Cənubi Qafqazda mövcudluq şərti - Fransa özünü regiondan necə “sıxışdırır?” - TƏHLİL

Cənubi Qafqazda mövcudluq şərti - Fransa özünü regiondan necə “sıxışdırır?” - TƏHLİL Fransa hakimiyyəti uzun müddətdir ki, Cənubi Qafqaz və Azərbaycanla bağlı xarici siyasətində məhz riyakarlıq kursunu tutub. Ona görə “riyakarlıq” deyirik ki, rəsmi Paris bölgədəki yeni reallıqları qəbul etmək istəmir. Bu isə ikitərəfli münasibətlərdə zidd
Analitika
12 Avqust , 2024 13:26
Cənubi Qafqazda mövcudluq şərti - Fransa özünü regiondan necə “sıxışdırır?” - TƏHLİL

Fransa hakimiyyəti artıq uzun müddətdir Cənubi Qafqaz və konkret olaraq, Azərbaycanla bağlı siyasətində qəbuledilməz kurs seçərək bölgədəki yeni reallıqları nəzərə almaq istəmir. Bu isə ikitərəfli münasibətlərdə ziddiyyətlərə, bəzi hallarda isə gərginliyə səbəb olur. Təsadüfi deyil ki, Azərbaycanla Fransa arasında münasibətlər özünün ən aşağı səviyyəsinə məhz indi - prezident Emmanuel Makronun hakimiyyəti dövründə düşüb.

Fransanın Cənubi Qafqaz siyasətinin ifşası Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biridir. Bununla əlaqədar müxtəlif səviyyələrdə verilən bəyanatlar mühüm əhəmiyyət daşıyır. Qərbi Azərbaycan İcmasının (QAİ) avqustun 10-da yaydığı bəyanatda Fransadan irqi ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkmək, rasional davranış sərgiləmək və diplomatik normaların minimal tələblərinə əməl etmək tələb olunub.

Qeyd edilib ki, artıq bir neçə ildir Fransa Azərbaycana qarşı qeyri-dost yanaşmasını açıq şəkildə göstərir:

"Təəssüf ki, bu qeyri-rasional yanaşma Fransanın dövlət siyasətinə çevrilib. Bu mənada Fransa rəsmilərinin anti-Azərbaycan bəyanatları və addımları təəccüb doğurmur. Lakin Fransa rəsmilərinin içərisində bəziləri vardır ki, onların davranışları bütün əndazələri aşır. Onlardan biri bu ölkənin Ermənistandakı səfiridir.

Bu şəxs informasiya məkanında tamamilə qeyri-adekvat davranır və diplomatiyanın prinsiplərinə, etiketə və ümumi əxlaq normalarına uyğun olmayan, uşaqcasına hərəkətləri ilə yeri gəldi-gəlmədi, Azərbaycana replikalar atır. Bu şəxsin, ümumiyyətlə, hansı vəzifəni daşıdığını dərk etdiyi şübhə doğurur. Ciddi diplomatik ənənələrə malik böyük dövlət olduğunu iddia edən Fransanın səfiri titulunu daşıyan şəxs özünü marginal, uğursuz erməni radikal millətçisi kimi aparır.

Fransa səfirinin bu davranışı nəinki bu dövlətin keçmiş diplomatik ənənələrindən uzaqlaşdığını, eyni zamanda, bu ölkənin dövlət idarəetməsinin cılız, acınacaqlı duruma düşdüyünü göstərir”.

