Azərbaycanın Kəbəsi - Şuşa

Azərbaycanın Kəbəsi - Şuşa Kəbəni ziyarət hər bir inanclı müsəlmanın ən böyük arzusudur.
Analitika
28 Dekabr , 2021 15:19
Azərbaycanın Kəbəsi - Şuşa

Kəbəni ziyarət hər bir inanclı müsəlmanın ən böyük arzusudur. Bu səbəbdən insanlar müqəddəs Məkkə və Mədinə şəhərlərinə böyük sevgi, həvəslə səfər edirlər. Həmin ziyarətdən qayıdanlar səfər təəssüratından danışmaqdan yorulmur və bu ziyarətdən sevərək bəhs edirlər.

Belə ovqat böyük sevgi yarada bilir. Ziyarətçilərin hissini, həyəcanını, emosiyasını yaşamaq, anlamaq üçün inamlı olub, vətənini sevmək bəs edir. “Vətəni sevmək də imandandır” buyurulub. Torpağı sevmək, onu qorumaq, ondan pay verməmək, onu əkib-becərmək vəsiyyət edilib.

İşğaldan təmizlənən Vətən torpaqlarını ziyarət edənlərdə doğma hisslər yaranır.

Dekabrın 27-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yerli kütləvi informasiya vasitələrinin bir qrup təmsilçisi Şuşaya səfər edib.

Azərbaycanı sevənlər, Kəbəni ziyarət edənlər bu möhtəşəm şəhərin dəyərini bilər. Bu şəhər barədə kiçik məlumat vermək istərdim. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. İlk dövrdə bura xanın şərəfinə Pənahabad adlandırılıb. Şuşa 17 məhəllədən ibarətdir: Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəlləsi. Hər məhəllədə hamam, məscid və bulaq olub. XVIII əsrdə Şuşa Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilib. Burada “Pənahabadi” adlanan gümüş sikkə zərb edilib.

XIX əsrin sonu və XX əsrin əvvəllərində isə Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Ona “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Cənubi Qafqazın konservatoriyası” adı verilib.

Şuşanın gözəlliyi və möhtəşəmliyi düşmənlərin gözünə girib. Havadarlarının köməyi və dəstəyi ilə ermənilər bu şəhəri 1905, 1920 və 1992-ci illərdə üç dəfə yandırıblar.

Bu şəhər həm də qazidir. Bu şəhərdə ermənilərin Azərbaycan və azərbaycanlılara qarşı iddia, eləcə də müharibələrinin yaraları var. Hər addımda bu yaraları görmək olur.

Şuşa onu sevənlərin sayəsində yaralarını tez sağaldır. Ermənistan 30 ilə yaxın işğal zamanı Azərbaycanın rayon və kəndlərini viran qoyub, məhv edib. Görünür, Şuşanın əzəməti və gözəlliyindən onu öldürməkdən qorxub. Bu qazi şəhəri yaralamaqla özünə tabe etmək, murdarlamaq istəyiblər. Ancaq təmizlik və paklıq murdarlığı götürmür. Düşmənin murdarlıq və hiylə ilə qurmaq istədikləri özündən əvvəl dağıldı. Şuşa təmiz olduğundan özünü bu çirkinlikdən Azərbaycanın qəhrəman oğulları tərəfindən təmizləndi. Müqəddəs şəhərin əraziləri murdarlığı götürmədi, qəbul etmədi.

Şuşa azərbaycanlı xanın qaya üzərində tikdirdiyi milli memarlıq incisidir. Bu şəhərin hər yerində şəhid ruhları dolanır. Azərbaycan əsgəri, Ali Baş Komandanın qətiyyəti nəticəsində Şuşanı dişi və dınağı ilə azad edib.

Şuşa Azərbaycanın milli azadlıq mübarizəsinin rəmzidir. Ölkə inkişaf edəndə, müstəqil olanda düşmənlər həmişə onu ələ keçirməyə can atıblar. Sanki Şuşa Azərbaycanın ruh mərkəzi olub. Düşmən Şuşaya zərbə vurmaqla Azərbaycanı sındırmaq, əzmək, aşağılamaq istəyib. 28 il 6 aylıq ayrılıqda Azərbaycan ictimaiyyəti bunu yaşadı. Şuşasız Azərbaycan çox yaraşıqsız görünürdü. O, Vətən Azərbaycanın bəzəkli, gözəl övladıdır. Düşmən bu zərifliyi, gözəlliyi məhv etməklə Azərbaycana və azərbaycanlılara mənəvi zərbə vurmağa çalışıb.

Şuşanı başı dik, vüqarlı, yaraları sağalmaq üzrə olan, daha arxayın, ümidli, sevimli və sevgili gördük.

Bir də Xankəndi, Xocalı və Xocavəndin indiki sakinləri ilə birlikdə ondan aşağıda yerləşməsi Şuşanın əzəmətini göstərirdi.

Şuşa Azərbaycan mədəniyyətinin Kəbəsidir. Şuşa Azərbaycanın azadlığı və suverenliyinin simvoludur. Şuşa Azərbaycanın ərazi bütövlüyünün göstəricisidir.

Gələn il bu şəhərin 270 yaşı tamam olur. Tarixin yaşı ilə müqayisədə gənc, Azərbaycanın milli dövlətçiliyi tarixi ilə müqayisədə müdriklik təcəssümü olan bu şəhər dünya mədəniyyətinin bir incisi olduğunu da sevənlərinə göstərəcək.

Şuşanın giriş qapısından aşağıda qurulan sülhməramlı postu yada salmağın da yeri var. Noyabrın 13-də bu postda terrorçu erməninin törətdiyi cinayət, onun sülhməramlılar tərəfindən tutularaq sonra sərbəst buraxılması da yaddan çıxan, yaxud çıxarılan mətləblərdən deyil. Axı sülhməramlı 366-cı motoatıcı alayın Xocalıda törədilən soyqırımda oynadığı rol da unudulmayıb. Bu hadisə tarixin üzqaralarındandır.

Şuşanı ziyarət etmək həm də şəhid ruhlarını xatırlamaqdır. Azərbaycanın mədəniyyət, suverenlik, milli birlik, ərazi bütövlüyünün Kəbəsini ziyarət etmək bir borc, bir vəzifədir. Ziyarətiniz, ziyarətimiz mübarək!

İngilis versiyası Kaaba of Azerbaijan - Shusha

Son xəbərlər

Orphus sistemi