Oktyabrın 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və heç vaxt unudulmayacaq. Həmin gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndidə dalğalandı, şəhərin inzibati binasının üzərinə isə gerbimiz həkk edildi. Bu, həm də Qarabağ iqtisadi rayonuna vurulan Azərbaycanın dövlət möhürüdür. Eyni zamanda, milli dövlətçilik tarixində SSRİ-nin parçalanmasından sonra ərazi bütövlüyümüzün bərpası deməkdir.
Qarabağda yaradılan problem milli dövlətçilik quruculuğu ilə az qala həmyaşıd idi. Bu məsələ Azərbaycanın regional və qlobal məsələlərdə daha fəal iştirakına mane olurdu. 100 il diqqət daxili problemə, separatçılığa qarşı mübarizəyə ayrılırdı. Dövlət büdcəsi, maliyyə, hərbi resurslar bu istiqamətə yönəlirdi. Bundan başqa, bir milyona yaxın azərbaycanlının öz ev-eşiyindən didərgin salınması ölkə iqtisadiyyatının, sosial və s. sahələrin inkişafına ciddi problemlər yaradırdı. Bir əsrdən artıqdır ki, Azərbaycan gəncləri, əsgəri, hərbçiləri Qarabağ və ətraf rayonların qanunsuz silahlılardan təmizlənməsi uğrunda mübarizə aparıb, şəhid, qazi olublar. Xankəndidə Azərbaycan bayrağının dalğalanması ərazi bütövlüyü, suverenlik, eyni zamanda tam müstəqillik uğrunda mübarizənin başa çatması kimi də dəyələndirilə bilər. Bu, Azərbaycanın 220 illik imperiya boyunduruğundan xilas olmasıdır.
Əslində, çoxsaylı itkilərə, əraziyə erməni etnik qrupu nümayəndələrinin yerləşdirilməsinə baxmayaraq, Azərbaycanda bir-birini əvəzləyən hakimiyyətlər onların normal yaşayışını təmin edib. Hətta ortaq ailələr belə yaranıb. Bu, azərbaycanlıların arada olan düşmənçiliyi keçmişdə saxladığının göstəricisi idi. Xankəndi Azərbaycanın aparıcı ali təhsil ocaqlarından birinə çevrilmişdi. Ozamankı vilayətin erməni əhalisi Azərbaycanın başqa bölgələrinin sakinlərindən yaxşı yaşayırdılar. Çünki etnik azlıq olaraq onlara diqqət də artıq idi. Bir sözlə, bölgə sakinlərinin yaşayış səviyyəsi ovaxtkı sovetlərin qabaqcıl bölgələrinin yaşayışına bərabər səviyyədə idi.
Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldandan sonra etdiyi çıxışında bu məsələyə də toxunub: “Bütün bunlar o vaxt kolxozlarda, sovxozlarda işləyənlər üçün gəlir mənbəyi idi, insanlar burada yaxşı yaşayırdı. Heç bir ayrı-seçkilik, diskriminasiya olmamışdır. Bu sözlərimi təsdiq etmək üçün bir misal gətirə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax, gətirdiyim misal nəyi göstərir? Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi”.
Bu, Azərbaycanın erməni sakinlərə münasibətinin göstəricisi idi. Ancaq həmin bölgənin erməni "hakimiyyəti" yerli sakinlər olan azərbaycanlılara qarşı ayrı-seçkilik yürüdüb, onları sıxışdırıb. Hətta onda belə azərbaycanlıların şikayəti və etirazları Moskva tərəfindən diqqətə alınmırdı. Ermənilər üçün yaradılan bu şəraitdən dağıdıcı ünsürlər azərbaycanlılara qarşı istifadə etdilər. Bölgədə azərbaycanlılara qarşı etnik təmizləmə apardılar. Həmin ünsürlər insanlığa qarşı əməlləri ilə erməni sakinlərə də zülm ediblər. Onlar azərbaycanlılarla ermənilər arasında düşmənçilik toxumu səpiblər. Milli ədavətin həmmüəllifi bu cinayəti dəstəkləyən havadarlar, həm də onun icraçısı sayılan erməni etnik qrupuna mənsub “millətsevərlərdir”. Bu havadarlıq və “sevgi”nin acı nəticələrini aradan qaldırmaq üçün xeyli vaxt və əmək sərf olunacaq. Ancaq Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi və ətrafında yenə sülh, əmin-amanlıq olacaq, təhlükəsizlik təmin ediləcək. Çünki bu bölgənin hər yerində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.
Yamanlıq edib, cinayət törədənlər isə cəzalanacaq. Prezidentin çıxışında azərbaycanlılarla ermənilərin dostluq şəraitində yaşaması da vurğulanıb: “Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışdır. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar”.
Dövlət başçısı Qarabağdakı erməni sakinlərə həmişə çağırış edərək onları Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa çağırıb. Prezident sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra çıxışında bildirmişdi: ”Erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın “rəhbərləri" Qarabağ ermənilərini girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir”.
Azərbaycan Prezidentinin Xankəndi müraciətində bölgədə və Qərbi Azərbaycanda azərbaycanlılarla ermənilərin dostluq münasibəti vurğulanıb. Bu, Ermənistanda sülhsevər insanlara dostluq çağırışı, barış əlinin uzanmasıdır. Bu, azərbaycanlılarla ermənilər arasında iğtişaş salmaq istəyənlərə, belələrinin havadarlarına sərt ismarışdır. Bu, həm də Azərbaycanın böyüklüyü, onun milli əxlaqında sülhsevərliliyin göstəricisidir.
Dövlət başçısı cinayətkarların da cəzasız qalmayacağını vurğulayıb: “Özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə". İndi onun da çayı orada, təcridxanada verilir. Bizim bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”
Azərbaycan Prezidentinin Xankəndi müraciəti mərkəzi hakimiyyətin Qarabağın gələcəyinə, Ermənistanla normallaşma münasibətinə ismarışdır. İlham Əliyevin 20 illik hakimiyyəti Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinə uzanan, ölkəni qarışdıran əlləri kəsdi. Azərbaycanın qanayan yüzillik yarası sağaldı...