Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Azərbaycan Avropa ilə Asiyanı birləşdirir - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Azərbaycan Avropa ilə Asiyanı birləşdirir - ŞƏRH Ona görə də ən faydalı, təhlükəsiz alternativ yol hesab edilir
Analitika
30 Oktyabr , 2017 15:39
Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Azərbaycan Avropa ilə Asiyanı birləşdirir - ŞƏRH

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda beynəlxalq əhəmiyyətli tarixi bir gün yaşandı, "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi.

Bu dəmir yolu ilə bağlı beynəlxalq və ya dünya əhəmiyyətli fikrini ona görə yazırıq ki, BTQ türk imperatorlarının bir zamanlar Asiya ilə Avropanı birləşdirmək üçün açdığı yolun yenilənməsinə də bənzəyir.

Tarixdəki “Böyük İpək Yolu” qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu hesab olunurdu. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və başqa ölkələrdən keçərək Avropayadək uzanırmış.

Bu yol e.ə. II əsrdə açılıb. Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış. Burada iki yerə ayrılırmış: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə qədər uzanırmış. Cənub yolu Lobnor gölünün sahili, Təklə-Məkan səhrasının cənub hissəsi ilə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktiriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanırmış.

Bu yolu bir zamanlar Makedoniyalı İsgəndərin açdığını deyirlər. Daha sonra Çingizxan Atillanın keçdiyi yollarla Avropa ilə Asiya arasında bir körpü qura bildi və iki ayrılmaz qitəni bir-birnə yaxınlaşdırdı.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu yolun bir hissəsini təşkil etsə də, onun uzanacağına, iki qitəni birləşdirəcək alternativ, etibarlı yol olacağına inam çoxdur.

Qeyd edək ki, Bakıda keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistanın baş naziri Abdulla Aripov, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, eləcə də üç ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak ediblər.

Xatırladaq ki, BTQ dəmir yolu xətti layihəsinin reallaşdırılması ilə bağlı ilkin danışıqlar 1993-cü il iyulun 26-29-da Ankarada (Türkiyə) keçirilmiş Türkiyə-Gürcüstan Qarışıq Nəqliyyat Komissiyasının iclasında baş tutub. 2002-ci il iyulun 20-21-də isə İstanbulda (Türkiyə) iki ölkənin nəqliyyat nazirləri bununla bağlı protokol imzalayıblar.

2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər etmiş İlham Əliyev gürcüstanlı həmkarı Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirmişdi. 2005-ci il mayın 25-də isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Prezident İlham Əliyev, Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvili və Türkiyənin o vaxtkı prezidenti Əhməd Necdət Sezər BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar.

Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan dövlət başçısının Gürcüstana işgüzar səfəri zamanı BTQ dəmir yolu xəttinin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Bütün bunların davamı kimi, həmin il fevralın 21-də Prezident İlham Əliyev yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Noyabrın 21-də Gürcüstanın Marabda stansiyasında dəmir yolunun Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisi başlayıb.

Azərbaycan layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikintisinin maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu məqsədlə qonşu ölkəyə illik bir faizlə 25 illik müddətinə 220 mln. ABŞ dolları kredit verilib.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel tikilib.

Marşrutla ilk illərdə 5-7 mln. ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 mln. dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə ilk illərdə dəmir yolu xəttindən ildə bir milyon insanın yararlanacağı deyilir.

Yeri gəlmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Türkiyə ərazisindəki 76 kilometrlik hissəsinin tikintisinə dair keçirilən tenderin qalibi Türkiyənin "Özgün Yapı Çeliklər" şirkəti olub. Tenderdə 14 yerli, o cümlədən xarici şirkətlər də də iştirak edib. Bu şirkətin təklifi 250 milyon dollar təşkil edib.

BTQ alternativ nəqliyyat layihəsi olaraq yalnız tədbirdə iştirak edən dövlətlər üçün iqtisadi cəhətdən sərfəli marşrut deyil, bu həm də bölgədən kənar dövlətlərin də maraqlarını təmin edə bilər.

Bu layihə həm də təhlükəsizliyə təminat layihəsidir. Bölgə dövlətlərinin iqtisadi cəhətdən inkişafı üçün təkan ola bilər.

Təbii ki, bu layihəyə qarşı çıxanlar da az olmadı. Azından bu yolu mif adlandıranlar tapıldı. Ancaq üç dövlətin səyi nəticəsində nəhayət, BTQ ərsəyə gəldi. Perspektivdə qonşu İran və Rusiya da bu imkandan faydalana bilər.

“Dəmir İpək Yolu” Tarixi İpək Yolunu təkrarlaya bilər. Gələcəkdə Yaponiya və Çinin də bu xəttin imkanlarından istifadə edəcəyi ehtimal olunur. Bu yol siyasi ambisiyalara xidmət etməyəcək bir xətt sayılır. Ona görə də ən faydalı, təhlükəsiz alternativ yol hesab edilir.

Beləliklə, “Yolçu yolda gərək”, yeni yolumuz mübarək!

Son xəbərlər

Orphus sistemi