Qərb dövlətləri və təşkilatlarının Azərbaycanofob, qərəzli, ikili standartlara əsaslanan yanaşmaları səngimir. 30 illik işğala son qoyan, Qafqaza əbədi sülh gətirməyi hədəfləyən Azərbaycana qarşı əməlli-başlı səlib yürüşünə çıxılıb, desək, yanılmarıq. Heç bir fakt və dəlil ortaya qoyulmadan rəsmi Bakını Qarabağda “etnik təmizləmə”, “zorla köçürülmə”, “dağıntılar” törətməkdə ittiham edənlərin məqsədlərini müəyyən etmək o qədər də çətin deyil.
Bunu edənlər bölgədə Suriya və Ukraynadakı kimi münaqişələr yaratmaq istəyirlər. Təəssüflər olsun ki, Ermənistan da kor-koranə bu oyunu quranların arxasınca gedir. Belə görünür ki, 30 illik işğalın nəticələri hələ də İrəvana dərs olmayıb. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqla barışmaq istəməyən bu qüvvələr hər vəchlə mövcud vəziyyəti dəyişmək üçün dəridən-qabıqdan çıxırlar. Ermənistan qalıb bir kənarda, onun əvəzinə bəyanatlar səsləndirir, terrorçulardan təmizlənən Qarabağda "etnik təmizləmə" kimi cəfəng iddialar ortaya atırlar.
Ermənipərəst mövqeyi ilə seçilən, Fransanın təsiri altında olan Beynəlxalq Ədalət Məhkəməsində son müzakirələrə də bu aspektdən yanaşmaq lazımdır. Haaqada “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iclasın təşəbbüskarları yenə də Ermənistanın əsas havadarı, müstəmləkəçi təfəkkürlü Fransadır. Dinləmələrdə Ermənistanı təmsil edən Lourens Martinin iddiası isə hər kəsdə gülüş doğurub. Məsələn, o, Azərbaycanda ermənifobiyanın gücləndiyini 19 il əvvəl baş vermiş hadisə - 2004-cü ilin fevralında Macarıstanda Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun erməni hərbçini öldürməsi ilə əlaqələndirməyə çalışıb.
L.Martin hadisənin mahiyyətini kontekstdən çıxarıb, əsas səbəbi açıqlamayıb. Eyni zamanda 30 il Azərbaycana qarşı aparılan soyqırımı və irqi ayrı-seçkiliyə də toxunmayıb. Erməni lobbisi tərəfindən tutulan Şon Merfi adlı vəkil isə Qarabağda "vandalizmdən" dəm vursa da, ortaya bir fakt belə qoya bilməyib. Alisa Makdonald, Linos-Aleksandr Siçilianos də onlardan geri qalmayıblar, Qarabağdan erməni sakinlərin zorla köçürüldüklərini iddia ediblər. Halbuki, könüllü köç edən sakinlər KİV-ə müsahibələrində bu iddiaları təsdiq etməyib, əksinə, öz xoşları ilə getdiklərini bildiriblər.
Maraqlıdır ki, terrorçulardan təmizlənən Qarabağa iki dəfə missiya göndərən və hər hansı bir etnik təmizləmə və dağıntı müşahidə etməyən BMT tabeliyində olan məhkəmənin belə bir qərəzli dinləmə keçirməsinə reaksiya verməyib. Erməni lobbisinin təsiri altında olan iştirakçılar Azərbaycanın cavabına da diqqət yetirmək istəməyiblər.
Toplantıda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə aparılması və sentyabrın 19-20-də reallaşdırılan antiterror tədbirləri zamanı etnik təmizləmə törədilməsi ilə bağlı bütün ittihamlar qəti şəkildə rədd edib.
Qərb strukturları və təşkilatlarının Azərbaycanla bağlı qərəzli və ikili standartlara əsaslanan mövqe tutduqlarını bir sıra faktlarla sübuta yetirmək olar.
Birincisi, Azərbaycan dəfələrlə işğaldan azad olunan torpaqlarına UNESCO və digər BMT institutlarını dəvət etsə də, heç biri gəlmək istəməyib. Onlar Ermənistanın 30 illik işğal dövründə torpaqlarımızda törətdiklərini, vandal hərəkətlərini gözləri ilə görməyə can atmadılar. BMT Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarması ilə bağlı qəbul etdiyi dörd qətnaməsinin kağız parçasına çevrilməsinə də göz yumdu, laqeydlik nümayiş etdirdi. Halbuki, onun gözü qarşısında bizim mədəni və dini irsimiz məhv edilir, şəhərlər və kəndlər məqsədyönlü şəkildə dağıdılırdı.
İkincisi, həmin qurumlar uzun illər Qarabağda məscidlərin və digər abidələrin dağıdılmasına, azərbaycanlıların qətlə yetirilməsinə, onlara zərər vurulmasına, bir milyona yaxın insanın doğma yurdlarından didərgin salınmasına, qaçqın və məcburi köçkünə çevrilməsinə, mina probleminə, itkin düşmüş şəxslər məsələsinə də göz yumdular. Halbuki, rəsmi Bakı dəfələrlə bununla bağlı məsələni gündəmə gətirib.
Üçüncüsü, BMT-nin himayəsində olan UNESCO və əlaqədar təşkilatlar hazırda Ermənistan ərazisi olan əzəli Azərbaycan torpaqlarında - Qərbi Azərbaycanda xalqımıza məxsus mədəni və tarixi irsin məhv edilməsinin qarşısının alınması, qalan irsin qoruması, qaçqınların geriyə dönüşü barədə Azərbaycanın təkliflərini də nəzərə almadılar. Əvəzində isə xristian təəssübkeşliyindən çıxış edib, qərəzli və böhtan dolu dinləmə keçirməyə üstünlük veriblər.
Başqa bir fakt. Ermənistan 30 illik işğal zamanı BMT-ni ölkə ərazisinə buraxmadığı halda, ona qarşı heç bir sanksiya və qətnamə qəbul edilməyib. Əvəzində Azərbaycanda qalıb monitorinq etmək istəyirlər, yəni, bu məsələlərdə də açıq diskriminasiya hökm sürür.
Sonda dinləmələri həyata keçirənlərin diqqətinə BMT-nin sabiq sözçüsü, Abdelhamid Siyamın bu yaxınlarda dərc etdiyi məqaləsindən bir sıra məqamları çatdırmaq istərdik. Ermənistanın Azərbaycanın tarixi torpaqlarında 30 il ərzində həyata keçirdiyi işğaldan bəhs edən bu şəxs ölkəmizə qarşı edilənləri öz gözləri ilə görüb. Yazısında 30 il ərzində Azərbaycana qarşı hərbi təcavüzün ağır nəticələrindən, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində mülki əhaliyə qarşı yönəldilən çoxsaylı cinayətlərdən, bölgədə etnik təmizləmə siyasətindən bəhs edib. Ermənistanın müharibə mirası olan minaların partlayışı nəticəsində günahsız insanların həyatlarını itirməsini, kəndlər, şəhərlər, binalar, müəssisələr, mehmanxanalar, köhnə sarayların tamamilə dağıdıldığını, 67 məsciddən 65-inin yerlə-yeksan edildiyini, məscidlərdən heyvan saxlamaq üçün istifadə edildiyini vurğulayıb.
Azərbaycanla bağlı qərəzli dinləmələr təşkil edən BMT rəhbərliyi kemiş sözçülərini də dinləsə yaxşı olar...