Kinomatoqrafın yaranmasını 1895-ci il dekabrın 28-də Paris əhlinə “Qatarın gəlişi” adlı 48 saniyəlik çarxı nümayiş etdirən Lümyer qardaşlarına borcluyuq. Bir ildən sonra Nyu-Yorkda dünyanın ilk kinoteatrı yarandı, cəmi on il ərzində isə onların sayı 5 minə çatdı. 1927-ci ilə kimi kinoteatrlarda nümayiş olunan filmlər səssiz idi və subtitrlarla müşayət olunurdu, bu səbəbdən oxuma-yazma bilməyən auditoriya industriyadan kənarda qalmışdı. Lakin 27-ci ildə kinomatoqrafa səsin gəlməsi ilə hər şey dəyişdi. Kino faktiki olaraq ən əlçatan və populyar əyləncələrdən birinə çevrildi.
Popkornla film izləməyin öz ləzzəti var
Müasir kinoteatrları popkornsuz təsəvvür etmək mümkün deyil. Bu təcrübə də ilk dəfə olaraq elə ABŞ-da ortaya gəlib. O zaman insanlar kinoteatrlara gələrkən özləri ilə torbalarda popkorn gətirirlərmiş. Kinoteatr sahibləri ələlxüsus səssiz kino dönəmində xırçıldayan popkornun lazımsız səslər yaratmasından dolayı onun əleyhinə olublar. Maya dəyərinin aşağı tələbin isə yüksək olması popkorn istehalçılarını qısa zamanda varlandırdı. Bunu görən kinoteatr sahibləri qısa zamanda təşəbbüsü ələ aldılar. Onlar öncə foyedə popkorn satışına icazə verdilər, daha sonra isə kinoteatrlarda popkorn istehsal edən maşınlar quraşdırdılar. Bunu etməyənlər isə böyük itkilərlə üzləşdilər. Belə ki, insanlar məhz dadlı və ucuz xırçıldayan popkorn satılan məkanlarda kino izləməyə üstünlük verirdilər.
Ötən əsrin 50-ci illərində televiziyanın yaranması ilə kinoteatrlar dünyaya yeganə multimedia baxışı olmaq statusundan çıxsmasına baxmayaraq, hələ də əyləncə industriyasının əsas lokomotivlərindən biri kimi qalmaqdadır.
Dövlət kinoteatrlarına gedənlərin sayı azalıb
Ötən il ərzində dünya üzrə kinoteatrların satışları 1,2% artaraq 41,1 milyard dollar olub. Bu sahədə ən irir bazarlar ABŞ və Kanada (11,9 milyard dollar), Çin (9 mlrd. dollar), Yaponiya (2 mlrd. dollar), Böyük Britaniya (1,7 mlrd. dollar), Cənubi Koreya (1,6 mlrd. dollar) olub.
Azərbaycanda 2018-ci ildə 6-sı dövlətdə, 57-si özəl sektorda olmaqla 63 kinozal fəaliyyət göstərib. Bu kinozallardakı yerlərin sayı hesabat dövründə 266 ədəd və ya 2,6% artaraq 10 458-ə, o cümlədən qeyri dövlətdə- 9 111-ə (+326 və ya 3,7%) çatıb.
Keçən il ərzində kinoseanların sayı 79,7 min və ya 76,93% artmaqla 183,3 minə çatıb. Qeyri-dövlət kinoteatrlarında seansların sayı 83,8% artaraq 176,1 min olub. Nümayiş olunan seansların sayında dövlət kinoteatrların xüsusi çəkisi hesabat ilində 8,1%-dən 4,1%-ə düşüb.
Kinoseanslara gələn tamaşaçıların sayı 86 min və ya 6,2% artaraq 1,484 mln. nəfər olub. Dövlət kinotetrlarındakı seanslara gələnlərin sayı 49,6 min və ya 45% azalaraq 60,9 min nəfər olub.
Kinoteatrlarda 25 manatlıq yerlər var
Bu gün ölkəmizdə kinoteatrlar iri əyləncə və ticarət mərkəzlərinin əsas atrebutlarından birinə çevrilib. İnsanlar asudə vaxtlarında eyni məkanda zaman itirmədən alış-verişlərini edib, film seyr etmək imkanı əldə ediblər. Bu, kinoteatr industriyanın inkişafında son vaxtlar qeydə alınan sıçrayışın əsas amillərindən bir olub. Xidmət keyfiyyətinin və qiymətlərin daim təkmilləşdirilməsi bazarda sağlam rəqabətin varlığını labüd edir. Bu bazarda bu cür rəqabət “Cinema Plus” və “Park Cinema” şəbəkələri arasında gedir. Günümüzün ən iri kinoteatrlar şəbəkəsi olan “Cinema Plus” bazarda 11 kinoteatr və 45 kinozalla təmsil olunub. Onun birbaşa rəqibi isə 4 kinoteatr və 23 kinozala sahibdir. Son bir ildə “Park Cinema”nın kinoteatrlarının sayı 7-də 4-ə enib. Ötən dövr “Cinema Plus” üçün regional ekspansiyanın genişləndirilməsi baxımından uğurlu olub. Kinoteatrlar şəbəkəsi Quba, Masallı, Mingəçevir və Şəkidə olmaqla 4 yeni kinoteatr istifadəyə verib. Kinoteatrlardakı qiymətlər isə günün müəyyən saatlarından, həftənin günlərindən, yerlərndən və sair amillərdən asılı olaraq 2,5-25 manat arasında dəyişir.