Əvvəla onu deyək ki, Yelisey Sarayının Azərbaycana münasibətdə qeyri-dost siyasəti təsadüfi deyil. Bu, məhz Makron hökumətinin məkrli planlarının təzahürüdür. Məsələ orasındadır ki, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yeni reallıq yaranıb. Yeni şərtlər bölgədə sülh və sabitliyin, həmçinin regional əməkdaşlıq mühitinin təmin olunması zərurətini doğurub. Bu isə Parisin regionla bağlı siyasətinə uyğun deyil. Belə ki, mümkün sülh üçüncü ölkələrin bölgəyə müdaxiləsinin qarşısının alınması deməkdir. Üstəgəl, əgər sülh əldə edilərsə, Qərbin əsas rəqibi olan Rusiya region ölkəsi kimi yenə də istər-istəməz Cənubi Qafqazda mövcudluğunu saxlayacaq. Fransa isə bu halda “ofsayd”da qalacaq. Elə buna görə də Paris regionun ən zəif bəndi olan İrəvan vasitəsilə bölgədə “suları bulandırmağa” çalışır. Fransanın Azərbaycana qarşı qeyri-dost münasibətinin və Ermənistanın “başının alına yastıq qoymasının” arxasında da məhz bu məqam dayanır.

Fransa rəsmiləri Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar zaman-zaman qeyri-adekvat bəyanat verirlər. Belə siyasətçilərdən biri də QAİ-nin bəyanatında göstərildiyi kimi, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinidir. O, bu yaxınlarda Qarabağ ermənilərinin öz evlərinə qayıtmaq hüququ haqqında danışıb. Səfirin sözlərinə görə, Qarabağ erməniləri geri qayıtmaq hüququ da daxil olmaqla, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınan hüquqlara malikdirlər. Maraqlı və təəssüfləndirici məqam ondan ibarətdir ki, fransız diplomat azərbaycanlıların öz tarixi torpaqlarına - Zəngəzura, İrəvana, Göyçəyə qayıtmaq hüququ barədə bir kəlmə də deməyib. Halbuki bu hüquqlar eyni səviyyəli məsələ deyil. Başqa sözlə, Qərbi Azərbaycan, yəni indiki Ermənistanın mövcud olduğu ərazilər azərbaycanlıların yaşadıqları tarixi ərazilərdir. Ermənilər isə Qarabağa sonradan köçürülüblər. Digər tərəfdən, öz yurdlarından zorla qovulan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı da beynəlxalq hüquqla tənzimlənir. Rəsmi Paris isə bütün bunları görməzdən gəlməklə, Ermənistanı destruktiv mövqeyə təhrik etməkdən əl çəkmir.

Bu, Dekotininin ilk belə açıqlaması deyil. Diplomat bundan əvvəl də dəfələrlə qeyri-adekvat mövqe ifadələri ilə əslində, Fransanın Azərbaycanla bağlı qərəzli mövqeyini ifşa edib. Məsələn, səfir bundan əvvəl Ermənistanın Qazaxın dörd kəndi ilə Azərbaycana güzəştə getdiyini və indi də buna uyğun olaraq, rəsmi Bakıdan güzəşt gözlənildiyini demişdi. Halbuki məsələ tamam fərqlidir. Güzəştdən danışılırsa, onun Ermənistana şamil edilməsi məsələyə qeyri-ciddi yanaşmadır. Çünki Ermənistan Azərbaycanın ərazilərinin işğalını nə vaxta qədər davam etdirə bilərdi ki? Azərbaycan hərbi əməliyyatların bərpasına məcbur olsaydı, Ermənistan nə edəcəkdi? İkincisi, Azərbaycan onsuz da Ermənistana lazımi qədər güzəşt edir. Əks halda, Bakı qalib tərəf olmasına baxmayaraq, sülh üçün İrəvana dostluq əlini uzatmaz, bu qədər təmkinli davranmazdı.

Belə misalları çox çəkmək olar. Görünən odur ki, Fransa Ermənistan və Cənubi Qafqazla bağlı anormal maraqları naminə mövcud reallığı birmənalı inkar edən yol seçib. Nəticədə Fransa Azərbaycanla ikitərəfli münasibətlərdə gərginliyi artırmaqla, əslində, özünü regionda mövcudluq imkanlarından məhrum edir. Bu isə Makron hakimiyyətinin nə qədər “effektli və kompetent” olduğunun özünəməxsus göstəricisidir.

Son xəbərlər

Orphus sistemi