“Brexit” Azərbaycana hansı töhfələr verə bilər?

“Brexit” Azərbaycana hansı töhfələr verə bilər? Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyünü rəsmən tərk etməsindən sonra bir ilə yaxındır davam edən keçid dövrü də başa çatsa da, tərəflər arasında tərəfdaşlıq münasibətləri qorunub saxlandı.
Analitika
26 Dekabr , 2020 17:18
“Brexit” Azərbaycana hansı töhfələr verə bilər?

Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyünü rəsmən tərk etməsindən sonra bir ilə yaxındır davam edən keçid dövrü də başa çatsa da, tərəflər arasında tərəfdaşlıq münasibətləri qorunub saxlandı.

Ötən bir il kifayət qədər gərgin keçdi, son ana qədər sazişsiz “Brexit” ehtimalını hər iki tərəf istisna etmirdi. Hərçənd Böyük Britaniya hökumətinin hesablamalarına görə “Brexit”in sazişsiz baş tutması halında ölkənin ÜDM-si 15 il sonra 7,6 faiz, saziş imzalanması təqdirdə isə 4,9 faiz azalacaqdı.

Cəmi bir neçə gün əvvəl tərəflərin razılığa gələcəyi müşkül görünsə də, bəlkə Milad bayramının əhval-ruhiyyəsi özünü göstərdi, bəlkə də elə bu günlərdə və məhz İngiltərədə peyda olmuş koronavirusun yeni ştamı insanları “özünü yığışdırmağa” vadar etdi, hər halda keçid dövrünün başa çatmasına düz bir həftə qalmış, yəni 24 dekabr günü tərəflər razılığa gəldiklərini elan etdilər.

Xatırladaq ki, tərəflər arasındakı ziddiyyətlərin mühüm qismi “Brexit” sonrası Böyük Britaniya ərazi sularında balıq ovundakı payların bölüşdürülməsi ilə bağlıdı. Həmin bölgədə Böyük Britaniya vətəndaşlarının balıq ovunun illik məbləği 850 milyon avro, Aİ üzvü başqa ölkələrin (əsasən İrlandiya, Belçika, Niderland, Fransa, İspaniya) isə 650 milyon avrodur. Təsadüfi deyil ki, tərəflər bir ara hətta top-tüfəng söhbətinə keçdilər, Böyük Britaniya ərazi sularında Krallıq dəniz qüvvələrinin gəmiləri keşik çəkməyə başladı.

Səciyyəvi məqamdır ki, razılaşma əldə olunan kimi dünya bazarında neft bahalaşmağa başlamadı, ekspertlər hətta qiymətlərin 55 ABŞ dollarına belə çatacağını istisna etməyiblər. Eyni zamanda funtun dollara qarşı məzənnəsi də artmağa başladı. Hərçənd əksər ekspertlərin rəyincə bunlar müvəqqəti xarakter daşıyır və razılaşmanın təfərrüatı üzə çıxınca vəziyyət əvvəlki məcraya qayıdacaq.

Sazişin konkret iqtisadi nəticələrinə gəlincə, Böyük Britaniya baş naziri Boris Conson hətta Aİ vahid bazarını və gömrük birliyini tərk edəndən sonra da üzv ölkələrinin bazarlarında rüsumsuz fəaliyyət göstərə biləcəklərini, yəni qarşılarında “nəhəng sərbəst ticarət bölgəsi” açılacağını bildirib. Hərçənd hökumət nəzdindəki Büdcə Məsuliyyəti Ofisi (OBR) orta perspektivdə ölkə ÜDM-nin 4 faizədək azalacağı qənaətindədir. Həm də əldə edilmiş razılaşma Böyük Britaniya iqtisadiyyatında 80 faizinədək payı olan xidmətlər (xüsusi bank xidmətləri) sektoruna şamil olunmur. Ekspertlərin fikrincə, ölkə banklarının, sığorta şirkətlərinin Aİ bazarına çıxması müəmmalı olaraq qalır.

Bütövlükdə “Brexit”in dünya iqtisadiyyatına mühüm təsir göstərən və göstərəcək amil olduğu şəksizdir. Azərbaycan da dünya iqtisadiyyatının bir parçası, habelə Böyük Britaniyanın mühüm tərəfdaşlarından biri kimi “Brexit”ə qarşı biganə qala bilməz. Hərçənd bütün böyük enerji layihələrində də yaxından əməkdaşlıq etdiyimiz Böyük Britaniya ilə əlaqələr bütün hallarda möhkəm zəmanət altında görünür, “Brexit”in də bu mənada hansısa mühüm dəyişikliyə səbəb olacağı ağlabatan deyil. Əksinə, bəzi ekspertlərin qənaətincə Aİ üzvlüyündən çəkilən Birləşmiş Krallıq bundan belə Brüselin razılığını gözləmədən xaricdə sərmayə yatırımları baxımdan daha çox sərbəstlik əldə edərək ölkəmizdə də sərmayələrinin əhatə dairəsini genişləndirə biləcək. Belə ki, Azərbaycanın nə qədər etibarlı və sərfəli tərəfdaş olmasını hələ “əsrin müqaviləsi” zamanı və o vaxtdan ötən dövr ərzində əyani müşahidə ediblər.

Sərmayə axını ilə yanaşı Böyük Britaniya ilə ticarət əlaqələrinin də artacağını gözləmək olar. Belə ki, 2020-ci ilin yanvar – oktyabr ayları ərzində ölkəmizin xarici ticarət dövriyyəsi həcminə görə Böyük Britaniya 344 milyon ABŞ dolları ilə 15-ci yerdə, idxal həcminə görə isə 243,2 milyon dollarla 9-cu yerdə olsa da, hazırda funtun güclənməsi nəzərə alınsa, bu ölkəyə məhsul ixrac etmək daha da sərfəli olub.

Neft bazarına gəlincə, mövcud vəziyyətin davam etməsi Azərbaycana sərf edir. Belə ki, gələn ilin dövlət büdcəsində neftin qiyməti 40 dollar məbləğində nəzərdə tutulub.

Bununla yanaşı funtun və xüsusilə də dolların məzənnəsindəki qabarıb çəkilmələrin də əhəmiyyətini nəzərə almaq vacibdir. Sözsüz ki, dolların ucuzlaşması ABŞ-ın xarici ticarət dövriyəsini, o cümlədən xarici ölkələrin enerji daşıyıcılarının idxalını təşviq edir. Görünür, hələ bu ilin yayından ABŞ hökumətinin dolların məzənnəsi ilə oynaması hələ bir müddət davam edərək başqa ölkələrin, o cümlədən bizim ticarət tərəfdaşlarımızın da pul vahidlərinə təsir göstərəcək. Bəs manatın məzənnəsinə bunun təsiri necə olacaq. AMB sədri Elman Rüstəmov ölkədə devalvasiyanın gözlənilmədiyini qəti şəkildə bildirib. Beləliklə, hətta pandemiya nəticəsində dünyanın düçar olduğu görünməmiş iqtisadi böhrana, üstəgəl Qarabağ müharibəsinə baxmayaraq, AMB manatın sabitliyini qoruyub saxlamağı bacardısa, “Brexit” də daxil olmaq şərtilə daha heç bir təbəddülatdan milli pul vahidimizə zaval gəlməyəcəyi şəksizdir.

Qulu Nuruyev, ekspert

Son xəbərlər

Orphus sistemi