Britaniyada seçkilər: mühafizəkarlar köhnə problemlərlə bağlı yeni sınaq qarşısında - ŞƏRH

Britaniyada seçkilər: mühafizəkarlar köhnə problemlərlə bağlı yeni sınaq qarşısında - ŞƏRH Korbin dəfələrlə antisemitzmdə ittiham olunub, NATO-nu tənqid edib
Analitika
9 İyun , 2017 13:30
Britaniyada seçkilər: mühafizəkarlar köhnə problemlərlə bağlı yeni sınaq qarşısında - ŞƏRH

Bakı. 9 iyun. REPORT.AZ/ Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə əsasən, fəaliyyətdə olan baş nazir Tereza Meyin başçılıq etdiyi Mühafizəkarlar Partiyası 42 faizdən artıq səs toplasa da, hökuməti təkbaşına qura bilməyəcək.

Böyük Britaniya parlamentinin 650 üzvü var. Hökumətin təkbaşına qurulması üçün siyasi partiya azı 326 yer qazanmalıdır. Ancaq Mühafizəkarlar Partiyası qeyd etdiyimiz deputat sayı ilə parlamentdə uzağı 316 yer əldə edə bilər. Bu isə koalisiya hökumətinin qurulacağını ehtimal etməyə əsas verir.

İlkin nəticələrə əsasən, Ceremi Korbinin başçılıq etdiyi müxalifətdə olan Leyboristlər Partiyası 40,3 faiz, Tim Farronun Liberal Demokratlar Partiyası 7,1 faiz, Nikola Stercenin Şotlandiya Milli Partiyası 3,1 faiz, Pol Nattollun Müstəqil Birləşmiş Krallıq Partiyası 1,9 faiz, başqaları isə birlikdə 5,3 faiz səs toplayıblar.

Yeri gəlmişkən xatırladaq ki, 2015-ci ildə keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, Mühafizəkarlar Partiyası 36,9 faiz, Ceremi Korbinin partiyası 30,4, liberallar 7,9, Müstəqil Birləşmiş Krallıq Partiyası 12,6, şotlandların siyasi təşkilatı isə 4,7 faiz səs toplamışdı.

Növbəti seçkilər 5 ildən sonra keçirilməli idi. Ancaq 2016-cı il iyunun 23-də Britaniyanın Avropa İttifaqından çıxması haqqında referendumun nəticələri hakim partiyanın istəklərini təmin etmədi. Həmin dövrdə baş nazir olan Devid Kemeron istefa verdi. Səsvermədə iştirak edən seçicilərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs vermişdi.

Kemeronun yerinə isə Tereza Mey hökumətə başçılıq etməyə başlayıb.

Mühafizəkarların indiki lideri parlamentdə daha çox yer əldə etmək üçün bu ilin aprelində növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. Ancaq seçkilərin ilkin nəticələri onun hədəfinə çata bilmədiyini göstərir.

Seçkilər hökumət üçün əlverişli şəraitdə keçməyib. Seçki kampaniyası başlayandan sonra Londonda iki terror törədilib. Bundan heç şübhəsiz əsas müxalifət partiyası olan leyboristlər istifadə ediblər. Ceremi Korbin hökuməti terrora qarşı mübarizədə zəiflik göstərməkdə, 20 min polisi və təhlükəsizlik qüvvəsini ixtisar etməkdə qınayaraq bildirib: “Təhlükəsizliyin təmin edilməsinə qənaət etməklə vətəndaşları qoruya bilməsiniz. Siz insanları ucuz müdafiə edə bilməzsiniz. Polis Federasiyası Tereza Meyə xəbərdarlıq etmiş, ancaq o, polisi yalan həyəcan yaratmaqda ittiham etmişdi”.

Londondakı son hadisələr baş verməsəydi, seçkilərin nəticələrinin fərqli olacağı ehtimalı böyük idi. Çünki Marqaret Tetçerdən sonra Tereza Meyin hökumətə başçılıq etməsi ikinci hadisə idi. “Dəmir Ledi”nin baş nazirliyi dövründə Böyük Britaniya uğurlar əldə etmiş, iqtisadiyyatı dirçəlmişdi. Bu baxımdan “İkinci Dəmir Ledi”dən də krallıq ictimaiyyəti onun uğurlarının təkrarını gözləyir.

Son üç ildə Britaniya krallığı çox çətin iki hadisənin öhdəsindən gələ bilib. Onlardan biri yuxarıda qeyd etdiyimiz kimi “Brexit” idi. İkincisi isə Şotlandiya seçicilərinin müstəqillik haqqında keçirdikləri referendumdur.

2014-cü il sentyabrın 18-də keçirilən birinci referendum nəticəsində şotlandların 55,3 faizi Böyük Britaniyanın tərkibində qalmağa, 44,7 faizi isə krallığın tərkibindən çıxmağa səs vermişdi.

Britaniyanın Avropa İttifaqından çıxması vəziyyətə təsir göstərib. Bu il martın 28-də Şotlandiya parlamenti ilyarımdan sonra müstəqilliklə bağlı ikinci dəfə referendum keçirmək haqqında qərar qəbul edib.

Beləliklə, yeni parlament və hökumət bu iki problemlə yenə üzləşib. Düzdür, onlardan biri Avropa İttifaqından çıxmağı başa çatdımaqdır. İki ilə bu prosesin başa çatacağı planlaşdırılır. Digəri isə çoxəsrlik Şotlandiya problemidir.

Bunları həyata keçirməyin məsuliyyəti yenə mühafizəkarların üzərinə düşəcək. Koalisiya hökumətinin qurulacağı ehtimalı böyükdür. Bu hökumətə mühafizəkarlardan kim başçlıq edəcək: faəliyyətdə olan baş nazir Tereza Mey, xarici işlər naziri Boris Conson, “Brexit” məsələləri üzrə katib Devid Devis?

Daha çox şanslı Mey sayılır. Leyboristlər isə koalisiyada təmsil olunmayacaqlarını bildiriblər. 

Yeri gəlmişkən qeyd edək ki, 68 yaşlı Ceremi Korbin həddindən artıq solyönümlü siyasi baxışın daşıyıcısıdır. O, heç vaxt dövlətin yüksək vəzifələrində işləməyib. O, əvvəllər terrorçu kimi tanınan və İrlandiyanın krallığın tərkibindən çıxması uğrunda silahlı mübarizə aparan “İrlandiya Respublika Ordusu"nun təəssübkeşlərindən olub. C.Korbin dəfələrlə antisemitzmdə ittiham olunub, NATO-nu tənqid edib. Bu baxımdan perspektivdə bu partiyanın koalisiya hökumətinə başçılıq edəcəyi ehtimalı da azdır. Odur ki, Mühafizəkarlar Partiyasının başçılığı altında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının gələcəyi, yeni və köhnə problemlərin həlli ilə bağlı yeni sınaqdan keçəcək. 

Son xəbərlər

Orphus sistemi