"Bakı Dialoqu"nun ismarışı: əməkdaşlıq, diqqət, etimad

Analitika
  • 09 oktyabr, 2026
  • 15:31
Bakı Dialoqunun ismarışı: əməkdaşlıq, diqqət, etimad

Azərbaycanın təşəbbüsü ilə beynəlxalq ictimaiyyətin az qala diqqət yetirmədiyi itkin düşmüş şəxslərlə bağlı "Bakı Dialoqu" çərçivəsində IV Beynəlxalq Konfrans keçirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə keçirilən tədbir "İtkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizm və həll yollarının inkişaf etdirilməsi" mövzusuna həsr olunub.

Konfransda sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların, xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və başqa uyğun şəxslər iştirak ediblər.

Azərbaycan son 36 ildə əsir və itkin düşmüş, girov götürülmüş kimi halları yaşamış ölkədir və bu tədbirlərlə beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etməyə çalışır. Belə humanitar məqsədli toplantılar müəyyən mənada münaqişə və müharibələrin, silahlı qarşıdurmaların da qarşısının alınmasına təsir edə bilər.

İtkin düşmüş şəxslərlə bağlı "Bakı Dialoqu" 2023-cü ildə yaradılıb və həmin il ilk beynəlxalq konfrans keçirilib, sonrakı dövrdə də illik platformaya çevrilib.

Builki beynəlxalq konfrans yekun bəyannamə qəbul edib. İtkinlərin hüquqları 1949-cu il avqustun 12-si tarixli müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyalarını və 1977-ci il tarixli Əlavə Protokolları, habelə Birləşmiş Millətlər Təşkilatının itkin düşmüş şəxslərlə bağlı Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən müdafiə olunur.

Bəyannamədə dövlətlərin bu istiqamətdə üzərlərinə götürdükləri öhdəlikləri xatırladılıb. Müxtəlif bölgələrdə və ölkələrdə kütləvi məzarlıqların sayının artmasından narahatlıq ifadə olunub.

İtkin düşmüş şəxslərlə bağlı məlumatın qarşılıqlı, sorğu verən tərəfə təqdim edilməsi sülh şəraiti və etimad mühitinin yaranmasına yardım edir. Bu məsələ də bəyannamədə vurğulanıb. İtkin düşmüşlərlə bağlı maraqlı tərəflər arasında əməkdaşlıq münaqişələrin həllinə, habelə münasibətlərin normallaşmasına müsbət töhfə verər.

Sənəddə çağırışlar da edilib. İtkin düşənlərlə bağlı məlumatların verilməsi, kütləvi məzarlıqlar barədə informasiya mübadiləsi etməyə çağırışlar olunub.

Bəyannamədə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün əhəmiyyət kəsb edən sənədlərin və sübutların qorunub saxlanılmasının vacibliyi də vurğulanıb.

İtkin düşmüş şəxslərlə bağlı görülmüş işlər təqdir də olunub.

Bununla belə itkin düşənlərlə bağlı məlumatların əldə edilməsində mövcud narahatlıqlar da bəyannamədə vurğulanıb: "Mina və digər partlayıcı sursatların axtarış, insan qalıqlarının çıxarılması üzrə səylərə maneə yarada bilməsindən narahatlığımızı ifadə edirik".

"Bakı Dialoqu"nun IV Beynəlxalq Konfransının yekun Bəyannaməsində BMT-də, başqa beynəlxalq təşkilatlarda itkin düşmüş şəxslərlə bağlı mexanizmin yaradılması və bu məqsədlə BMT ilə əməkdaşlıq etməyə hazır olduqları da bildirilib.

Bu tədbir müharibə, silahlı qarşıdurma və münaqişələrin faciəsini, bu hadisələrin insanların, dövlətlərin, cəmiyyətlərin münasibətinə vurduğu ziyanı nümayiş etdirməyə imkan verib. Habelə mədəniyyətlər, dinlər, dövlətlər arasında danışıqlara, dialoqa, barışa, əməkdaşlığa vurduğu zərbənin miqyasını, mənəvi təsirlərin ağırlığını göstərməyə şərait yaradır.

