxalq Münasibətlər Kral İnstitutu "Chatham House"un Rusiya və Avrasiyanın öyrənilməsi proqramının analitiki Stanislav Pritçin avqustun 12-də Aktauda keçirilmiş Xəzər sammitinin nəticələrini şərh edərkən bildirib.
"Konvensiya, həqiqətən də, 1996-cı ildə xüsusi işçi qrupunun yaradılması ilə başlayan 22 illik müzakirələrin nəticəsidir. Ümumilikdə, bu, əlbəttə ki, böyük uğurdur. Çünki sammitdən bir gün əvvəl də tərəflərin razılığa gələ biləcəyi ilə bağlı şübhələr var idi", - S.Pritşin deyib.
Analitik qeyd edir ki, Konvensiyanın əhəmiyyəti çox böyükdür, çünki o, əslində Xəzər dənizi üçün "konstitusiya" rolunu oynayır. Onun sözlərinə görə, bu sənədin əhəmiyyəti və çəkisi çox yüksəkdir: "Danışıqlar prosesinin bütün aspektləri - nəqliyyat, təhlükəsizlik, ətraf mühitin mühafizəsi, cinayətkarlığa qarşı mübarizə üzrə darçərçivəli qurumlar arasındakı danışıqlar, Bakıda əldə edilmiş razılaşmalar - bütün bunlar yekunda Konvensiyanın ayrılmaz və mühüm hissəsi olub".
Hüquqi baxımdan Xəzərin statusu barədə danışan analitik Xəzərin dəniz olmasının qeyri-mümkünlüyünü ifadə edib və fikrini, ilk növbədə, su hövzəsinin dünya okeanına birbaşa çıxışının olmaması ilə əlaqələndirib.
"İkincisi, BMT-nin 1981-ci ildə qəbul olunmuş dəniz konvensiyasından istifadə etmək mümkün deyil. Çünki orada müstəsna ərazi sularının azı 200 dəniz mili təşkil etməli olduğu göstərilib. Amma biz bilirik ki, Xəzərin eni isə cəmi 300 mildir. Odur ki, belə bölgü tətbiq edilə bilməzdi. Nəticədə tərəflərin birgə mövcudluq üçün bölgünü hansı prinsiplər, mexanizmlər əsasında aparacağı sualı yaranırdı", - S.Pritçin bildirib.
Konvensiyanın yekununda kimin daha çox irəli düşdüyü məsələsini şərh edən analitik qeyd edib ki, məsələyə belə yanaşma halında tərəflərin hamısı nədəsə uduzub, nədəsə qazanıb: "Dəniz dibinin sektorlara bölünməsi prinsipi ilə baxsaq, burada daha çox Qazaxıstan və Azərbaycan qazanacaq. Çünki onların sektoru neft və qazla daha zəngindir. Regional təhlükəsizliyin təmin edilməsi baxımından qazanan tərəf regionda təhlükəsizliyi yalnız Xəzəryanı dövlətlərin edə biləcəyi fikrində israrlı olan Rusiya və İran oldu".
S.Pritçin hesab edir ki, Xəzər "beşliyi" arasında dialoqun özü çox müsbət addımdır: "Tərəflərin sammitin yekununda qəbul edilən kommünikedə növbəti sammitin əvvəlcədən təyin edilmiş vaxtda Türkmənistanda keçiriləcəyini təsdiqləməsi çox vacib məqamdır. Bu, tərəflərin beştərəfli qarşılıqlı əlaqənin davam etdirilməsində maraqlı olduğunu göstərir. Bu, əslində 22 illik danışıqların ən mühüm nəticəsidir".