Baqratın kriminal dəstəkçiləri - Koçaryanın cinayətkar qohumları İrəvanda – TƏHLİL

Baqratın kriminal dəstəkçiləri - Koçaryanın cinayətkar qohumları İrəvanda – TƏHLİL Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bir müddətdir başlatdığı “Vətən uğrunda Tavuş” hərəkatı sönməyə doğru üz tutub. Bir müddət paytaxt İrəvanda itaətsizlik aksiyaları keçirən erməni keşiş sıralarını genişləndirə bilmədiyi üçün artıq turist ci
Analitika
4 İyun , 2024 17:33
Baqratın kriminal dəstəkçiləri - Koçaryanın cinayətkar qohumları İrəvanda – TƏHLİL

Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bir müddətdir başlatdığı “Vətən uğrunda Tavuş” hərəkatı sönməyə doğru üz tutub. Bir müddət paytaxt İrəvanda itaətsizlik aksiyaları keçirən erməni keşiş sıralarını genişləndirə bilmədiyi üçün artıq turist cildinə girib. Ona qoşulan başıpozuq dəstəni dövlət qurumlarının qarşısına sürükləyən Baqrat əslində çarəsiz, plansız olduğunu büruzə verir. Bunu onun verdiyi mənasız və rabitəsiz, bir-birini təkzib edən bəyanatlardan da anlamaq olar. Misal olaraq, Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən arxiyepiskopun agent olması barədə şayiələrin əsassız olması barədə açıqlaması, sonuncunu xeyli ürəkləndirib. Bəlkə də elə bu səbəbdən də xəbəri yayan şəxslərin hamısını həbsə atdıracağı barədə gurultulu bəyanat səsləndirib. Qalstanyan MTN-nin açıqlamasından o qədər ürəklənib ki, artıq açıqlamanın da dozasını qaçırıb. Belə ki, KİV nümayəndələri ilə görüşündə qeyd edib ki, sabiq prezidentlərdən təkcə Serj Sarqsyanla görüşüb. Digərləri onunla görüşmək istəməyib. Bu, onun artıq Serjlə ciddi ittifaq halında olmasından xəbər verir.

Eyni zamanda bir müddət əvvəl kameraların qarşısında “Yerevan Place” otelində Ermənistanın üçüncü prezidenti Robert Koçaryanla görüşünü deyəsən unudub. Bununla yanaşı, sabiqlərlə görüş barədə “Kirants hadisələrindən 15 gün əvvəl keçmiş prezident Levon Ter-Petrosyanla görüşdüm. Sonra isə məlum hadisələrə başladım” etirafı da bir sıra mətləblərdən xəbər verir. Görəsən, Paşinyanın xaç atası sayılan Petrosyan şagirdinin hərəkətlərindən narazıdır? Bəlkə Baqratla görüşdə belə bir hərəkata başlamağı məhz sabiq prezident məsləhət görüb? Bəlkə də bu hərəkatın başlanması hansısa planın tərkib hissəsidir?

Eyni zamanda keşişin “hərəkatın sönməsini istəmirsinizsə, ona qoşulun” tipli yalvarışlarını da özü bilmədən aksiyaların sonunun yaxınlaşdığına işarə etmək kimi dəyərləndirmək olar.

Robert Köçəryan
Robert Köçəryan

Bununla yanaşı, onun cərgələrinə qoşulan son şəxslər və onu himayə edənlər arasında qalmaqallı iki şəxs peyda olub. Bu, Fransanın təsir dairəsində olan Ruanda və bir dövrlər İngiltərənin müstəmləkəsi olan Keniyada 2000-ci illərdə böyük qalmaqala səbəb olan Artur qardaşları adlanan və əslində doğma qardaş olmayan, sadəcə hər ikisinin adı Artur olan iki cinayətkardır. İşin maraqlı tərəfi odur ki, bu iki şəxs Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın qohumlarıdır və onların Baqratı dəstəkləmələri də təsadüfi deyil. Bəlkə də erməni keşiş oteldə Robertlə görüşünü etiraf etməkdən məhz bu qardaşlara görə çəkinib. Amma bu iki şəxsin, Afrika ölkələrində, Maldiv adalarında narkotik alverindən tutmuş, insan alveri, sifarişli qətllər, dövlət çevrilişi ilə adları hallanan quldurların “Vətən uğrunda Tavuş” hərəkatını dəstəkləməsi hadisələrin hansı ssenaridə davam edəcəyinə bir işarədir. Görünür, arxiyepiskop yaxın günlərdə hərəkat iştirakçılarını sürprizlər gözləyir deyəndə məhz bu şəxslərlə olan hansısa planına işarə edirmiş.

Əslində qardaş olmayan bu şəxslərin sözügedən ölkələrdə kriminal qruplaşma yaradaraq, biznes qurmaq, müxtəlif siyasi sifarişləri həyata keçirmək kimi mərəzləri var. Qeyd etmək yerinə düşər ki, heç bir yerdə uğur qazana bilməyən kriminal elementlər bir sıra ölkələrdən qovulublar. Yeri gəlmişkən, Keniya parlamentinin keçmiş spikeri Frensis Ole Kaparo bildirib ki, amerikalı diplomatdan aldığı məlumata görə, muzdlu qatil olan qardaşlar Keniyaya yerləşdiriliblər və hakimiyyətə yaxın insanları qorumaqla məşğul olublar. Maraqlı faktdır ki, Artur qardaşlarının Keniyaya səfəri yüksək miqdarda narkotik maddənin tranziti ilə eyni vaxtda təsadüf edib.

