Azərbaycanla Ermənistan arasında imzalanan Əsasnamə: Razılaşmalar üçün əsas - TƏHLİL

Azərbaycanla Ermənistan arasında imzalanan Əsasnamə: Razılaşmalar üçün əsas - TƏHLİL Azərbaycanla Ermənistan arasında ikitərəfli görüşlərin davam etməsinin faydalı olduğu bir daha təsdiqlənir. Son aylar tərəflər arasında təmasların olmamasından müəyyən boşluq yaranmışdı. Bu vəziyyətdən isə müxtəlif qüvvələr istifadə etməyə səy göstərib. B
Analitika
30 Avqust , 2024 13:45
Azərbaycanla Ermənistan arasında imzalanan Əsasnamə: Razılaşmalar üçün əsas - TƏHLİL

Azərbaycanla Ermənistan arasında ikitərəfli görüşlərin davam etməsinin faydalı olduğu bir daha təsdiqlənir. Son aylar tərəflər arasında təmasların olmamasından müəyyən boşluq yaranmışdı. Bu vəziyyətdən isə müxtəlif qüvvələr istifadə etməyə səy göstərib. Belə yalan və saxta informasiyaların yayılmasına bir sıra hallarda rəsmi İrəvan təmsilçilərinin açıqlaması da əsas verib.

İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətlə başlamışdı. Onda belə ehtimal edilirdi ki, tezliklə tərəflər arasında sərhəd məsələsi həll olunacaq və sülh sazişi imzalanacaq.

Ancaq Ermənistanın sürətlə silahlanma istiqamətində fəaliyyətini artırması, o cümlədən ABŞ-nin ona bu sahədə yardımlar etməsi, Azərbaycanla şərti sərhəddə törədilən təxribat, Avropa İttifaqı Mülki müşahidə missiyasının bu hadisəni susquncasına izləməsi, rəsmi İrəvanın həmin hadisələrə əsaslı cavab verə bilməməsi kimi hallar normallaşma prosesi istiqamətində işlərin irəliləməsinə mane olan amillərdəndir.

Azərbaycan isə Ermənistanla münasibətlərin normallaşması istiqamətində xoşməramlı addımlar atmağı davam etdirir.

Rəsmi Bakı Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə demişdi: “Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib”.

O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir: “İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır”.

Rəsmi Bakı iki ay öncə Ermənistana sülh sazişinin imzalanması üçün növbəti təkliflər paketini təqdim edib. Bununla belə, tərəflər arasında ən böyük maneə Ermənistanın işğalçı konstitusiyasıdır. Bu günlərdə ölkənin ədliyyə naziri Qriqor Minasyan əsas qanunla bağlı referendumun 2027-ci ildə keçiriləcəyi barədə verdiyi açıqlama Azərbaycanın haqlı tələblərinin yerinə yetiriləcəyinə ümidləri artırır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu yaxınlarda bildirmişdi ki, iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində işlər davam edir: "Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".

Avqustun 30-da Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanmasına dair xəbər yayılıb. Məlumata görə, respublikalar dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının bu gün yayılan məlumatına görə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb: “Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar”.

Əsasnamənin imzalanması ikitərəfli görüşlərin uğurlu nəticəsi sayıla bilər. Bu, ilk növbədə, Ermənistanın qaydalara əməl etməsi üçün güzgü rolunu da oynaya bilər. Çünki bu ölkənin baş nazir Nikol Paşinyan Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən imtina etdikdən sonra rəsmi İrəvanın yaydığı açıqlama onların sənədlər, danışıqlara münasibətinin göstəricisidir.

Bütün hallarda Əsasnamə və reqlament sərhədlərin müəyyənləşməsi istiqamətində işçi qrupun fəaliyyətini sürətləndirir. Bu, Azərbaycanla Ermənistan arasında imzalanan azsaylı növbəti sənəddir. Rəsmi İrəvan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın bəzi maddələrinə hələ də əməl etməməklə özünü bu istiqamətdə etibarsız tərəf olduğunu göstərib. Ümid edək ki, Ermənistan Əsasnaməyə əməl olunmasında cığallıq nümayiş etdirməyəcək.

Onu da nəzərə almaq lazımdır ki, son günlər Rusiya Prezidenti Vladimir Putin Bakıya dövlət səfəri edib, burada Prezident İlham Əliyevlə regional məsələləri müzakirə edib, habelə Nikol Paşinyanla telefon söhbətində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışıb. Kremlin bu barədə yaydığı açıqlamada qeyd olunub ki, Rusiya tərəfi Ermənistan və Azərbaycana sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin irəli aparılması, habelə nəqliyyat və logistika kommunikasiyalarının açılmasına bundan sonra da yardım göstərməyə hazır olduğunu təsdiqləyib.

Ehtimal etmək olar ki, Azərbaycandakı görüş də Əsasnamənin imzalanmasını sürətləndirib. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ikitərəfli əməkdaşlığın və danışıqların üstünlüyünün göstəricisidir.

İrəvan siyasi iradə göstərib, yan-yörəsinə boylanmasa, normallaşma prosesi gözlənildiyindən də sürətlə gedə bilər. Odur ki, bu Əsasnaməni yeni razılaşmalar üçün əsas saymaq olar.

Son xəbərlər

Orphus sistemi