Xankəndidə “futbol yarışı” - vasitəçilərin oyunbazlıqlarının törəməsi - ŞƏRH

Xankəndidə “futbol yarışı” - vasitəçilərin oyunbazlıqlarının törəməsi - ŞƏRH Bakı. 8 fevral. REPORT.AZ/ Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Beynəlxalq vasitəçilər bu problemin dinc yolla həllinə vasitəçilik edirlər. Ancaq nəticə yenə də sıfırdır. Vasitəçilərin sayəsində işğal altında olan Azərbaycan torpaqlarında separatçı cinayətkar rejim “çiçəklənir”, hətta müxtəlif tədbirlər belə keçirməyə çalışır.
Analitika
8 Fevral , 2019 13:20
Xankəndidə “futbol yarışı” - vasitəçilərin oyunbazlıqlarının törəməsi - ŞƏRH

Bakı. 8 fevral. REPORT.AZ/ Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Beynəlxalq vasitəçilər bu problemin dinc yolla həllinə vasitəçilik edirlər. Ancaq nəticə yenə də sıfırdır. Vasitəçilərin sayəsində işğal altında olan Azərbaycan torpaqlarında separatçı cinayətkar rejim “çiçəklənir”, hətta müxtəlif tədbirlər belə keçirməyə çalışır.

Əslində, dövlətlərarası münasibətləri tənzimləyən benəlxalq hüquqa və Helsinki aktına əsasən sərhədlər toxunulmazdır. Bir az da əvvələ gedib bu məsələyə bir az əhatəli yanaşmaq istərdik. 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları - Avropanın 33 dövləti, ABŞ və Kanada yekun aktı imzalayıblar. Sənəddə iştirakçılar 10 əsas prinsipin rəhbər tutulmasını qəbul ediblər. Bunlar suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisənin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ, dövlətlər arasında əməkdaşlıq və beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipləridir. Azərbaycan Respublikası bu aktı 1992-ci ildə imzalayıb. Deməli, ərazi bütövlüyünün pozulması, yaxud bu istiqamətdə istənilən cəhd separatçılığın dəstəklənməsidir.

Bu ilin iyununda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində separatçıların futbol yarışı keçiriləcək. Qeyd edək ki, tanınmayanların Müstəqil Futbol Assosiasiyası Konfederasiyası (CONIFA) 2013-cü ildə təşkil olunub. Onun mənzil-qərargahı İsveçdə yerləşir. Bu qurum Beynəlxalq Futbol Federeasiyaları Assosiasiyası (FİFA) və Avropa Futbol Federasiyaları Assosiasiyası tərəfindən rəsmi olaraq tanınmır. Siyasiləşən bu yarışmada 12 komanda - Azərbaycanın Dağlıq Qarabağ, Ukraynanın Luqansk, Donetsk, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, İtaliyanın Sardiniya, Padaniya, Türkiyənin Van bölgəsindəki “Qərbi Ermənistan”, Rumıniyanın Sekey diyarı, Finlandiyanın Laplandiya, Fransanın Nitsa, Albaniyanın Çameriya bölgələrindəki separatçıların komandaları iştirak edəcəklər. Yeri gəlmişkən, Azərbaycan Respublikasının "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Tural Gəncəliyev CONIFA-ya etiraz məktubu göndərib. Məktubda belə bir yarışın təşkilindən dərin narahatlıq ifadə olunub: "Ermənistanın hərbi təcavüzü Azərbaycanın ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və 7 rayonun işğalı ilə nəticələnib. Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla, işğal olunmuş rayonlarda azərbaycanlıların kütləvi şəkildə etnik təmizlənməsini həyata keçirib. Etnik təmizləmə siyasəti 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnib. Hazırda Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 80 mindən çox üzvü 30 ildən çoxdur Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıb. "CONIFA-nın təşkil etdiyi bu turnir beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilat və dünya ictimaiyyətinin rəsmi mövqeyinə ziddir”. Məktubda işğal olunmuş ərazilərdən azərbaycanlıları təmsil edən "Qarabağ" futbol klubunun olduğu xatırladılıb: "Hazırda bu klub erməni qoşunları tərəfindən tamamilə məhv edilmiş və işğalı altında olan Ağdam şəhərindən uzaqda - Bakıda məskunlaşıb”. 

