Cənubi Qafqazın inkişafı - Azərbaycanın regional əhəmiyyəti - ŞƏRH

Cənubi Qafqazın inkişafı - Azərbaycanın regional əhəmiyyəti - ŞƏRH Regionun perspektiv inkişafı üçün əməkdaşlığın, sülhün alternativi yoxdur
Analitika
22 May , 2021 14:06
Cənubi Qafqazın inkişafı - Azərbaycanın regional əhəmiyyəti - ŞƏRH

Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr olub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək iştirakçıların suallarını cavablandırıb. Yeri gəlmişkən, Azərbaycan pandemiyaya baxmayaraq 28 konfransa, 90 sessiyaya ev sahibliyi edib. 60 ölkədən iştirakçılar mərkəzin tədbirlərinə qoşulub. Tədbirlərdə 370 məruzəçi çıxış edib. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) - Azərbaycan Respublikası Prezidentinin 2011-ci il dekabrın 23-də imzaladığı sərəncama əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib.

Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən qeyri-hökumət təşkilatı ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət, hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Ali idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti tanınmış 20 siyasətçidən formalaşıb. Mərkəzin Avropa qitəsinin 25 ölkəsindən 53, Amerika qitəsinin 2 ölkəsindən 6, Asiya qitəsinin 12 ölkəsindən 15, Afrika qitəsinin 4 ölkəsindən 5 görkəmli üzvləri vardır. Qurumun həmsədrləri Latviya Respublikasının sabiq prezidenti (1999-2007) xanım Vayra Vike-Freyberqa, Dünya Bankının sabiq vitse-prezidenti (1992-2000) Dr.İsmayıl Seragəldin, İcraçı direktoru Elnur Əliyev, Baş katibi Rövşən Muradovdur.

NGBM 2013-cü ildən 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirib. Hər bir forumda ümumilikdə 500-dən çox xarici qonaq iştirak edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilib. Bu, pandemiya dövründə və İkinci Qarabağ müharibəsindən sonra mərkəzin keçirdiyi ilk tədbir idi. Mərkəzin siyasi, mədəni, iqtisadi və s. sahələrə dair müzakirə etdiyi məsələlər beynəlxalq ictimaiyyət üçün ismarış kimi də qiymətləndirmək olar. Bu həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün də bir tribunadır. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirə həm də İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geopolitik vəziyyətin dəyərləndirilməsi baxımından da əhəmiyyətli sayıla bilər.

Son zamanlar Ermənistan hakimiyyəti və onların havadarları, erməni hay-küyünü təbliğ edən informasiya vasitələri saxta iddialarla çıxış edir, Azərbaycana qarşı ənənəvi böhtan kampaniyası aparır, erməni etnik qrupun əzabkeşliyindən bəhs edirlər. Bu istiqamətdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, ABŞ və Fransa daha fəal rol oynayır. Bu azmış kimi, Avropa Parlamenti də sonuncu iclasında Azərbaycana qarşı saxta iddialarla çıxış edərək erməni və Ermənistanın yalanlarına qoşuldu. Avropa İttifaqı iddia edir ki, Azərbaycanda guya erməni əsirlər var. Halbuki 2020-ci il noyabrın 10-dək əsir götürülən işğalçı Ermənistan hərbçiləri geri qaytarılıb. Məlum bəyanatdan sonra Azərbaycan ərazisində tutulan erməni hərbçiləri əsir və ya girov sayılmır. Azərbaycan tərəfi bu məsələni dəfələrlə Avropa İttifaqı və başqa beynəlxalq təşkilatların nəzərinə çatdırsa da, onlar reallığı deyil, erməni saxtakarlığını müdafiə edirlər. Rəsmi Bakının çoxsaylı müraciətlərinə baxmayaraq, bu kimi beynəlxalq təşkilatlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan əsirliyində qalan 4 min azərbaycanlı hərbçi barədə məsələyə münasibət bildiriməyib. Yaxud bu məsələni rəsmi Yerevan qarşısında qaldırmayıb. Odur ki, Mərkəzin keçirdiyi bu sayaq tədbirlər br sıra beynəlxalq təşkilatların diqqətinə gerçəkliyi çatdırmağa yardım edir.

Prezident İlham Əliyevin çıxışları istər müharibə dövründə, istərsə də post-konflikt mərhələdə yeni informasiya strategiyası Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində mühüm rol oynayır. Dövlət başçısı aprelin 11-də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələrinin suallarına cavablarla yaranmış yeni regional şəraiti bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı.

Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatdakı müzakirələrdə də Prezident 2005-2007-ci illərdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə direktor, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi və Nazarbayev Universitetinin idarə heyətinin üzvü Deyvid Merkel, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Gürcüstanın xarici işləri naziri olmuş xanım Eka Tkeşelaşvili,2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşşenko, ABŞ-ın Azərbaycan Respublikasındakı sabiq səfiri Robert Sekuta, 2002-2004-cü illərdə, həmçinin 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri, 2004-2008-ci illərdə Avropa İttifaqının komissarı olmuş cənab Franko Fratti, 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş Rosen Plevneliyev, CNN telekanalında “Farid Zakariya GPS” verilişinin aparıcısı, məşhur amerikalı jurnalist Farid Zakariya, 2013-2019-cu illərdə Çinin xarici işlər nazirinin müavini olmuş, hazırda Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri və 2012-2015-ci illərdə xarici işlər naziri olmuş Zlatko Laqumdziya, 2004-2012-ci illərdə Serbiyanın Prezidenti olmuş Boris Tadiç, 1999-2001-ci illərdə İsrailin Baş naziri olmuş Ehud Barak, 2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi və 1991-2001-ci illərdə Misirin xarici işlər naziri olmuş Amr Musa, 2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri, 2012-2014-cü illərdə isə Ekvadorun milli müdafiə naziri olmuş xanım Mariya Fernanda Espinoza, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, 2008-2009-2011-ci illərdə Belçikanın Baş naziri olmuş İv Leterm,2016-2019-cu illər arasında Rumıniyanın Baş naziri olmuş Ana Birçal, 2015-ci ildə Moldovanın Baş naziri olmuş Çiril Qaburici, 2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş cənab Ekmələddin İhsanoğlu, ICESCO-nun sabiq baş direktoru cənab Əbdüləziz əl-Tüveycri, Rumıniyanın sabiq baş naziri Petre Romanın suallarını cavablandırıb.

Yeni informasiya strategiyası müharibə dövründə Ermənistan-Azərbaycan münaqişəsi, Vətən müharibəsi haqqında həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa şərait yaratdığı kimi, post-konflikt dövrdə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri barədə dünyaya dolğun məlumat verməyə şərait yaradır. Odur ki, müzakirədə Prezident bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirib, onlara sistemli yanaşma nümayiş etdirib.

Dövlət başçısı regionda yaranan yeni şəraitin yarandığını qeyd edərək yeni yanaşmaya ehtiyac olduğunu nəzərə çatdırıb: “Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır. Bir sözlə, onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə, münaqişə başa çatdıqdan sonra, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub”.

Prezident İlham Əliyev regional əməkdaşlığın uğurlarından da danışıb. O, Bakı-Tbilisi-Ceyhan Əsas Neft Kəməri, Trans-Adriatik boru xətti, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və başqalarının Xəzər regionu, Qafqaz və Türkiyə regionunda bütün bəndləri bir-birinə bağladığına diqqəti çəkib. Dövlət başçısı bu kimi regional layihələrin reallaşmasında Azərbaycanın əhəmiyyətli rolunu da iştirakçılara çatdırıb. Azərbaycanın beynəlxalq siyasi arenada oynadığı roldan danışan Prezident NATO-nun hərbi komandanlığı və Rusiya Baş Qərargahının rəisinin Bakıdakı görüşlərindən bəhs edib. Dövlət başçısı Azərbaycanın ABŞ və Rusiya ilə əlaqələrindən danışarkən deyib: “Bizim ABŞ-la əlaqələrimiz Rusiya ilə əlaqələrimizdən daha az çoxşaxəlidir. Bu da aydın məsələdir, çünki bizim Rusiya ilə uzun tarixə malik əlaqələrimiz var və biz qonşuyuq. Ona görə də bizim Rusiya ilə münasibətlərimiz çoxşaxəlidir, demək olar ki, hər bir sahəni əhatə edir. ABŞ-la əməkdaşlığımızın əsas sahələri terrorizmlə mübarizə, istər İraqda, istərsə də Əfqanıstanda sülhməramlı əməliyyatlar, hazırda enerji təhlükəsizliyi və bəzi başqa sahələrdir. Hər iki ölkənin Azərbaycanla bağlı siyasəti, eləcə də bizim bu ölkələrlə bağlı siyasətimiz hər zaman sabit və proqnozlaşdırılan olub”.

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən sonra ABŞ və Rusiyanın Azərbaycanla əlaqələrinin daha da genişlənəcəyinə işarə edərək bildirib: “Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra düşünürəm ki, gələcəyi planlaşdırmaq daha asan olacaq. Çünki bu münaqişə bizim çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyimiz, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyimiz bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli tamamilə yeni mühit yaradır və ümid edirik ki, Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcək”.

Beləliklə, bu müzakirələrdə Azərbaycanın regionda tutduğu sülhsevər, təşəbbüskar, aparıcı mövqeyi bir daha nümayiş olundu. Tədbirdə bölgədə əməkdaşlıq üçün yeni əlverişli şəraitin yarandığı ismarışı beynəlxalq ictimaiyyətə verilib. Müzakirə bir daha təsdiqlədi ki, Cənubi Qafqazın inkişafına, bölgədə əməkdaşlığa münaqişlər maneədir. Regionun perspektiv inkişafı üçün əməkdaşlığın, sülhün alternativi yoxdur.

Son xəbərlər

Orphus sistemi