İranda islam pərdəsi ilə üzünü örtən rejim bütün göstəriciləri ilə şovinizm siyasəti yürüdür. Hazırda siyasi hakimiyyətdə olan bu ideologiyanın daşıyıcıları hələ də moğolları (monqol-tatarlar), ərəb və türkləri özlərinin düşməni sayır.
Yeri gəlmişkən, Sasanilər sülaləsi III Yezdəgirdin hakimiyyəti dövründə ərəblər tərəfindən süqut edib. Ərəblər 633-cü ildən başlayaraq Sasanilər ərazisinə hücumlar etməyə başlayıblar. Sasanilər ilə ərəblər arasında 633-634-cü illərdə baş verən 9 döyüşdə ərəb sərkərdəsi Xalid ibn Vəlid qələbə qazanıb. O vaxtdan farslar Sasani imperiyasını süquta uğratdığı üçün ərəbləri sevmirlər. Ərəblərdən sonra moğollar və türklər Sasani ardıcıllarının hakimiyyətə gəlişinə mane olublar. Panfarsizm düşüncəsi Rza Pəhləvinin taxt-taca yiyələnməsi ilə bərpa edilib. 1979-cu ilin fevral inqilabından onu İslam adı altında gizlətməyə çalışsalar da, indiyədək bu mürtəce düşüncə sistemi davam edir. Həmin ideologiyaya əsasən, göy (türk), sarı (monqol-tatar, bəzən çinlilər) və yaşıl (ərəb) rəng farsların düşmənidir.
Bu günlərdə İran Prezidenti İbrahim Rəisi xanımı Cəmilə Aləmülhüda ilə birlikdə Venesuelada səfərdə olub. Səfər çərçivəsində Cəmilə Aləmülhüda Venesuelada yerli televiziya kanallarından birinə müsahibə verib. O, İranda əhalinin əhəmiyyətli hissəsi olan türklərə və ərəblərə nifrət bəsləyən irqçi fikirlər söyləyib: “Ərəblər, türklər və moğollar bizim düşmənimiz olub”.
Güney Azərbaycandan olan bir qrup ziyalı dinin titul daşıyıcısı - höccətülislam, bəzən isə ayətullah sayılan, İran Prezidenti İbrahim Rəisinin həyat yoldaşının bu çıxışına etiraz olaraq BMT-nin İrqi ayrı-seçkiliyin ortadan qaldırılması komitəsinə müraciət ünvanlayıb.
Müraciətin surəti Türk Dövlətləri Təşkilatına, Türkiyə Prezident Administrasiyasına və Azərbaycan Prezident Administrasiyasına da göndərilib.
Bildirilib ki, Cəmilə Aləmülhüda bu ifadələri ilə irqçilik edərək türklərə və ərəblərə qarşı kin, nifrət yayıb: “İran İslam Respublikasının hakimiyyət orqanları və onlara tabe olan qurumlar, təşkilatlar sistematik olaraq fars olmayan etnoslara qarşı ayrı-seçkilik siyasəti aparır. Uzun illərdir bu kimi ifadələrlə qeyri-fars etnik mənsubları təhqir edilir, assimilyasiya siyasətinə məruz qalırlar”.
Müraciətdə qeyd edilib ki, bundan əvvəl dövlət radio-televiziya qurumu tərəfindən hazırlanan sosial araşdırmalarda milli ayrı-seçkilik təbliğ olunub. Tehranda çıxan “İran” adlı rəsmi qəzetdə türklərin “həşərat” adlandırılaraq təhqir edilməsi də bu sənəddə vurğulanıb. Bundan başqa, İranda rəsmi televiziya kanallarında yayımlanan “Fitile” proqramında təhqiredici ifadələrin hədəfinin türklər olduğunu da müraciəti imzalayanlar bildiriblər: “Dərsliklərdə fars olmayan etnoslara, xüsusilə türklər və ərəblərə qarşı alçaldıcı ifadələr işlətmək, nifrət, kin və təhqiredici sözlər söyləmək, yalan, saxta məlumatların aşılanması kimi üsullardan istifadə etmək İrandakı hakimiyyətin dövlət siyasətinin mühüm tərkib hissəsidir”.
Vurğulanıb ki, BMT-nin 1965-ci ildə qəbul etdiyi “Ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”nı, “Beynəlxalq İnsan Haqları Bəyannaməsi”ni İran da imzalayıb: “İran beynəlxalq birliyin qəbul etdiyi və özünün imzaladığı öhdəliklərə əməl etmir”.
Bildirilib ki, Tehrandakı hakimiyyət hətta ölkədə belə irqi ayrı-seçkiliyə qarşı qanunlar qəbul etmir, bu cür irqçi, ayrı-seçkilik və nifrət dolu hərəkətlərə qarşı hər hansı məhkəmə prosesi başlamaqdan çəkinir və heç bir cəza tədbiri tətbiq etmir: “İran dövlətinin etniklərə qarşı sistematik ayrı-seçkilik və irqçi siyasəti etnik mənsubiyyətlərə qarşı təhqir və nifrət dolu çıxışlar edilir”.
Müraciətə əsasən, dərsliklərdə və televiziya proqramlarında irqçi, milli ayrı-seçkilik xarakterli diskussiyalara geniş yer verilir.
Hakimiyyətin yürütdüyü etnik siyasətin türklərin yaşadığı bölgələrdə iqtisadi ayrı-seçkiliyə səbəb olduğu da vurğulanıb: “Bu hal türklərin yaşadıqları bölgədə aşağıdakı mənzərənin yaranmasına səbəb olub:
- yeraltı və yerüstü sərvətlər talan edilir;
- oradan əldə edilən gəlir farsların yaşadığı bölgələrə köçürülür;
- bununla da türklər sıx yaşadıqları yerlərdən köçürülür.
Müraciətdə qeyd edilib ki, hakimiyyət Azərbaycan türklərinin yaşadıqları bölgələrdə işsizliyə və bununla da beyin axınına şərait yaradır.
Müraciəti imzalayanlar bəyan ediblər ki, türklər İran hakimiyyəti tərəfindən sistematik olaraq ayrı-seçkiliyə məruz qalırlar: “Biz hakimiyyətin irqi ayrı-seçkilik siyasətini, nifrət dolu çıxışlarını və hərəkətlərini qəti şəkildə pisləyir, qurumların bu prosesi dayandırmasını, qısa zamanda belələrinin cəzalandırılmasını, davam edən milli assimilyasiya prosesinin qarşısının alınmasını tələb edirik”.