Azərbaycana 36 il ərzində Ermənistandan aldığı zərbələrin sağalması üçün illər lazım olacaq. 1988-ci ilin payızından Qərbi azərbaycanlılar Ermənistandan, öz evlərindən, tarixi yurdlarından qovuldu. Bununla da ermənilər və havadarları ilə birlikdə ölkədə ötən əsrin əvvəllərindən başladıqları azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırmış oldular. Həmin hadisələr və Azərbaycanın Qarabağ bölgəsi, ətraf rayonlar işğal edilən zaman çoxlu sayda azərbaycanlı itkin düşüb.

Prezident İlham Əliyevin "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına ünvanladığı müraciətdə bildirib: "Dayanıqlı sülhün bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir".

Prezidentin müraciətindən də göründüyü kimi itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumatlar, bu istiqamətdə qarşılıqlı əməkdaşlıqlar tərəflər arasında sülhün yaranmasında mühüm rollardan birini oynayır.

Yeri gəlmişkən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Azərbaycanda məlum işğal nəticəsində 4 010 nəfər itkin düşdüyü qeydə alınıb. Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib. Bu məzarlıqlardan ümumilikdə 253 nəfərin meyit qalıqları ekshumasiya olunub.

Deməli, Azərbaycanla Ermənistan arasında sülhün dayanıqlı olması, əməkdaşlığın inkişafı, habelə münasibətlərin normallaşması işğal nəticəsində itkin düşmüş azərbaycanlılara dair informasiyanın verilməsindən də asılıdır. Rəsmi İrəvanın bu addımı atarsa, o zaman belə davranış üzrxahlıq, etiraf və bir daha belə hadisələri törətməyəcəklərinə dair təminat vermək, cəmiyyətlər arasında münasibətlərin bərpasına yardım edə bilər.

Vətəndaşların itkin düşməsi müharibələrin, qarşıdurmaların ən faciəli hadisəsidir. Çünki onların sağ qalması ehtimalı demək olar ki, yoxdur. Odur ki, onlar barədə informasiya belə itkin düşənlərin yaxınları, ailə üzvləri üçün təskinlik ola bilər.

Konfransda iştirak edən Ukrayna, Suriya, İraq və digər ölkələrin nümayəndələri ölkələrində itkin düşən şəxslərlə bağlı statistik rəqəmlər səsləndiriblər.

Təəssüf ki, bir çox ölkələrdə bu statistikanın aparılmasında bürokratik maneələrə və peşəkarlıq çatışmazlığına görə itkin düşənlərin qeydiyyatı aparılmayıb, yaxud real rəqəmlər mövcud deyil.

Bütün ölkələr bu istiqamətdə statistika aparmadığından itkin düşənlərin sayını dünya üzrə hesablamaq mümkün deyil. Bununla belə Beynəlxalq Qızıl Xaç Komitəsi bildirib ki, 2024-cü ilin sonuna dünya üzrə 284 000 itkin düşmüş şəxs qeydiyyata alınıb.

"Bakı Dialoqu" məsələnin vacibliyini, əhəmiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün humanitar platformadır. Bu tədbir itkin düşənlərin qeydiyyata alınmasının mühüm olduğuna diqqətə çatdırıb. Çünki qeydə alınma aparılmadığı halda onların müxtəlif qruplara başqa adlar altında qoşulması da istisna deyil. Odur ki, qeydiyyat həm də təhlükəsizlik baxımından əhəmiyyətli sayılır.

Azərbaycan bu humanist təşəbbüsü ilə münaqişələrə, müharibəyə, qarşıdurmaya qarşı olduğunu nümayiş etdirir. O, bu kimi halların faciəsini dünya ictimaiyyətinə çatdırır. "Bakı Dialoqu" müharibə aparanlara sülh və əməkdaşlığın üstünlükləri ilə bağlı ismarışlar verir.

Avqustun 30-u Beynəlxalq itkin düşənlər günüdür. Ancaq onların sayı məlum deyil. Neçə-neçə ailə hələ də itkin sayılan əzizini ümidlə gözləyir...