Azərbaycanla Ermənistana yaxın olan sülh – birbaşa təmaslar bu sevinci tezləşdirər - ŞƏRH

Azərbaycanla Ermənistana yaxın olan sülh – birbaşa təmaslar bu sevinci tezləşdirər - ŞƏRH Sülh, sabitlik, əməkdaşlıq təhlükəsizliyin və rifahın əsasıdır. Torpaqları işğal altında olanda, müharibədən sonra da rəsmi Bakı daim sülh çağırışları edib, hətta bu istiqamətdə İrəvana təkliflər belə göndərib.
Analitika
15 Mart , 2024 13:09
Azərbaycanla Ermənistana yaxın olan sülh – birbaşa təmaslar bu sevinci tezləşdirər - ŞƏRH

Sülh, sabitlik, əməkdaşlıq təhlükəsizliyin və rifahın əsasıdır. Torpaqları işğal altında olanda, müharibədən sonra da rəsmi Bakı daim sülh çağırışları edib, hətta bu istiqamətdə İrəvana təkliflər belə göndərib.

Azərbaycanın bu istəyi olmasa idi, 1994-cü il mayın 12-də atəşkəsə dair "Bişkek protokolu"u imzalanmazdı. Həmin sənəd Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədi daşıyırdı.

Bu, bir daha sübut edir ki, torpaqları işğal altında olan rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub.

Azərbaycan ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edəndən sonra da Ermənistana bir sıra ismarışlar göndərib. Ancaq qarşı tərəf torpaqları geri qaytarmaqdansa müxtəlif bəhanələrlə sülh sazişi və sərhədlərin müəyyənləşməsi prosesini daim uzadıb. Kommunikasiya xətlərinin açılmasını müxtəlif bəhanələrlə əngəlləyib.

Heç şübhəsiz Ermənistanın bu istiqamətdə əməli addımlar atmasında havadarlarının və iki ölkə arasında birbaşa münasibətlərin qurulmasına qarşı olanların da əli var.

İlk növbədə Azərbaycanla Ermənistan arasında sərhədyanı əraziyə Avropa İttifaqı Mülkü Müşahidə Missiyasının cəlb edilməsi tərəflərin bir-birinə inamına əngəl olan başlıca maneədir.

Fevralın 12-də Ermənistan tərəfdən Azərbaycan mövqelərinin həmin ərazidən atəşə tutulması rəsmi İrəvanın ölkədəki silahlı qüvvələrə tam nəzarət edə bilmədiyinin göstəricisi kimi dəyərləndirilə bilər.

Münxen təhlükəsizlik konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüşün keçirilməsi də rəsmi Bakının sülhün əldə edilməsi istəyindən xəbər verir. Həmin görüşün davamı olaraq fevralın 28-29-da iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan Almaniyanın paytaxtı Berlində iki raundlu görüş keçiriblər.

Görüşdə “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” müzakirə olunub.

Bu görüşlərdən sonra baş verən hadisələr də tərəflər arasında yaxınlaşma ehtimalını artırır. Nazirlərin görüşdüyü gün Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahovun azaraq Ermənistan ərazisinə keçməsi və İrəvan məhkəmələrinin ona qarşı əsassız ittihamlarla məhkəmə qurması vəziyyəti ağırlaşdırmışdı. Ancaq martın 5-də əsgərin qaytarılması bu gərginliyin azalmasına təsir göstərdi. O da sonradan məlum oldu ki, belə hallarda əsgərlərin qaytarılmasına dair tərəflər arasında 2018-ci ildən əvvəl razılıq əldə edilib. Ermənistan çox nadir hallarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu hadisə rəsmi Bakının İrəvana etimadının yaranmasına səbəb ola bilər.

Son günlər regionda baş verən hadisələr, Nikol Paşinyan başda olmaqla Ermənistan rəsmilərinin çıxışlarındakı bəzi məqamlar rəsmi İrəvanın da sülh sazişinə can atmaq istəyini göstərir.

Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı iki ölkə arasında sülhə dair mühüm açıqlama verib: “İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”. Dövlət başçısının bu çıxışı həm rəsmi İrəvana, həm də onun havadarlarına, habelə prosesə mane olan qüvvələrə çağırışı, ismarışdır: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmayıb. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

Dövlət başçısı beynəlxalq ictimaiyyətə onu da çatdırıb ki, sülhü bu qədər yaxın edən Azərbaycandır. Başqa sözlə, vasitəçilərin 30 illik fəaliyyəti isə daha çox qarşıdurmaya, işğal müddətinin uzanmasına və başqa bu kimi məsələlərə xidmət edib. Odur ki, Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətin bu istiqamətdə fəallıq göstərməyə çağırıb. Çünki yaranmış vəziyyətdən sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi, normallaşma prosesi üçün istifadə edilməzsə, üçüncü qüvvələr vəziyyəti yenə gərginləşdirə bilər.

Yeri gəlmişkən, Ermənistana qarşı açıqlamalar verən tərəf də yox deyil. Böyük Britaniyanın Baş naziri Rişi Sunak da (Rishi Sunak) forum iştirakçılarına ünvanladığı məktubda sülh məsələsinə toxunaraq bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün tarixi fürsət var. Onun sözlərinə görə, bu ilin noyabrında sülh sazişi imzalandığını görmək sevindirici olardı.

Krallığın hökumət başçısı Azərbaycanla münasibətlərin inkişaf etdiyini vurğulayaraq deyib: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Britaniya Azərbaycanın yanında olacaq”. Rişi Sunak açıqlaması ilə rəsmi Bakının sülh təşəbbüslərini dəstəklədiyini də çatdırıb.

ABŞ da dünyanın aparıcı gücü olaraq prosesdən kənarda qalmayıb. Ştatların Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono bu həftə Azərbaycana səfər edəcək.

Məlumata görə, o, Bakı və İrəvan arasında dayanıqlı sülh sazişinin əldə edilməsi səylərini müzakirə edəcək. Qeyd edək ki, L.Bono İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və başqa rəsmilərlə görüşərək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələləri müzakirə edib.

Beynəlxalq güclərin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına göstərdikləri cəhdi müsbət dəyərləndirmək olar. Ancaq onların bu məsələdə vasitəçiliyi sülh yaranmasına, normallaşma prosesinə daha çox maneə sayılır. Bunu təsdiqləyən 30 illik təcrübə var. Odur ki, hadisələr rəsmi Bakı ilə İrəvanın təkbətək, birbaşa danışıqları və görüşlərin daha etibarlı, səmərəli olduğunu isbatlayır. Azərbaycan və Ermənistan qonşu dövlətdir. Onlar dinc yanaşı yaşamağa məhkumdur. Birbaşa təmaslar tərəflərin problemləri indi və gələcəkdə həll etmələrinin bünövrəsi olar. Perspektivdə iki ölkə arasında yarana biləcək istənilən problemi həll etmək üçün regiona yenə də vasitəçilər gələcək?! Ölkələrin dayanıqlı və uzunmüddətli sülh şəraitində yaşaması üçün birbaşa və vasitəçisiz görüşlər bunun üçün başlıca şərt ola bilər.

O da təsdiqlənib ki, bəzi aparıcı güclərin “təhlükəsizliyə təminatçı” adı atlında fəaliyyəti ara qarışdırmağa xidmət edir. Odur ki, belə layihələri həyat keçirməyə cəhdlər göstərməkdənsə, birbaşa təmaslara yardım edib, Rişi Sunak və onun platformasının dəstəklənməsi sülh sazişinin imzalanması sevincini daha tez yaşadar.

Son xəbərlər

Orphus sistemi