Beynəlxalq Ana Dili Günü - pozulan hüququn təmini uğrunda davam edən mübarizə - ŞƏRH

Beynəlxalq Ana Dili Günü - pozulan hüququn təmini uğrunda davam edən mübarizə - ŞƏRH Dilin cəmiyyətdə oynadığı əvəzsiz rol hamıya məlumdur. O , həm də bir etnosun mövcudluğunun vacib şərtidir. Dil mədəniyyətdir, dövlətdir. Bir etnosu assimilyasiya etmək, onun izini itirmək üçün ilk növbədə dilin istifadəsinə maneə yaratmaq, onu qadağan et
Analitika
21 Fevral , 2024 12:55
Beynəlxalq Ana Dili Günü - pozulan hüququn təmini uğrunda davam edən mübarizə - ŞƏRH

Dil bir etnosun mövcudluğunun vacib şərtidir. Dil mədəniyyətdir, dövlətdir. Təsadüfi deyil ki, bir etnosu assimilyasiya etmək, onun izini itirmək üçün, ilk növbədə, dilin istifadəsinə maneə yaradılır, qadağalar tətbiq olunur. Bir etnosun assimilyasiyası o dildə olan coğrafi adların dəyişdirilməsi, tarixinin saxtalaşdırılması, məcburi olaraq öz yurdundan köçürülməsindən başlayır.

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür. Bu, UNESCO-nun 1999-cu il noyabrın 17-də keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib. 2000-ci il fevralın 21-dən etibarən həmin gün dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədi ilə qlobal miqyasda qeyd olunur.

Çar və sovet imperiyası müstəmləkəsində yaşamış türk etnosu, o cümlədən azərbaycanlılar ana dilinin qorunması ilə bağlı çox çətinliklərdən keçərək onu qorumağa müvəffəq olublar. Ancaq, təəssüf ki, hazırda dünyanın bir sıra ölkələrində türklərin, azərbaycanlıların bu sahədə vəziyyəti heç də məqbul deyil.

İki il öncə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu məsələyə toxunaraq deyib: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir”.

Prezident Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən kənarda yaşayan türklərin hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtının çatdığını vurğulamışdı: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”.

Bu gün Azərbaycan türklərinin dil hüququnun təmin olunması Azərbaycan Respublikasının daxili və xarici siyasətinin prioritet məsələlərindəndir.

Dünyada ana dilində təhsil hüququnu pozanlardan biri də İrandır. Statistikalara əsasən, bu ölkədə 25-30 milyon türk (azərbaycanlı) var. Onların İranın mövcud konstitusiyasında nəzərdə tutulan ana dilində təhsil hüququ pozulur. Rza və Məhəmməd Rza şah pəhləvilərin dövründə təmin olunmayan ana dilinin istifadəsi və tətbiqinə qoyulan qadağalar bugünkü İslam Respublikasının hakimiyyəti illərində də davam edir.

Bu gün Güney Azərbaycanın bir sıra şəhər və bölgələrində “Dilim-mənim adımdır!” şüarı altında müxtəlif dinc, səssiz aksiyalar keçirilir. Ana dilində kitablar, broşürlər paylanıb və s.

Bu günlərdə Almaniyanın Köln şəhərində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Fərqli dillər, problemlər və inkişaf imkanları” mövzusunda konfrans keçirilib. Yığıncaqda İranda yaşayan xalqların bir sıra təmsilçiləri də iştirak ediblər. Toplantıda uyğun sahələr üzrə mütəxəssislər və araşdırmaçılar dil müxtəlifliyi, İran hakimiyyətinin bu gerçəkliyə düzgün yanaşmaması və ölkədə dillərin çox olduğuna inkişaf vasitəsi qismində baxılmasının vacibliyini vurğulayıblar. İranda təhsil sisteminin ancaq fars dilində olduğu tədbirdə qınanılıb. Belə təhsil sisteminin fars olmayan uşaqlara mənəvi psixoloji təsiri vurğulanıb. Bildirilib ki, ölkədə çoxdilli təhsil sisteminin yaradılmasının vacibliyi fikri irəli sürülüb. Konfrans “Türk Qadınları Mərkəzinin” təşəbbüsü ilə keçirilib.

Azərbaycan İnsan Haqları Cəmiyyəti - Ərk Beynəlxalq Ana Dili Günü ilə bağlı açıqlama yayaraq qeyd edib ki, 2024-cü ildə bu günlə bağlı şüar belədir: “Ana dilinin öyrədilməsi nəsillər arasında təhsilin əsasıdır”. Bildirilib ki, UNESCO-nun statistikasına görə, dünyada insanların 40 faizi ana dilində təhsil almaqdan, 800 milyondan çox insan da oxumaq və yazmaq kimi nemətdən məhrumdur. Təəssüf ki, Cənubi azərbaycanlılar da bu göstəriciyə aiddir.

Ana dilində təhsil olmaması Güney Azərbaycan türklərinin assimilyasiyası üçün şərait yaradır. Vaxtilə Ermənistan da Qərbi azərbaycanlılara qarşı oxşar assimilyasiya siyasəti yürüdüb. Bu istiqamətdə təzyiqlər, təqiblər, zorakılıqlar onların öz yurdlarından qovulması ilə nəticələnib.

İranda da “Türklərsiz İran!” şüarını bu gün də tətbiq etmək istəyənlər var.

Türklərin Çin, Yunanıstan, Əfqanıstan, bir sıra hallarda Rusiya, Gürcüstanda ayrı-seçkiliyə məruz qalmalarına dair çoxsaylı faktlar var.

Güney Azərbaycan türklərinin ana dili uğrunda mübarizəsi yüz ilə yaxındır davam edir. Beynəlxalq ana dilindən bəhs edilməsindən isə 25 il ötür. Ötən bu müddət ərzində Güney Azərbaycan türklərinin bu sahədə hüquqları hələ də təmin olunmayıb. Ana dilinin inkişafına, tətbiqinə şəraitin yaradılmaması dünya mədəniyyətinin yoxsullaşması, insan hüquqlarının kobudcasına pozulmasıdır.

Son xəbərlər

Orphus sistemi