Hər halda dünyda belə tədbirlər özbaşına keçirilmir. Bu yarışla siyasi təzyiqlər edilir. Qəbul edilən beynəlxalq sənədlərə hörmətsizlik göstərilir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. “Yarışın” keçirilməsinə himayədarlıq edənlər separatçılığı da dəstəkləyiblər. Bu “komandalar”ı hansı dövlət maliyyələşdirir? “İştirakçılar”ın siyahısına baxsaq, bunu aydın görmək olar. Avxaziya, Cənubi Osetiya, Luqansk, Donetsk və Dağlıq Qarabağdakı separatçıları daha çox müdafiə edən dövlətlərin bu ideyanın reallaşmasını dəstəklədikləri istisna olunmur. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən dövlətlər, xüsusilə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya hələlik məsələyə münasibət bildirməyib. Beynəlxalq ictimaiyyət çox yaxşı bilir ki, Azərbaycanın Dağlıq Qarabağ, Ukraynanın Luqansk, Donetsk, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərindəki münaqişələrin həllinin açarı Rusiyanın əlindədir. Onda belə qənaətə gəlmək olar ki, bu “yarış”ın Xankəndidə keçiriləcəyindən Rusiya xəbərsiz deyil. Görünür, Fransanın Nitsa qraflığının “komandası”nın “yarışmada” iştirakı rəsmi Parisi narahat etmir. Bu qraflıq XIX əsrin sonlarında Fransaya birləşdirilib. Nitsanın bir milyondan çox sakini var. Düzdür, İtaliyanın bir hissəsi olsa da, Fransanın bu ərazisində silahlı münaqişə yoxdur və atəşkəs elan edilməyib. Xatırladaq ki, Fransanın Korsika əyaləti də müstəqil olmaq istəyir. Korsikalılar bu istiqamətdə mübarizələrini davam etdirirlər. Təəssüf ki, Fransa separatçılıq meyli ilə üzləşən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Xankəndidə keçirilməsi nəzərdə tutulan “tədbir”lə bağlı münasibət bildirməyib. Ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçi rolunda olduğundan bu barədə mövqeyini ortaya qoyması vacibdir. Çünki münaqişənin həllində vasitəçi kimi ona hər iki tərəf etibar etməlidir. Ancaq Fransa belə mövqe sərgiləməklə vasitəçi olaraq nüfuzunu itirir. 

Beləliklə, ermənilərin “yarış” təşkil etməsi münaqişənin dinc yolla nizamlanmasına, danışıqlar prosesinə problem yaradır. Separatçılığı dəstəkləmək və ya onun əl-qol açmasına yardım etmək heç bir beynəlxalq prinsipə uyğun gəlmir. Bu “yarışma”nı Xocalı soyqırımı törədilən Azərbaycan bölgəsində keçirmək istəyirlər. Həmin soyqırımı isə Rusiyanın 366-cı motoatıcı alayının hərtərəfli yardımı ilə ermənilər törədiblər. Belə çıxır ki, yarışın keçirilməsinə dəstək verən dövlətlər, onu maliyyələşdirənlər Xocalı soyqırımının törədilməsinin məsuliyyətini ermənilərlə birlikdə bölüşürlər. Bəziləri Xankəndidə keçirilməsi nəzərdə tutulan “yarışmanı” adi qarşılayıb məsuliyyətsizlik və laqeydliyin simvolu olan “nə olsun” sualını verər. O olsun ki, bu torpaqlar Azərbaycanındır, Ermənistan və havadarları tərəfindən işğal edilib. Beynəlxalq vasitəçilər Azərbaycana torpaqlarını hərb yolu ilə işğaldan azad edib ərazi bütövlüyünü bərpa etməyə imkan vermir, münaqişənin dinc yolla həll olunmasının vacibliyini vurğulayırlar. Elə həmin vasitəçilər indiyədək Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini bildirməyiblər. Vasitəçilər bu yolla Dağlıq Qarabağdakı erməni separatçı-cinayətkar qrupun Azərbaycanın ərazi bütövlüyünü pozmasına imkan və şərait yaradırlar. Odur ki, Xankəndidə keçiriləcəyi nəzərdə tutulan “futbol qarşılaşması” daha çox ATƏT-in Minsk qrupu həmsədrlərinin 25 illik oyunbazlıqlarının nəticəsi, törəməsidir. Bu, Helsinki aktına qarşı çıxmaq, separatçılığı maliyyələşdirmək, onu dəstəkləyib havadarlıq etmək, başını sığallamaqdır.  

Son xəbərlər

Orphus sistemi