Azərbaycanın investisiya şirkətlərinin məcmu xalis mənfəəti 43% artıb - İCMAL
- 03 iyul, 2018
- 07:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 7 investisiya şirkətinin 2017-ci ildə məcmu əməliyyat gəlirləri 7,934 mln. manat təşkil edib.
“Report”un məlumatına görə, bu, 2016-ci ilə nisbətən 66,4% çoxdur.
Hesabat ilində şirkətlərin məcmu əməliyyat xərcləri isə 56,6% artaraq 6,336 mln. manat olub. Onlardan 6-nın gəlirləri, 5-nin isə xərcləri artıb.
Son nəticədə ötən ilin yekununda investisiya şirkətlərinin əməliyyat mənfəəti 1,597 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. 7 şirkətdən yalnız 4-ü əməliyyat mənfəəti əldə edə bilib.
Hesabat dövründə şirkətlərin digər xərcləri isə 48 min manat olub (bundan əvvəl 332 min manat digər gəlirləri olmuşdu).
Beləliklə, 2017-ci ildə investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 1,549 mln. manat təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 47,2% çoxdur. Ötən il şirkətlər əvvəlki illə müqayisədə 60,8% çox – 422 min manat mənfəət vergisi ödəyib. Bununla da, 2017-ci ildə investisiya şirkətlərinin məcmu xalis mənfəəti 1,127 mln. manat olub ki, bu da 2016-cı ilə nisbətən 42,8% çoxdur.
7 maliyyə qurumundan yalnız 1-i “Kapital Menecment İnvestisiya Şirkəti” ASC ötən ili zərərlə, qalan 6 şirkət isə mənfəətlə başa vurub.