BQXK-nın Qarabağdakı fəaliyyəti qeyri-legitimdir - ŞƏRH

BQXK-nın Qarabağdakı fəaliyyəti qeyri-legitimdir - ŞƏRH Azərbaycanın Ermənistanla sərhədyanı bölgədə Laçın sərhəd buraxılış məntəqəsi fəaliyyət göstərir. Qarabağ iqtisadi rayonundakı ermənilər bu məntəqədən keçməklə Ermənistanla əlaqə yarada bilirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İrəvan şöbəsinin
Analitika
11 İyul , 2023 14:35
BQXK-nın Qarabağdakı fəaliyyəti qeyri-legitimdir - ŞƏRH

Azərbaycanın Ermənistanla sərhədyanı bölgədə Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərir. Qarabağ iqtisadi rayonundakı ermənilər bu məntəqədən keçməklə Ermənistanla əlaqə yarada bilirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İrəvan şöbəsinin bu yoldan təhlükəsiz istifadəsinə də şərait yaradılıb. Ancaq təəssüf ki, beynəlxalq humanitar hərəkat sayılan, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngülləşdirmək məqsədi ilə yaradılan bu komitə Azərbaycanda mandatına uyğun fəaliyyətlə məşğul olmur.

Özündə dünya üzrə 100 milyon nəfərə yaxın könüllünü, üzv və işçi heyətini cəmləşdirən Beynəlxalq Qırmızı Xaç Komitəsi Laçın yolunda və Qarabağda qanunsuz əməlləri ilə bütün əməkdaşlarının fəaliyyətinə də kölgə salır.

Belə ki, 160 yaşlı humanitar təşkilatın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıqla məşğul olublar.

Dövlət Sərhəd Xidməti bu gün məsələ ilə bağlı məlumat yayaraq bildirib ki, Ermənistan Respublikası ilə dövlət sərhədində Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb. Onlar müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Qaçaqmalların komitəyə məxsus nəqliyyat vasitələri ilə daşınması təşkilatın fəaliyyətinə şübhələri artırır, bu isə həmin adamlarla BQXK-nın yerli əməkdaşları arasında cinayətkar işbirliyinin olduğunu təsdiqləyir. Bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir.

Azərbaycan torpaqları işğal altında olanda bu qurumun ermənilərə birtərəfli qaydada yardım etdiyi də sirr deyil. Təşkilatın Azərbaycana qarşı münasibəti ikili standartlara əsaslanıb. Onlar humanistlik adı altında xristian təəssübkeşliyi göstərərək beynəlxalq normaları pozublar.

Bir sıra hallarda BQXK-nın fəaliyyəti Fransanın və ermənilərin başqa havadarlarının Azərbaycana münasibətindən fərqlənməyib.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının bölgədəki ermənilərə qanunsuz silah-sursat və hərbi texnika daşıdığına və ya bunu müşahidə etdiyinə dair çoxsaylı sübutlar var. Komitənin yaradılan şəraitdən sui-istifadə edərək belə çirkin əməllərlə məşğul olması, beynəlxalq təşkilat təmsilçilərinin sülhməramlılarla birgə işbirliyi ehtimalını da gücləndirir.

Bu gün BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir, nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənir. Nəyə görə Azərbaycanın suveren ərazisində hansısa beynəlxalq təşkilatın ofisi fəaliyyət göstərməlidir? Qarabağa gəlib-gedənlər komitənin İrəvan ofisinin təmsilçiləridir. Təşkilat isə Azərbaycan ərazisində “humanitar əməllər” həyata keçirir. Halbuki, komitənin Bakıda da ofisi var və o, mandatına uyğun olaraq fəaliyyət göstərə bilər.

Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi üzvlərinin Azərbaycana mənfi münasibətləri də istisna deyil. Əks halda, onlar qaçaqmalçılığa və bu kimi qanunsuzluğa yol verməzdilər. Onlar bu davranış və pozuntu ilə Azərbaycanın qanunlarına hörmətsizlik ediblər. Əvvəllər humanitar təşkilatların patronluğu altında anti-Azərbaycan fəaliyyəti göstərən belə təşkilatlar bağlanıb, əməkdaşları isə ölkədən qovulub.

BQXK 44 günlük müharibədə işğalçı Ermənistanı müdafiə edən mövqe tutmuşdu. Azərbaycan elə həmin mövqeyinə görə bu təşkilatın ölkə ərazisində fəaliyyətinə “yox” deyə, yaxud fəaliyyətinə icazə verməyə bilərdi. Həmin günlərdə onlar humanitar mandatdan istifadə edərək, Azərbaycan hərbçilərinin mövqelərini Ermənistan tərəfə ötürdüyünə dair məlumatlar da var.

Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti ilə bağlı sözügedən quruma dəfələrlə xəbərdarlıq olunub. Aşkarlanmış qanun pozuntusu faktları təşkilatın diqqətinə çatdırılıb, amma heç bir tədbir görülməyib. Bununla belə, Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil və vəziyyətə uyğun olaraq lazımi addımlar atılmalıdır.

Baş verənlər istər-istəməz yada Arkadi Volskinin Komitəsini salır. Qeyd edək ki, 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaratmışdı. Bu komitə heç vaxt mandatına uyğun fəaliyyət göstərmədi. Arkadi Volski və komandası Qarabağın Azərbaycandan qoparılmasına çalışırdı. Bu baxımdan, Qırmızı Xaç Komitəsinin Qarabağda fəaliyyət göstərən bölməsinin “humanitar məqsədlə” casusluq və qaçaqmalçılıq etdiyi, silah-sursat və terrorçu daşıdığı da istisna olunmur. Ona görə də BQXK Arkadi Volskinin komitəsinə çox oxşayır. Elə bil eyni təşkilatlardır...

Son xəbərlər

Orphus sistemi