"Bitcoin"i 2018-ci ildə nə gözləyir? "Köpük" partlayacaqmı? - TƏHLİL

"Bitcoin"i 2018-ci ildə nə gözləyir? "Köpük" partlayacaqmı? - TƏHLİL Ekspert: "Hesab edirəm ki, "bitcoin" günlərin bir günü birdən-birə ucuzlaşacaq"
Analitika
19 Dekabr , 2017 12:57
Bitcoini 2018-ci ildə nə gözləyir? Köpük partlayacaqmı? - TƏHLİL

Bakı. 19 dekabr. REPORT.AZ/ "Bitcoin"i 2018-ci ildə nə gözləyir? Bu sual, yəqin ki, bir çoxları üçün hələ də müəmma olaraq qalır. Kimlərsə onun birdən birə ucuzlaşacağını, bəziləri isə əksinə, bu kriptovalyutanın pul tarixində yeni bir era açdığını düşünürlər. Bəs, əslində, kriptovalyuta nədir? Sabun "köpüy"ü, yoxsa həqiqi pul? "Report" bu sualın cavabını tapmağa çalışıb.

Azərbaycanlı ekspertlər bu barədə nə düşünür?

İqtisadçı ekspert Samir Əliyev hələ 2009-cu ildən "bitcoin"i izlədiyini bildirdi. Ekspertin fikrincə, "bitcoin" istənilən ölkənin iqtisadiyyatı üçün böyük təhlükədir. “Mən "bitcoin"ə pul vahidi kimi yox, əmtəə kimi baxıram”, deyə ekspert bildirib. O, "bitcoin"in növbəti illərdə bahalaşmayacağını düşündüyünü söylədi: "Fikrimcə, bu “köpük” yaxın gələcəkdə bir çox investorlara ziyan vura bilər". 

Samir Əliyev iqtisadçıların və beynəlxalq təşkilatların bu məsələyə skeptik yanaşdıqlarını bildirdi: "Hesab edirəm ki, "bitcoin" günlərin bir günü birdən-birə ucuzlaşacaq".

İqtisadçı ekspert Samir Əliyev

Lakin heç də bütün azərbaycanlı ekspertlər belə düşünmür. Belə ki, iqtisadçı ekspert Vüqar Bayramlı istənilən halda "bitcoin"in virtual valyuta erasının başlanğıc olduğunu bildirdi. Bu kriptovalyutanın gələcək taleyinə gəlincə isə, o, "bitcoin"in gələcəyinin iki ssenari üzrə ola biləcəyini bildirib. İlkin senariyə görə, "bitcoin"in son 1 il ərzində 17 dəfə bahalaşması ciddi narahatlıq yaradır. Belə ki, "bitcoin"in növbəti illərdə də durmadan bahalaşacağı təqdirdə, onun "köpük" olması öz təsdiqini tapacaq. Onun sözlərinə görə, növbəti 6 ay ərzində isə qiymətin stabil qalacağı təqdirdə, bu pul vahidi özünü doğrultmuş olacaq.

İqtisadçı ekspert Vüqar Bayramlı

Əcnəbi ekspertlər "bitcoin"in taleyi haqqında nə deyir?

Blokçein proyektinin yaradıcısı Freed Yevqeni Qlariantov "bitcoin"lə bağlı açıqlaması zamanı bildirib ki, "bitcoin" bazarda qızılın virtual analoqu kimi çıxış edir. Onun fikrincə, elə bu faktor da bu kriptovalyutanın qiymət artımına səbəb olur: "İnvestorlar üçün "bitcoin" hazırda kriptovalyutalar arasında ən etibarlı saxlanc yeridir. Hazırda bir çox investorlar məhz "bitcoin"in qiymət dəyişkənliyində qazanmağa çalışırlar". Yevqeni Qlariantovun fikrincə, "Bitcoin"in qiyməti yaxın iki ildə 100 min dollara çata bilər.

Blokçein proyektinin yaradıcısı Yevqeni Qlariantov

"Blockchain.ru" şirkətinin həmtəsisçisi Dmitri Matsukun fikrincə, "bitcoin" 40 min dollar olacaq: "Koreya birjasına "Bitcoin"in çıxışı həmçinin "bitcoin" fyuçerslərinin ABŞ və Yaponiyada işə düşməsi institusional investorların bazara çıxmasına səbəb olacaq. İnstitusional investorlar bazarda böyük pul kütləsinə malikdirlər və bununla da bazarı idarə edirlər. Bu investorlar hələ uzun müddət gözə görünməz qəpikləri bazarda saxlaya biləcəklər".

ABŞ Mərkəzi Bankının rəhbəri Janet Yellen

ABŞ Mərkəzi Bankının rəhbəri Janet Yellen də "Bitcoin"in spekulyativ olduğunu bildirib: "Hazırda "bitcoin" ödəmə sistemlərində çox kiçik bir rol oynayır. Stabil bir dəyər mənbəyi yoxdur, müəyyən bir zəmanəti yoxdur, olduqca spekulyativ bir aktivdir. Tənzimləyicisi yoxdur. Bankların, tənzimləyicilərin bu bazardakı münasibətlərdə məxfilik və çirkli pul yuma qanunlarının pozulmadığından əmin olmaları lazımdır".

Son xəbərlər

Orphus sistemi