Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət kursu ilə bağlı vacib bəyanatla çıxış etdi. Dövlət başçısı dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda xarici ekspertlərin suallarını cavablandırarkən bəyan etdi ki, Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının (Aİ) üzvü olmağı hədəfləmir.
Prezident bu kursu izah edərək dedi: “Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir. Yəni, Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək. Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq”.
Dövlət başçısının sözləri bir daha onu göstərir ki, Azərbaycan xarici siyasət kursunda real olmayan işlərdən ötrü haqlı olaraq resurs, güc və zaman xərcləmək istəmir.
Qardaş Türkiyənin uzun illər Avropa İttifaqı ilə bağlı təcrübəsi buna sübutdur. Xüsusilə, Prezident Rəcəb Tayib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyə Aİ üzvlüyü üçün real addımlar atdı, güc sərf etdi, fəal siyasət yürütdü. Amma nəticə olaraq Aİ qapılarını Ankaranın üzünə açmadı. Bir müddət müəyyən bəhanələr gətirilsə də, sonradan tam aydın oldu ki, Türkiyənin Avropa ailəsinə qəbul edilməməsində heç bir siyasi və ya iqtisadi səbəb yoxdur. Ərdoğanın “Avropa İttifaqı qapalı xristian klubudur” bəyanatı bir çox məsələlərə aydınlıq gətirdi. Bu fonda Almaniya, Fransa, Niderland siyasətçilərinin, o cümlədən dövlət başçılarının “Türkiyə heç vaxt Aİ üzvü ola bilməz” tipli ifadələri pazılını tam formalaşdırdı.
Buna paralel olaraq siyasi və iqtisadi cəhətdən Türkiyədən qat-qat geri olan, coğrafi baxımdan ümumiyyətlə Avropa qitəsinə aid olmayan yunan Kipri Aİ-yə üzv qəbul edildi.
Ümumiyyətlə, Aİ yaradılarkən məqsəd Qərbi Avropada olan ölkələr arasında vahid xarici siyasət kursunun aparılması, iqtisadi siyasətin uyğunlaşdırılması, vətəndaşların üzv ölkələrə gediş-gəlişinin rahatlaşması idi. Sonradan Şərqi Avropa ölkələri özlərini Rusiyadan qorumaq üçün NATO və Aİ-yə üzv olmağa can atdılar və Brüssel də Aİ-nin genişlənməsini özünün əsas strategiyası kimi elan etdi. Postsovet ölkələri olan Gürcüstan, Ukrayna, Moldovanın ittifaqa üzvlüyə cəhdi isə daha çox prestij məsələsidir. Brüsselin bu ölkələrə təsəlli olaraq vizasız rejim tətbiq etməsi, kobud çıxsa da, bir növ “itə atılan sümük” təəssüratı yaradır. Maraqlıdır ki, Gürcüstan və Ukrayna birmənalı Qərb siyasəti nəticəsində torpaqlarının bir hissəsindən məhrum olsa da, Brüssel bu ölkələri vizasız rejimin ləğvinin mümkünlüyü ilə şantaj etməkdən də çəkinmir.
Bütün bu deyilənlər fonunda rəsmi Bakının özünün xarici siyasət prioritetlərini dəqiq formalaşdırması ətraf ölkələrdə baş verən proseslərdən düzgün nəticə çıxarmasının nəticəsidir. Aİ üzvlüyünə boşuna sərf edilən gücü ölkənin xarici siyasət kursunun prioritet sayılan istiqamətlərinə daha da effektiv yönəltmək olar.
Sirr deyil ki, Avropa Azərbaycanı tərəfdaş kimi görsə də, ailə üzvü kimi nəzərdən keçirmir və bu yanaşmanın nə vaxtsa dəyişəcəyi inandırıcı deyil. Nəticəsi əvvəlcədən mənfi olacağı məlum olan işə baş qoşmamaq Azərbaycanın xarici siyasətdə praqmatik kursa riayət etdiyinin göstəricisidir.
Rəsmi Bakı Aİ ilə əməkdaşlıq etməkdə maraqlıdır və prezident də bunu açıq elan edib. Tərəflər ikitərəfli münasibətləri yeni mərhələyə daşıyacaq müqavilə üzərində müzakirələri davam etdirirlər. Məhz belə praqmatik yanaşma Azərbaycanı yuxarıda adları çəkilən postsovet ölkələrindən fərqləndirir və məhz belə praqmatik siyasət 30 ilə yaxın davam edən separatizm probleminin həllinə yardımçı oldu.
“Çağırılan yeri ar, çağırılmayan yeri dar eləmə” kimi atalar sözümüz var. Avropa dillərinə bunun tərcüməsi yəqin ki, çətin olar. Bu ifadədən fərqli olaraq, Prezident İlham Əliyev hamının anladığı dildə, açıq şəkildə bəyan etdi: “Aİ hədəfimiz deyil”.
“Report” analitik qrupu