Azərbaycanlıların qayıdış hüququnun tanınması, yoxsa təzminat əvəzinə Zəngəzur variantı? - ŞƏRH

Azərbaycanlıların qayıdış hüququnun tanınması, yoxsa təzminat əvəzinə Zəngəzur variantı? - ŞƏRH Azərbaycanlıların tarixi Azərbaycan torpaqlarına, o cümlədən Qərbi Azərbaycana, yəni indiki Ermənistan ərazisinə qayıtması həmişə Azərbaycanın prioritetlərindən olub. Bu, rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindədir.
Analitika
9 Avqust , 2024 14:30
Azərbaycanlıların qayıdış hüququnun tanınması, yoxsa təzminat əvəzinə Zəngəzur variantı? - ŞƏRH

Qərbi Azərbaycandan (indiki Ermənistan) zorla qovulan yüz minlərlə soydaşımızın öz ata-baba torpaqlarına qayıdışının təmin edilməsi rəsmi Bakının əsas prioritetlərindən və xarici siyasət kursunun başlıca istiqamətlərindən biridir.

Qərbi Azərbaycan İcması (QAİ) avqustun 8-də sonuncu azərbaycanlıların Ermənistandan qovulmasının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, ermənilərin güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqustun 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb: “Beləliklə, 1987-ci ildən başlamış və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnmiş sonuncu deportasiya başa çatmış və bu, bəşəriyyət tarixində qara səhifə kimi qalmaqdadır”.

İcma Qərbi azərbaycanlılara qarşı törədilmiş bu ədalətsizliyi heç vaxt qəbul etməyəcəyini bir daha diqqətə çatdırıb. QAİ Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaradılmasını tələb edib.

QAİ beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıda bilmələri üçün təhlükəsizliyin təmin edilməsinə, müvafiq verifikasiya və zəmanət mexanizmi olan, hüquqi baxımdan məcburi sayılan beynəlxalq aktların qəbul edilməsinə dəstək verməyə çağırıb. İcma, həmçinin qayıdış hüququ müstəvisində etnik və dini əsasda ayrı-seçkilik cəhdlərini qınayıb və bu məsələdə qarşılıqlılıq, o cümlədən, hüquq bərabərliyi prinsipinə riayət edilməsinin zəruriliyini vurğulayıb.

Qeyd olunmalıdır ki, QAİ-nin müntəzəm olaraq bu məzmunda bəyanat yayması siyasi və informativ planda mühüm rol oynayır. Belə bəyanatlar tarixi yaddaşın oyaq qalması baxımından daxili və beynəlxalq ictimai rəy üçün mühüm əhəmiyyət kəsb edir. Analoji sənədlər həm də beynəlxalq hüquqa açıq hörmətsizlik göstərən Ermənistana və onun havadarlarına ünvanlanan tutarlı mesajdır.

Bir sıra tədqiqatçıların fikrincə, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və deportasiyaların əsas səbəbi ölkənin milli tərkibinin dəyişdirilməsi olub. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınlar da daxil olmaqla, 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada - 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə məruz qalaraq doğma yurd-yuvalarını tərk etməli olub. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə oradakı qəbiristanlıqlar, tarixi-mədəni-dini abidələr, məktəb, xəstəxana və digər binalar darmadağın edilib.

Bundan sonra azərbaycanlıların yüzlərlə qədim yaşayış məskəninin adı dəyişdirilib, ermənisayağı saxta tarix yazılıb.

Bəhs olunan məsələlərin siyasi tərəflərinə gəldikdə isə deyilməlidir ki, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlik əsas əngəllərdən biri də rəsmi İrəvanın azərbaycanlıların ata-baba torpaqlarına qayıdış hüququnu qəbul etmək istəməməsidir. Bu məsələdə Ermənistana havadarlıq edən beynəlxalq güclərin, o cümlədən, ABŞ və Avropa İttifaqının (Aİ) da mühüm rol oynadığı vurğulanmalıdır. Belə ki, Qərb mərkəzləri özlərinin mövqe ifadələrində ermənilərin könüllü olaraq tərk etdikləri Qarabağa qayıdış hüququnu önə çəksələr də, azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları barədə isə israrla susurlar. Bu, Qərbin ikili standartlarının ən bariz nümunələrindən biridir.

Halbuki ermənilərin Qarabağa, azərbaycanlıların isə Qərbi Azərbaycana qayıtması eyni motivli məsələ deyil. Nəzərə almaq lazımdır ki, İrəvan, Göyçə, Zəngəzur və başqa ərazilər azərbaycanlıların qədim dövrlərdən məskunlaşdıqları torpaqlar olsa da, ermənilər Qarabağa təqribən iki əsr əvvəl köçürülüblər. Beynəlxalq hüquq da, tarixi gerçəklik də azərbaycanlıların ata-baba yurdlarına qayıdış hüququnu birmənalı dəstəkləyir. Amma özlərini beynəlxalq nizamın qarantı hesab edən ABŞ və Aİ azərbaycanlıların bu təbii haqqını hələ də görməzdən gəlir.

Əslində, istər ABŞ, istərsə də Aİ bu məsələdə ədalətsiz mövqe tutduğunun nəinki fərqindədir, hətta bunu məqsədli şəkildə etdiyi də şübhə doğurmur. Səbəb çox sadədir: Cənubi Qafqaz üzrə pozucu planlarını məhz onları öz himayədarı kimi görən Ermənistanın vasitəsilə həyata keçirmək. Hər halda, Ermənistanın, xüsusilə, son vaxtlar Qərbin direktivlərini qeyd-şərtsiz yerinə yetirməsi bu qənaəti daha da möhkəmləndirir.

Bakı ilə münasibətlərin normallaşması üçün İrəvanın siyasi iradə göstərməsi zəruridir. Bunun əsas elementlərindən biri də azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıdış hüququnun rəsmi səviyyədə tanınmasıdır. İrəvan bu çərçivədə destruktiv mövqedən çıxış etdikcə, münasibətlərin normallaşmasında ciddi uğura nail olmaq mümkün görünmür.

Xatırladaq ki, Ermənistanın Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlaması və təbii sərvətlərimizi talaması ilə əlaqədar rəsmi Bakının İrəvandan təzminat tələb etməsi təbii, eyni zamanda, beynəlxalq hüquqa uyğun yanaşmadır. Azərbaycan bu məsələni istənilən an qaldıra bilər. Tələb olunan təzminatın ödənilməsi Ermənistanın iqtisadi çöküşünü qaçılmaz edəcək. O baxımdan, təzminatla əlaqədar ən optimal variantlardan biri kimi Zəngəzurun Azərbaycana qaytarılması məsələsi aktuallaşa bilər.

İrəvan başa düşməlidir ki, bu, rəsmi Bakının təbii hüquqlarından biri olmaqla yanaşı, həm də baş tutması kifayət qədər real ssenaridir. Hadisələrin bu yöndə inkişafı onsuz da çətin vəziyyətdə olan Ermənistan hakimiyyəti üçün arzuedilən deyil. Ona görə də destruktiv mövqeyindən əl çəkməsi, azərbaycanlıların qayıdış hüququnu tanıması və üçüncü qüvvələrin təsirindən çıxması Ermənistanın yeganə xilas formuludur.

Son xəbərlər

Orphus sistemi