Brüssel sammitinin hədəfi - İrəvan anti-Rusiya mərkəzinə çevriləcək - ŞƏRH

Brüssel sammitinin hədəfi - İrəvan anti-Rusiya mərkəzinə çevriləcək - ŞƏRH Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edən Qərb bölgədə növbəti avantüraya hazırlaşır. Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət
Analitika
29 Mart , 2024 17:34
Brüssel sammitinin hədəfi - İrəvan anti-Rusiya mərkəzinə çevriləcək - ŞƏRH

Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edən Qərb bölgədə növbəti avantüraya hazırlaşır. Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ-nin dövlət katibi Antoni Blinkenin birgə görüş də bu avantüranın tərkib hissəsidir. Regionu yeni qeyri-sabitlik və fəlakətə sürükləməyə çalışan Vaşinqton və Brüssel hər dəfə olduğu kimi, bu dəfə də zəif bənd kimi İrəvanı seçib. Hədəfi də bəllidir - Qafqazda ikinci Ukrayna ssenarisini reallaşdırmaq, ikinci cəbhənin açılması. Qeyd edək ki, bu, artıq Azərbaycanın iştirakı olmadan keçiriləcək ikinci görüş olacaq. Ötən il oktyabrın 5-də Qranadada baş tutan danışıqlara da rəsmi Bakı qatılmamışdı.

Brüssel görüşünün gündəliyi bəlli olmasa da, təbii ki, Cənubi Qafqazda mövcud durum, Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə olunacaq. Tərəflərin açıqlamaları da bunu təsdiqləyir. Şübhəsiz ki, Bakı-İrəvan münasibətlərinin normallaşması prosesinin müzakirəsi Qərb üçün bir bəhanədir. Hədəf Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq, bölgədə öz mövqeyini gücləndirməkdir. Ermənistanın baş naziri Nikol Paşinyanın diqqətinə növbəti anti-Rusiya tezisləri çatdırılacaq. Artıq indiyə kimi bu istiqamətdə də rəsmi İrəvan ciddi addımlar atıb, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında (KTMT) fəaliyyətini dondurub, qurumun heç bir tədbirinə qatılmır, hətta KTMT Parlament Assambleyasının “Crocus City Hall”dakı terror aktını pisləyən bəyanatına belə qoşulmayıb. Ermənistan təşkilatda iştirakının dondurulması səbəbindən bəyanata qoşulmadığını açıqlayıb. Rusiya mediasında yer alan xəbərlərə görə, N.Paşinyan və komandası etiraf etməsə də, İrəvanda KTMT-ni daxildən dağıtmaq planı işə düşüb. Bu plan da şübhəsiz ki, Qərbdə hazırlanıb və təsdiqlənib.

Buna İrəvanda da münasibət birmənalı deyil. Qərbin Ermənistanla bağlı planlarının təhlükəli və öz maraqlarının təmin olunması ilə bağlı olduğunu iddia edənlərin də sayı artır. Məsələn, Ermənistanın “168 TV” telekanalında efirə gedən “Review” proqramında analitik Karen Bekaryan bildirib ki, Qərb öz maraqlarını təmin etməyə çalışır, Ermənistanın taleyi onu maraqlandırmır. Onun sözlərinə görə, Qərb üçün Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması zəruri olsa da, məqsəd başqadır: “Lakin onun üçün bu prosesin hansı erməni torpaqları hesabına reallaşması maraqlandırmır. Qərbin motivisiyası aydındır – Rusiyanın regionda nüfuzunu minimumlaşdırmaq, imkan daxilində sıfıra yaxınlaşdırmaq. Bunun üçün nə lazımdır? Münaqişənin olması. Qərb üçün münaqişənin olmaması əsas deyil, bu, onun qırmızı xətti deyil”.

Erməni politoloq hesab edir ki, Qərb növbəti mərhələdə Ermənistan qarşısında Türkiyə ilə heç bir münaqişəli vəziyyətin yaranmamasını qoyacaq: “Qərbi Ermənistan maraqlandırmır. Onlar üçün əsas öz maraqlarının təmin olunmasıdır”.

Yeri gəlmişkən, sammitdən dərhal sonra, aprelin 8-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Ermənistanda səfərdə olacaqlar. Səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Bu səfəri də Brüssel danışıqlarının davamı saymaq olar.
Beləliklə, 5 aprel görüşü Azərbaycanla Ermənistan arasında münasibətlərdən çox anti-Rusiya tədbiri kimi düşə bilər. Bəs növbəti addım nələr ola bilər? Birinci addım kimi Ermənistanda sülhyaratma missiyası adı altında yerləşdirilən Avropa İttifaqı missiyasının sayının artırılması, növbəti addım isə Rusiya hərbi kontingentinin çıxarılması prosesi ola bilər. Aprelin 5-dən sonra Ermənistan-Aİ-ABŞ üçbucağı Ermənistan baş nazirinə anti-Rusiya sifarişlərini diktə etməyə başlayacaqlar. Ermənistana gəldikdə, İrəvan tədbir gedişində qarşı tərəfə öz “qiymətini” açıqlayacaq. Qərbin sifarişlər isə aşağıdakılar daxil olacaq.

- Ermənistan-Rusiya əlaqələrinin zəiflədilməsi istiqamətində addımlar atılması (İrəvan və Moskva, KTMT və Aİİ arasında təmasların azaldılması, Rusiya sərhədçiləri və hərbçilərinin Ermənistandan çıxarılması);

- Ermənistanda Qərb strukturlarının mövcudluğunun genişləndirilməsi, o cümlədən Rusiya təhlükəsizlik qüvvələrinin Avropa və ABŞ təmsilçiləri ilə əvəzlənməsi;

- regionda gərginliyi saxlamaq üçün Azərbaycana qarşı təxribatlar;

- Aİ və ABŞ tərəfindən Ermənistan ərazisində anti-İran fəaliyyətinə icazə.

Beləliklə, Brüssel sammiti özlüyündə Ermənistanda Rusiya təsirinin köklü şəkildə zəiflədilməsinin əsasının qoyulduğu tarix kimi düşə bilər. İstənilən halda Ermənistan bundan qalib deyil, məğlub çıxacaq. İrəvan nə vəd edilən Avropa ailəsinin üzvünə çevriləcək, nə milyardlarla avro yardımı ala biləcək. Erməni politoloqun da demək istədiyi budur - növbəti dəfə haylardan istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi