Azərbaycanın İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü təmin etməsi Cənubi Qafqazda yeni reallıq yaradıb. Mövcud reallıq bölgədə sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir. Rəsmi Bakı bunun üçün bütün imkanlardan istifadə edir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tarixdə nadir rast gəlinən addım atdı: qalib tərəf olmasına baxmayaraq, sülh təklifi ilə çıxış etdi. Ermənistan isə hələ də Azərbaycanın təkliflərinə cavab vermir. Əksinə, vaxt uzadır.
Rəsmi Bakının bölgənin sülh və sabitliyi üçün atdığı addımlar beynəlxalq medianın da gündəmindədir. Belə ki, Böyük Britaniyanın “The standart” qəzetində bir neçə gün əvvəl dərc olunan “Qarabağın bərpası müharibədən zərər çəkmiş regionlara necə ümid verir” başlıqlı məqalədə yazılıb ki, Azərbaycanın Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti sülh planına düzgün yanaşmanın vacibliyini göstərir.
Müəllif “Qarabağın bərpası müharibədən zərər çəkmiş regionlara necə ümid verir” başlıqlı məqaləsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hadisələrin ətraflı icmalını təqdim edib.
O qeyd edib ki, Azərbaycan ərazilərinin təxminən otuz illik erməni işğalından sonra regionda həyatın sürətlə bərpasının qarşısında duran əsas maneələrdən biri mina təhlükəsidir. Bunun nəticəsində 1991-ci ildə münaqişənin başlanğıcından bəri azərbaycanlılar arasında mina qurbanlarının ümumi sayı 3 min 456 nəfərə çatıb.
Məqalədə vurğulanıb ki, Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsi prosesinə böyük diqqət yetirir. Xüsusilə, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin məlumatına görə, son dörd ildə ölkə humanitar minatəmizləmə işlərinə təxminən 350 milyon ABŞ dolları xərcləyib.
Nəşr qeyd edib ki, Azərbaycan hakimiyyəti regionda fəal şəkildə infrastrukturun bərpasını həyata keçirir, nəqliyyat və enerji sektorlarına xüsusi diqqət yetirir: "Regiona (Qarabağa) giriş iki beynəlxalq hava limanının Füzuli və Zəngilanda tikintisi sayəsində asanlaşıb, daha bir hava limanı - Laçında işlər tikinti mərhələsindədir, həmçinin avtomobil və dəmir yollarının tikintisi üzrə iri layihələr həyata keçirilir".
“Yol şəbəkəsi həqiqətən də Qarabağ regionunun iqtisadi və sosial bərpasının ən vacib elementi olaraq qalır”, - müəllif vurğulayıb.
Məqalədə qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzura artıq 8 minə yaxın insan qayıdıb, 2024-cü ilin sonuna qədər onların sayı 20 min nəfərə çatacaq. Bununla əlaqədar regionda fəal mənzil tikintisi həyata keçirilir.
Müəllif diqqətə çatdırıb ki, Azərbaycan hökuməti üçün daha bir prioritet bu regionun tam enerji təchizatını təmin edəcək "yaşıl enerji"nin inkişafıdır: “Bu, xüsusi maraq doğurur, çünki bu ilin noyabrında ölkə COP29-a, 2026-cı ildə isə Ümumdünya Şəhər Forumuna ev sahibliyi edəcək”.
"Cənubi Qafqazda dayanıqlılığın möhkəmləndirilməsi planı fəal həyata keçirilmə mərhələsində qalır. Onun məqsədi onilliklər boyu davam edən gərginlikdən sonra belə düzgün, sülhyönümlü və beynəlxalq səviyyədə tanınmış bərpa planının həll yolu ola biləcəyini nümayiş etdirməkdir", - məqalədə bildirilib.
Qeyd etməliyik ki, son illər Cənubi Qafqazda baş verən hadisələr 2020-ci ilə qədər çoxlarına illüziya kimi gəlirdi. Belə ki, Ermənistan öz havadarlarından aldığı dəstək sayəsində Azərbaycan ərazisində separatçı fəaliyyətini davam etdirir, danışıqlar masasına əyləşməkdən yayınırdı. Yeri gəlmişkən, artıq mövcudluğuna faktiki son qoyulan ATƏT-in Minsk Qrupunun ozamankı fəaliyyəti (fəaliyyətsizliyi) rəsmi İrəvanın “qol-qanad açmasına” şərait yaradırdı. Ermənistan bu durumdan maksimum faydalanmağa çalışırdı. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” iddiası, Şuşada yallı oynaması isə belə demək mümkünsə, Azərbaycanın səbrini daşıran son hərəkətlər oldu.
2020-ci ildə Azərbaycan əlverişli geosiyasi şəraitdən istifadə edərək öz işini görməklə yanaşı, həm də nəhəng dövlətlərin edə bilmədiyini gerçəkləşdirdi - beynəlxalq hüququ təmin etdi.
Bundan sonra İrəvanla münasibətlərdə yeni mərhələnin əsası qoyuldu, sülh məsələsi gündəliyə gəldi. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən dərhal sonra Qarabağın minalardan təmizlənməsinə, habelə yenidənqurma-bərpa işlərinə başladı.
2023-cü ildə keçirilən unikal antiterror tədbirləri nəticəsində isə Qarabağda kök salmış xunta rejiminin fəaliyyətinə birdəfəlik son qoyuldu.
Bundan sonra yenə də məhz rəsmi Bakının təşəbbüsləri sayəsində İrəvanla ikitərəfli təmaslar nəticəsində müəyyən razılıqlar əldə olundu.
Beləliklə, indi sülh heç vaxt olmadığı qədər yaxındır.
Həm rəsmi Bakıdan, həm də İrəvandan verilən açıqlamalar onu deməyə əsas verir ki, sülh istiqamətində, həqiqətən, ciddi irəliləyiş əldə olunub. Qeyd edildiyi kimi, bu, daha çox ikitərəfli təmaslar, xüsusilə Azərbaycanın siyasi iradəsi və diplomatik məharəti nəticəsində mümkün olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, sülh sazişi mətninin təxminən 80 faizi artıq razılaşdırılıb. Bu, özlüyündə müsbət hal olsa da, əslində, hələ heç nə demək deyil. Hətta sülh sazişinin mətni ilə bağlı 99 faiz razılıq əldə olunsa da, əgər bir faizlik mübahisəli məsələ qalırsa, deməli, hələ daimi sabitlikdən söhbət gedə bilməz. Həmçinin mətnin 100 faiz razılaşdırılması belə o demək deyil ki, sülh sazişi imzalanır. Çünki sülh sazişinin imzalanmasına mane olan konkret məqamlar var.
Bunlardan ən başlıcası Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Rəsmi Bakının tələblərinə uyğun olaraq Ermənistan müvafiq konstitusiya dəyişikliyinə getmədikcə, sülh sazişi imzalanmayacaq. Görünən odur ki, rəsmi İrəvan hələ ki bu barədə düşünmür.
Üstəgəl, Ermənistan hərbi sabotajlardan əl çəkmir. Düşünmək olar ki, Azərbaycan mövqelərinin atəşə tutulması Ermənistan hakimiyyətinin deyil, ona dəstək verən havadarlarının iradəsi ilə bağlıdır. Belə ki, Qərbin, xüsusilə ABŞ və Fransanın bölgədə sülhün yaranmasında maraqlı olmadıqları açıq müşahidə olunur. Çünki mümkün sülh onların regiona müdaxiləsinin qarşısının alınması deməkdir.
Elə bu səbəbdən, Qərb dövlətləri bütün imkanları ilə regionda “suları bulandırmağa” çalışırlar. Bunun üçün isə regionun ən zəif bəndi olan Ermənistandan istifadə edirlər. Düstur sadədir: Ermənistan əvvəlcə silahlandırılır, sonra isə provokativ addımlara təhrik edilir.
Son zamanlar intensivləşən hərbi təxribatların məqsədi yəqin ki, danışıqlarda mümkün irəliləyişin qarşısını almaqdır.
Fikrimizcə, Ermənistan hərbi-siyasi hakimiyyəti sülhün alternativinin olmadığını və bunun ən çox onun özünə lazım olduğunu anlayır. Amma xeyli dərəcədə üçüncü güclərin təsirində olduğuna görə lazımi siyasi iradə ortaya qoya bilmir, Qərbin oyunlarının qurbanına çevrilir.
Ehtimal etmək olar ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ərəfəsində təkrarlanan hərbi təxribatların məqsədi Bakını adekvat cavaba təhrik etmək, bölgədə süni gərginlik yaratmaq və sözügedən tədbirdə iştirakçı fəallığına təsir etməkdir.
İkinci bir tərəfdən, Ermənistanın COP29-da iştirakı gözlənilir. Çox güman, Qərb Ermənistanın öz əli ilə bölgədə gərginlik yaratmaqla, buna mane olmaq, həmçinin tərəflər arasında daha çox etimadın yaranmasının qarşısını almağa çalışır.
Başqa bir məsələ davam edən təxribatlara Azərbaycanın mümkün cavabı ilə bağlıdır. Sual yaranır: bəs indi Azərbaycan ordusu adekvat cavab tədbiri görmək məqsədilə hansı addımları atacaq?
Bu, hadisələrin inkişafından birbaşa asılı olacaq.