Artur Sarqsyan və Artur Marqaryan adlı kriminal elementlərə qarşı 6 il əvvəl Ruandada dövlət çevrilişi cəhdi ilə bağlı cinayət işi açılıb. Keniya müxalifətinin liderlərindən biri Raila Odinqa erməni qardaşları Keniya hakimiyyəti tərəfindən bəzi media orqanlarına hücumlar həyata keçirmək üçün muzdlu kimi istifadə etməkdə ittiham edib. 2000-ci illərin ortalarında Keniyada sirli fəaliyyətləri və yüksək rütbəli dövlət məmurları ilə əlaqələri sayəsində məşhurlaşdılar. Onlar Keniyaya 2005-ci ilin dekabrında guya investor kimi gəliblər və tez bir zamanda Keniya pasportları və iş icazələri alıblar. Lakin onların faktiki fəaliyyəti qanuni biznesdən uzaq idi. Qardaşlar çoxsaylı mübahisəli fəaliyyətlərdə, o cümlədən 2006-cı ilin martında Standard Group-un ofislərinə basqın etməklə, orada avadanlıqların dağıdılmasında və qəzetlərin oğurlanmasında iştirak ediblər. Basqının ovaxtkı prezidentin şəxsi həyatı ilə bağlı xəbəri sildirmək cəhdləri ilə əlaqəli olduğu iddia edilir. Onlar həmçinin yüksək səviyyəli dövlət məmurları ilə əlaqələrə malik idilər, polis mühafizəsi əldə edə bilirdilər və Jomo Kenyatta Beynəlxalq Hava Limanında VIP ərazilərə çıxış əldə edirdilər. 2006-cı ildə hava limanında gömrük əməkdaşına hücum etdikdən sonra deportasiya ediliblər. Onların fəaliyyətləri və aldıqları müdafiə ilə bağlı aparılan araşdırmalar Keniya hökuməti daxilində əhəmiyyətli korrupsiya və şərikliyi üzə çıxardı. Onların hərəkətlərini araşdırmaq üçün komissiya yaradılmasına baxmayaraq, nəticələr heç vaxt ictimaiyyətə açıqlanmadı, bu da davamlı şübhələrə və şəffaflıq və hesabatlılıq tələblərinə səbəb oldu.

Hələ 2023-cü ildə İrəvan meriyasına seçkilər zamanı peyda olan Artur qardaşları müxalifət partiyası “Demokratik Birliy”in lideri Suren Petrosyanla görüşüb onu dəstəklədikləri də məlumdur. Suren Petrosyan isə hazırda Baqrat Qalstanyanın ən yaxın tərəfdaşı sayılır və onu hər yerə müşayiət edir. 1 il sonra yenidən bu kriminal elementlərin İrəvanda ortaya çıxması, Suren Petrosyan vasitəsilə Baqrata yaxınlaşması müəyyən mətləblərdən xəbər verir. İlk olaraq, söyləmək lazımdır ki, bu kriminal elementlərin hərəkatın sönüklüyə doğru getdiyi bir vaxtda ortaya atılmaları heç də təsadüf deyil.

Çox güman ki, “Vətən uğrunda Tavuş” hərəkatının ömrünü uzatmaq üçün müəyyən radikal addımlar atıla bilər. Afrika ölkələrindəki bir sıra təcrübələrini məhz İrəvanda da reallaşdırmaqdan çəkinməyəcəklərini ehtimal etmək olar. İkincisi, sabiq prezident Robert Köçəryana olan qohumluq münasibətləri də onları bu işə sürükləyə bilər. Düşünmək olar ki, keçmiş siyasi kriminal qohumları vasitəsilə hansısa təxribatı planlaşdırır və əgər plan uğurlu alınsa, yenidən siyasi arenaya atılmağı düşünür. Üçüncüsü, bir sıra ölkələrdə axtarışda olan Artur qardaşlarının Ermənistanda da kifayət qədər gəlirli biznes qurumları var. Əgər Afrika ölkələri və Maldiv adalarındakı biznes fəaliyyətlərini nəzərə alsaq, bu şəxslərin erməni dövlətində hansı iş macəralarının olduğunu düşünmək o qədər də çətin deyil. Ehtimal etmək olar ki, hərəkatı dəstəkləməklə özlərini sığortalamaq, anarxiya və qarışıqlıqdan istifadə edərək, bizneslərini “çiçəkləndirmək” məqsədini güdürlər.

İstənilən halda, bir sıra ölkədə “ad-san qazanmış” bu kriminal elementlərin İrəvanda peyda olması, hökumət əleyhinə keçirilən aksiyaları dəstəkləmələri çox güman ki, hüquq-mühafizə orqanları tərəfindən də izlənilir. Çünki fəaliyyət göstərdikləri ölkələrdə qanunazidd əməllər, insan güllələmək, dövlət məmuruna silahlı hücum kimi hərəkətlər bu şəxslər üçün adi hala çevrilib. Bu səbəbdən də ehtimal etmək olar “Vətən uğrunda Tavuş” hərəkatı qanlı addımlarını məhz Artur qardaşları sayəsində atacaq. Bu, hər iki tərəfə sərf edir. Əgər aksiyalarda qan tökülsə, Baqrat və dəstəsi bundan xalqı ətrafına cəlb etmək üçün istifadə edəcək. Analoji hal Artur qardaşlarının kirminal çevrələrdə daha da nüfuz sahibi olmalarına xidmət edə bilər. Erməni keşiş ətrafına beynəlxalq kriminal elementləri yığmaqla, məqsədinə nail olmaq üçün bütün yollara əl atacağını sübuta yetirir.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi